İsrailli jurnalistlər Azərbaycanın erməni işğalından azad olunan ərazilərində səfərdədirlər

2021-ci il Azərbaycanda “Nizami Gəncəvi İli” elan edilib
Əfqan Nifti: “Ermənistan tərəfinin qəsdən və niyyətli olaraq ərazilərin yaşanılmaz hala gətirilməsi gördük”
Nazirlər Kabineti xüsusi karantin rejimində təhsilin təşkili barədə qərar qəbul edib

İsrailli jurnalistlər Ağdamda ermənilərin dağıtdıqları məscidlərdə olublar.

AZƏRTAC xəbər verir ki, “Israel Hayom” qəzetinin müxbiri Din Şmuel Elmas, “The Jerusalem Post” və “The Jewish Press” nəşrlərinin siyasi şərhçisi, “İsraildə Azərbaycan Evi”nin icraçı direktoru Arye Qut Ağdamın Cümə məscidində və Qiyaslı kəndindəki məsciddə olub, Azərbaycanın mədəni və tarixi irsinə qarşı ermənilərin vəhşicəsinə rəftarının dəhşətli nəticələrinə münasibət bildiriblər.

İsrailli jurnalistlər ermənilərin məscidlərdə törətdikləri vandallıq və neonasizmin canlı şahidinə çevrilib, həmçinin digər dağıdılmış yerlərdə olublar.

Arye Qutun sözlərinə görə, Ağdam 27 il amansız erməni işğalından sonra “kabus şəhər”ə çevrilib.

O deyib: “1990-cı illərin əvvəlində Ermənistan azərbaycanlı əhaliyə qarşı etnik təmizləmə apararaq, Dağlıq Qarabağı işğal edib. Azərbaycanın bir milyondan çox vətəndaşı öz doğma yurdlarını tərk etmək məcburiyyətində qalıblar. Azərbaycanın Dağlıq Qarabağ və ona bitişik yeddi rayonu, – bu isə əzəli Azərbaycan ərazilərinin 20 faizi deməkdir, – Ermənistan tərəfindən işğal edilib, dağıdılıb və məhv edilib.

Bu gün mən ermənilərin 29 il bundan əvvəl o dəhşətli, müdhiş və soyuq gecədə Ağdamın yaxınlığında – Xocalıda azərbaycanlıları məhv etdikləri yeri ilk dəfə yaxından gördüm. Dostum Şmuellə bərabər Ağdamda Xocalı soyqırımı qurbanlarının dəfn olunduğu qəbiristanlığı ziyarət etdim. Xocalıda törədilən soyqırımında bir gecədə 613 azərbaycanlı qətlə yetirilib, 487 nəfər yaralanıb, 1275 dinc sakin əsir götürülərək təhqir və alçaldıcı hərəkətlərə məruz qalıblar. Bu, dəhşətli və dözülməz mənzərə idi.

Bu insanların yeganə “təqsiri” onların azərbaycanlı olmalarında idi. Erməni vandallar qəbiristanlıqları dağıdıb və murdarlayıb, alçaldılmış və təhqir edilmiş soyqırımı qurbanlarının qəbirlərini sökərək, dişlərində qızıl tapmaq ümidi ilə cəsədləri çıxarırdılar. Siz özünüz baxıb əmin ola bilərsiniz ki, onlar qəbirüstü abidələrdəki şəkilləri snayper silahı ilə yaxın məsafədən necə atəşə tutublar. Sanki onlar artıq həyatda olmayan azərbaycanlılardan da qorxurdular. Bu, ermənilərin heç yerə sığmayan nifrətinin və qəzəbinin sübutudur.

Ermənistanın qabaqcadan düşünülmüş siyasəti – işğal edilmiş ərazilərdə Azərbaycanın mədəni və dini irsinin məhv edilməsi, dağıdılması, təhqir olunması nəticəsində memarlıq abidələri, mədəni və tarixi abidələr, məscidlər və nadir əlyazmalar məhv edilib və erməni vandallığına məruz qalıb. Dünya birliyinin, beynəlxalq təşkilatların bu vəziyyətə etinasız yanaşmağa haqları yoxdur. Dünya bu həqiqətdən xəbərdar olmalıdır və biz mütləq Azərbaycana kömək edəcəyik”.

Bu gün israilli jurnalistlər erməni işğalından azad olunmuş Füzuli, Cəbrayıl və Zəngilana səfər edəcəklər.

AZƏRTAC