İtalyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında olub

Xankəndidə VII ADA Siyasi Forumu öz işinə başlayıb 
Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikasının Ali Baş Komandanı cənab İlham Əliyevə
Ramazan bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə təşkil olunan “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ DUY” festivalı çərçivəsində italyan heykəltaraş Cüzeppe Karta Azərbaycan Rəssamlıq Akademiyasında qonaq olub.

AZƏRTAC xəbər verir ki, akademiyanın rektoru Xalq rəssamı, professor Natiq Əliyev və akademiyanın rəhbər heyəti Cüzeppe Karta ilə görüşdə Azərbaycan-İtaliya mədəni və incəsənət əlaqələrinin əhəmiyyətini vurğulayıblar.

Beynəlxalq əlaqələr üzrə prorektor Xalq rəssamı, professor Səlhab Məmmədov və Elmi və yaradıcılıq işləri üzrə prorektor Xalq rəssamı, professor Fuad Salayev əməkdaşlığın əhəmiyyətini qeyd edərək tələbələrin yaradıcılıq perspektivinin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qonaq heykəltaraş qarşılanmaya görə təşəkkürünü bildirərək öz təəssüratlarını bölüşüb.

Görüş çərçivəsində Cüzeppe Karta Akademiyanın Muzey-Sərgi kompleksinin daimi ekspozisiyası ilə tanış olub. Daha sonra tədbirin rəsmi hissəsi başlayıb.

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru çıxışında, həmçinin Cüzeppe Kartanın yaradıcılıq yolu və uğurları haqqında danışaraq belə tədbirlərin tələbələrin yaradıcılıq inkişafına və beynəlxalq əməkdaşlığa töhfə verdiyini vurğulayıb. Daha sonra onun yaradıcılığına ilham verən “Təbiət heç vaxt düşmən deyil” adlı videoçarx nümayiş olunub.

Mühazirə zamanı Cüzeppe Karta şəxsi yaradıcılıq təcrübəsindən danışaraq keçdiyi yol barədə geniş məlumat verib. O, həm musiqiçi, həm rəngkar, həm də heykəltaraş kimi fəaliyyətindən, istifadə etdiyi üslub və texnikalardan bəhs edərək dinləyiciləri məlumatlandırıb.

Tədbirdə Azərbaycan Rəssamlıq Akademiyasının tələbələrinin əl işi olan xalça Cüzeppe Kartaya hədiyyə olunub.

Qonaq qarşılığında öz əsərlərindən ibarət kataloqu rektora təqdim edib. Sonda heykəltaraşla xatirə fotosu çəkdirilib.

AZƏRTAC