İSGƏNDƏROV Əlabbas Qara oğlu

AĞAYEV Bəylər Tapdıq oğlu
QƏHRƏMANOV Fariz Çoban oğlu
ATAKİŞİYEV İntiqam Vahid oğlu

İSGƏNDƏROV Əlabbas Qara oğlu (25.7.1958, Ağdam r-nunun Kürdlər k. – 4.3.1992) – Azərbaycanın Milli Qəhrəmanı (13.8.1992, ölümündən sonra).

25 iyul 1958-ci ildə Ağdam rayonunun Kürdlər kəndində doğulmuşdur. O, Kolanı obasında qoçaqlığı, əyilməzliyi ilə ad-san çıxaran, hələ sovet dövlətinin kəshakəs vaxtında belə bu hökumətə arxa çöndərən, onun əlinə yaxa verməyən qaçaq Zallar Arazın yaxın qohumu idi.

Orta məktəbi doğulduğu kənddə bitirmişdi. Yaşıdları arasında böyük hörməti var idi. Əlabbas 18 yaşının tamamında ordu sıralarına çağırılır. Hərbi xidmətdən qayıtdıqdan sonra bir müddət təsərrüfatda çalışır. Zəhmətkeş, torpağa bağlı bir insan olduğunu nəzərə alaraq onu İcarə kollektivinə başçı seçirlər.

O, torpaqlarımızın işğalı ilə heç cür barışa bilmirdi. 1991-ci ilin noyabr ayında Ağdamda özünümüdafıə dəstəsi yaradılanda ona ilk yazılanlardan biri də Əlabbas olur. Ə. İsgəndərov dəstənin ən igid, ən qorxmaz kəşfiyyatçılarından hesab olunurdu. O, ən çətin tapşırıqları məharətlə yerinə yetirir, düşmənin strateji əhəmiyyətli mövqelərinin vaxtında zərərsizləşdirilməsi üçün canını belə əsirgəmirdi.

1992-ci ilin fevralında bir ay mühasirə şəraitində qalan Umudlu kəndi hərbi vertolyotların köməyi ilə boşaldılırdı. Axıra qalmış 40 nəfər döyüşçünün həyatını xilas etmək üçün vertolyotun kəndə enməsinə düşmən imkan vermirdi. Əlabbas bütün məsuliyyəti öz üzərinə götürdü. Gecənin qaranlığında həmin döyüşçüləri ağlagəlməz bir dərəylə sağ-salamat mühasirə zolağından çıxara bildi. Səhər açılınca onlar artıq xeyli aralıdaydılar.

4 mart 1992-ci il… Ə. İsgəndərovun son döyüşü. Düşmən ağır texnika ilə Qazançı kəndinə hücuma keçdi. Mahir kəşfiyyatçı öz dəstəsi ilə kəndin qəbristanlığı istiqamətindən irəli atılır. Az keçmir ki, düşmənin ətrafında tutduğu mövqelər ələ keçrildi. Hələ döyüş bitməmiş, düşmən məhv edilməmişdi. Elə bu an qarşı evlərin birindən döyüşçülərimiz güllə yağışına tutuldu. Əlabbas buna əhəmiyyət verməyərək irəliləyirdi. Birdən bütün vücudunu bir istilik bürüdü müvazinətini saxlaya bilməyib yerə yıxıldı. Güclə özünü toparlayıb son dəfə döyüşçülərimizin zəfər yürüşünə baxdı. Sonra əbədi olaraq gözlərini yumdu.

Ailəli idi. Üç övladı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 13 avqust 1992-ci il tarixli 135 saylı fərmanı ilə İsgəndərov Əlabbas Qara oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Ağdam Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr). Bakı, 2010, səh. 140-141