İstanbulda Türk Şurasının mediaforumu işə başlayıb

Hikmət Hacıyev: Ermənistan xaricdə QHT və xeyriyyə təşkilatları adı altında fəaliyyət göstərən erməni diasporunu səfərbər edərək öz ordusuna maliyyə vəsaitləri cəlb edir
Prezident İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə amnistiyanın elan olunması təşəbbüsü ilə çıxış edib
MDB dövlətlərinin əmək, məşğulluq və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasına sədrlik bir illik müddətinə Azərbaycana keçib

Oktyabrın 22-də İstanbulda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) mediaforumu öz işinə başlayıb.

Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya İdarəsi tərəfindən “Köklü keçmiş, güclü gələcək” şüarı ilə keçirilən tədbirdə türk dünyasında media, serial və film sektorlarında əməkdaşlıqların inkişafı, sosial media və dezinformasiyaya qarşı birgə mübarizə yolları müzakirə ediləcək.

Foruma Türk Şurasına üzv ölkələr – Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan, habelə müşahidəçi ölkələr Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətindən olan media nümayəndələri, akademiklər, dövlət qurumlarının və özəl təşkilatların yüksəkvəzifəli şəxsləri, sosial media təmsilçiləri, universitet tələbələri olmaqla 500-dən çox iştirakçı qatılıb.

Ölkəmiz mediaforumda Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin rəhbərlik etdiyi geniş nümayəndə heyəti ilə təmsil olunur. Nümayəndə heyətinin tərkibinə bir sıra dövlət rəsmiləri, elm ocaqlarının və media qurumlarının təmsilçiləri daxildir.

Forumda “Birlikdən doğan Zəfər: Qarabağ” mövzusunda keçiriləcək paneldə Qarabağ Zəfəri ilə nəticələnmiş 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan ilə Türkiyə arasındakı güclü həmrəyliyin bütün türk dünyası ölkələri arasında da nümayiş olunmasının vacibliyi vurğulanacaq, bütün sahələr üzrə əlaqələrin daha da inkişaf etdirilməsi istiqamətində atılacaq birgə addımlar müzakirə olunacaq.

Bundan əlavə, tədbirdə “Ortaq mədəni gələcək: Türk dünyasında serial və film sektoru”, “Keçmişdən gələcəyə türk dünyası birliyi”, “Türk dünyası olaraq gələcəyin qurulması” və bu kimi digər mövzularda panellərin keçirilməsi nəzərdə tutulur.

Forum oktyabrın 24-dək davam edəcək.

AZƏRTAC