İstanbulda keçirilən beynəlxalq festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası təqdim edilir

Prezident İlham Əliyev bu gün İstanbulda Qırğızıstan Prezidenti ilə görüşüb
Heydər Əliyev Fondunun dəstəyi ilə Pekində “Nizami Gəncəvi – bütün bəşəriyyətin şairi” adlı tədbir keçirilib
İntensiv yağıntılar nəticəsində bəzi yerlərdə ekzogen-geoloji proseslərin dinamikasında aktivlik müşahidə olunur

İstanbulda “Dünyadakı tək davamlı enerji insan yaradıcılığımıdır?” mövzusunda “IDSF-22” Beynəlxalq Rəqəmsal İncəsənət Festivalı keçirilir.

AZƏRTAC xəbər verir ki, festival Türkiyənin ilk süni intellekt kuratoru “Avind”, qardaş ölkənin Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin İstanbuldaki Baş konsulluğu, “PAŞA Bank” və “Mezo” Rəqəmsal İncəsənət Qrupunun birgə təşkilatçılığı ilə baş tutub.

Festivalda Azərbaycanın ilk süni intellekti “Şuşa”nın kompozisiyası təqdim edilir. Kompozisiyada Vətənimizin tarixi mədəniyyət beşiyi olan Şuşanın qədim köklərə malik incəsənət nümunələri – tarixi xalçalar, milli musiqilərimizdən ibarət parçalar süni intellekt vasitəsilə canlandırılır. “Şuşa” adı verilən süni intellekt zalında Qarabağa xas xalça motivləri incələnərək insan əli dəymədən yenidən toxunaraq izləyicilərə təqdim olunub.

Festivalın rəsmi açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı Baş konsulu Nərminə Mustafayeva, “PAŞA Bank”ın Baş direktoru və İdarə heyətinin üzvü Cenk Eynehan və Türkiyənin mədəniyyət və turizm nazirinin müavini Ahmet Misbah Demircan belə bir tədbirə dəstək verməkdən məmnunluq hissi keçirdiklərini ifadə ediblər. Rəqəmsallaşmanın insan həyatındakı rolundan danışan çıxışçılar gələcəkdə bir çox sahələrin məhz süni intellekt üzərində qurula biləcəyini qeyd ediblər.

Festival çərçivəsində “Şuşa” kompozisiyasının təqdim olunmasının bir azərbaycanlı olaraq bizim üçün xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayan Baş konsul deyib: “Mövzu “Şuşa” olduqda bizim üçün bütün axan sular dayanır. Çünki, Şuşa azərbaycanlılar üçün çox özəldir, bizim qəlbimizdə oranın xüsusi yeri var. Necə ki, Azərbaycanı Qarabağsız təsəvvür etmək olmaz, elə də təbii ki, Qarabağı Şuşasız təsəvvür etmək mümkünsüzdür. Qədim torpağımız olan Şuşanın Azərbaycanın milli-mədəni irsinin zənginləşməsində xüsusi rolu var. Bizim əksər dahi şəxsiyyətlərimiz, sənətçilərimiz, bəstəkarlarımız, yazıçılarımız və daha bir çox tarixi şəxsiyyətlərimiz Şuşanı bizə miras olaraq qoyublar. Ümid edirəm ki, bu festivalda təqdim olunan “Şuşa” kompozisiyası Şuşamızın ölməz, savaşçı ruhunu özündə əks etdirə biləcək”.

Ümumilikdə 13 süni intellektin iştirak etdiyi festivalda animasiyalar üzərinə səsli və hərəkətli canlandırma, insan hərəkətlərini rəqəmsal dillə izah edən proqramlaşdırma, modelləşdirmə, incəsənət, foto və videoqrafiya, habelə texnoloji üstünlüklərin idarəedilməsində süni intellektin rolundan bəhs edən stendlər qurulub. Həmçinin görüntülərin ingiliscə başda olmaqla, müxtəlif xarici dillərdə səsə çevrilməsini reallaşdıran süni intellekt məhsulları da nümayiş olunur.

Qeyd edək ki, festival iyunun 12-dək davam edəcək.

AZƏRTAC