KƏRİMOV Elgiz Kərim oğlu

RAMAZANOV Şamil Ağasəf oğlu
AĞAYEV Eldar Əsgər oğlu
PAŞAYEV Baxşeyiş Xanəhməd oğlu

KƏRİMOV Elgiz Kərim oğlu (5.1.1971, Bərdə r. – 12.3.1992, Xocalı r-nunun Naxçıvanik k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

 1971-ci il yanvar ayının 5-də Bərdə rayonunda doğulmuşdur. 1977-ci ildə məktəbə getmiş, 1987-ci ildə orta təhsilini başa vurmuşdur. Elə həmin il hərbi xidmətə çağırılmışdır. 1989-cu ildə əsgəri borcunu yerinə yetirib, doğma yurda qayıdır.

Ermənilər həmin vaxt artıq Azərbaycan torpaqlarına təcavüzə başlamışdılar. Elgiz bu vəhşiliklərə dözə bilmirdi. O, 1991-ci ilin fevral aymda silaha sarılaraq, Vətəninin müdafiəsinə qalxdı. Elgiz könüllülərdən ibarət batalyonun tərkibində Vətən qarşısında borcunu layiqincə yerinə yetirirdi. Elgiz Kərimov Əsgəran yaxınlığında gedən şiddətli döyüş zamanı neçə-neçə erməni yaraqlısını məhv etdi. Gənc əsgərin şöhrəti elləri gəzdi. O, mühasirəyə düşmüş döyüşçü yoldaşlarını xilas etmək üçün 1992-ci il martın 12-də Naxçıvanik kəndinə gəldi. Bir saata yaxın davam edən ağır döyüşdən sonra ermənilərin mühasirəsi yarıldı. Döyüşçülərimiz azad edildi. Ancaq, nə edəsən ki, Elgiz özü düşmən gülləsinə tuş gəldi. O, 21 yaşında canından əziz tutduğu Vətən torpağı uğrunda qəhrəmancasına həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Kərimov Elgiz Kərim oğlu ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Bərdə rayonunda dəfn edilmişdir.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 149