Azərbaycanın İtaliyadakı səfirliyi və İtaliya parlamentində Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının birgə təşkilatçılığı ilə oktyabrın 18-də İtaliya Senatının “Palazzo Giustiniani” sarayında “Azərbaycan və İtaliya arasında 25 illik əməkdaşlıq: strateji tərəfdaşlığa aparan yol” adlı konfrans keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Azərbaycan ilə İtaliya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə il ərzində təşkil olunmuş silsilə tədbirlərdən biri olan və Azərbaycanın Dövlət Müstəqilliyi Gününə təsadüf edən bu konfransda İtaliya parlamentinin, hökumətinin üzvləri, elmi-akademik dairələrin, ölkədə akkreditə olunan diplomatik korpusun, kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə İtaliya Senatının vitse-prezidenti Linda Lançilotta açaraq iki ölkə arasında təşəkkül tapmış strateji tərəfdaşlıqdan məmnunluğunu bildirib, əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahəsində inkişaf dinamikası, iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi imkanları, habelə parlamentlərarası təmasların Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb.
İtaliya parlamentində Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədri senator Sercio Divina iki ölkə arasında münasibətlərin hazırkı yüksək səviyyəsinə nail olunmasına parlamentlərarası əməkdaşlığın, xüsusilə də rəhbərlik etdiyi assosiasiyanın verdiyi töhfələrdən söz açıb, eləcə də Azərbaycanın geostrateji önəmindən, xüsusilə də İtaliya üçün əhəmiyyətindən, ölkəmizdə müxtəlif sahələrdə əldə olunan uğurlardan bəhs edib.
Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli çıxış edərək Azərbaycan-İtaliya münasibətlərinin tarixindən, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıqdan, qarşılıqlı səfərlərdən, Heydər Əliyev Fondunun əlaqələrinin inkişafına verdiyi töhfələrdən, parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, habelə ölkəmizin müstəqillik dövründə əldə etdiyi nailiyyətlərdən, eləcə də Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən danışıb.
Tədbirə Bakıdan videokonfransla qoşulan İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massari tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında strateji tərəfdaşlığın önəmini vurğulayıb, Azərbaycanın İtaliya üçün əhəmiyyətindən, əlaqələrin daha da dərinləşdirilməsi üçün mövcud imkanlardan bəhs edib.
Sonra Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə çıxış edərək Azərbaycan ilə İtaliya arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəlməsinə aparan yol, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, o cümlədən Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri zamanı qəbul olunmuş strateji tərəfdaşlıq haqqında birgə bəyanat, geniş iqtisadi gündəlik, mədəniyyət, elm, təhsil sahələrində önəmli mübadilələr, bu xüsusda Heydər Əliyev Fondunun töhfələri, əlaqələrin perspektivləri, Trans Adriatik Boru Kəməri (TAP), gələn il İtaliyanın ATƏT-ə sədrliyinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə verə biləcəyi töhfələrlə bağlı gözləntilərimiz, Azərbaycan-İtaliya əlaqələrinin 25 illiyinin qeyd edilməsi çərçivəsində təşkil olunmuş tədbirlər barədə danışıb.
Bundan sonra konfrans iki ölkə arasında siyasi, iqtisadi və mədəniyyət sahələrində münasibətlərə dair panellərlə davam etdirilib.
Siyasi paneldə ilk olaraq çıxış edən İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova iki ölkə arasında bütün sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələr, İtaliya-Azərbaycan strateji tərəfdaşlığı, əlaqələrin daha da dərinləşməsi üçün İtaliya hökumətinin göstərdiyi səylər, TAP-ın İtaliya üçün strateji əhəmiyyəti, onun nəzərdə tutulan qrafik üzrə realizasiyası üçün hökumətin atdığı addımlar, Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının daha da dərinləşməsinin İtaliya tərəfindən tam dəstəklənməsi barədə danışıb, habelə gələn il ATƏT-in sədri kimi İtaliyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək üçün çalışacağını bildirib.
