İstanbulda İƏT-in Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı mövzusunda məsul nazirlərin 8-ci Konfransı keçirilir

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Xocalı şəhərinə köçən sakinlərlə görüşüblər
Diasporla İş üzrə Dövlət Komitəsi dünya azərbaycanlılarına müraciət edib
“Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim planı”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Oktyabrın 27-də İstanbulda İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Qida Təhlükəsizliyi və Kənd Təsərrüfatının İnkişafı mövzusunda məsul nazirlərin 8-ci Konfransı keçirilir.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri Bekir Pakdemirli tədbirin məqsədinin mövzu ilə bağlı problemlərin həlli yollarının axtarışını İslam dünyasının gündəmində tutmaq və bu məsələnin əhəmiyyətini vurğulamaq olduğunu bildirib.

Türkiyənin əhəmiyyətli bir aqrarı ölkə olduğuna diqqət çəkərək nazir ölkəsinin bu sahə üzrə hər cür əməkdaşlığa hazır olduğunu, ölkələr arasında bütün səviyyələrdə sıx əməkdaşlığın vacibliyini vurğulayıb. Qeyd edilib ki, xüsusilə mövcud pandemiya dövründə təhlükəsiz və etibarlı qida istehsalı mühüm əhəmiyyət kəsb edir.

Tədbirdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın konfransa videomüraciəti nümayiş etdirilib.

Türkiyə Prezidenti videomüraciətində dünya əhalisinin sayının artdıqca, qidaya qlobal tələbatın da günü-gündən artdığına diqqət çəkib.

Bildirilib ki, təbii fəlakətlər, su qıtlığı, meşə yanğınları, daşqınlar, quraqlıq kimi bir çox iqlim dəyişikliyinin mənfi fəsadları da qida ehtiyatlarını məhv edir. Bütün dünyada istehsal xərcləri artsa da, xüsusilə cəmiyyətin imkansız təbəqələri ərzaq məhsulları əldə etməkdə çətinlik çəkir. Təhlükəsiz qida təmini bu gün bəşəriyyətin əsas gündəm məsələlərindən birinə çevrilib.

Dünya əhalisinin təxminən 10 faizinin aclıq təhlükəsi ilə qarşılaşdığını vurğulayan Prezident Ərdoğan pandemiyanın kənd təsərrüfatında tələb-təklif balansını pozaraq tədarük zəncirlərində fasilələrə səbəb olduğunu deyib.

Bildirilib ki, bu vəziyyət qlobal miqyasda mövcud ərzaq probleminin daha da dərinləşməsinə səbəb olub. Birləşmiş Millətlər Təşkilatının hesabatları göstərir ki, dünya əhalisi arasında aclıqdan əziyyət çəkənlərin sayı ötən illə müqayisədə bu il artıb.

Prezident Ərdoğan geniş əkin sahələri, əlverişli coğrafi və iqlim şəraiti ilə bir çox kənd təsərrüfatı məhsullarınin istehsalçısı kimi dünya lideri olan Türkiyənin təcrübə və imkanlarından faydalanmağa çağırıb.

AZƏRTAC