İtaliya Senatının Avropa İttifaqı siyasəti daimi komissiyasının sədri Vanino Kiti də öz çıxışında Azərbaycan-Avropa İttifaqı əlaqələri və bu əlaqələrin genişlənməsinə İtaliyanın verə biləcəyi töhfələrə toxunub, ötən il rəhbərlik etdiyi komissiyanın üzvləri ilə birgə Azərbaycana etdiyi səfər və keçirdiyi görüşlər, ölkəmizlə bağlı müsbət təəssüratları barədə danışıb.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev müstəqilliyinin ilk illərində Azərbaycanın üzləşdiyi çətinlikləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və münaqişənin həlli prosesi, ölkəmizin beynəlxalq münasibətlərdə artan nüfuzu, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsasda yürütdüyü müstəqil xarici siyasəti, siyasi, iqtisadi, sosial və digər sahələrdə ölkəmizin əldə etdiyi uğurlar barədə danışıb. O, Azərbaycanın radikalizm, ekstremizm, terrorizm və qanunsuz miqrasiyaya qarşı mübarizənin ön xəttində yerləşdiyini və regionun sabitlik və təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığını qeyd edib, Avropa İttifaqı və İtaliya ilə əməkdaşlığın inkişaf perspektivlərinə toxunub. Avropa İttifaqı ilə strateji tərəfdaşlığa dair saziş layihəsi üzrə danışıqların intensiv şəkildə davam etdirildiyini diqqətə çatdırıb.
İqtisadi sahədə əlaqələrlə bağlı paneldə ilk olaraq çıxış edən SOCAR-ın vitse-prezidentinin müavini Vitaliy Bəylərbəyov əsas etibarilə iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsi, bu layihənin İtaliya üçün əhəmiyyəti, habelə Azərbaycanın neft-qaz, neft-kimya sahələrində İtaliya şirkətlərinin fəaliyyəti mövzularına toxunub.
SNAM şirkətinin baş icraçı direktoru Marko Alvera TAP layihəsinin realizasiyası çərçivəsində görülən işlərdən, bu layihənin İtaliya və Avropanın enerji təhlükəsizliyinə verəcəyi töhfələrdən, SNAM ilə SOCAR arasında strateji tərəfdaşlıq mövzularından bəhs edib.
Mədəniyyət sahəsində əlaqələrlə bağlı paneldə çıxış edən İtaliyanın mədəniyyət nazirinin müavini Antimo Çezaro Azərbaycan-İtaliya arasında mədəniyyət sahəsində əməkdaşlıqdan, bu xüsusda Heydər Əliyev Fondunun verdiyi töhfələrdən, Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak üçün bu il Azərbaycana etdiyi səfərdən və ölkəmizlə bağlı xoş təəssüratlarından danışıb.
Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının üzvü senator Maria Rizzotti Azərbaycanın zəngin mədəniyyəti, müsəlman aləmində ilk dəfə olaraq məhz Azərbaycanda Avropa mədəniyyəti irsinin formalaşması, ölkəmizdə qadınların önəmli rolu, xalqımızın multikultural ənənələri barədə danışıb.
Çıxış edən senator, sabiq təhsil naziri Stefania Ciannini ötən il İtaliyanın təhsil naziri qismində ölkəmizə həyata keçirdiyi səfər zamanı Azərbaycanda təhsil sahəsində həyata keçirilən dövlət siyasəti ilə tanış olması, iki ölkə arasında təhsil, elmi-tədqiqat sahələrində əməkdaşlıq və onun daha da genişləndirilməsi imkanları barədə fikirlərini bölüşüb.
İtaliya Daxili İşlər Nazirliyinin İtaliya İslam Şurasının müşaviri, İtaliya İslam Dini Şurasının (CO.RE.İS.) sədr müavini, ISESCO-nun Qərbdə Təhsil və Mədəniyyət Şurasının sədri Yəhya Pallaviçini Azərbaycanın multikulturalizm modeli və bu modelin dünya üçün nümunə olduğundan danışıb, ölkəmizin dünyada dinlər və mədəniyyətlərarası dialoqun təşviqindəki önəmli rolundan, bu xüsusda ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərdən bəhs edib.
Tədbirdə son olaraq çıxış edən İtaliya Senatının Maliyyə və Xəzinə daimi Komissiyasının sədri, Azərbaycanın dostları parlamentlərarası assosiasiyasının sədr müavini Mauro Marino konfransın yekunları ilə bağlı fikirlərini bölüşüb, iki ölkə arasında əməkdaşlıqda əldə edilmiş nailiyyətlərin davamlılığının təmin edilməsi üçün müxtəlif sahələrdə mövcud böyük potensialdan faydalanmağın vacibliyini, o cümlədən İtaliya üçün prioritet əhəmiyyət kəsb edən TAP layihəsinin realizasiyasının önəmini qeyd edib.