Komitə rəsmisi: Prezident İlham Əliyev məcburi köçkünlərin problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib

Azərbaycan Prezidenti: Biz prinsipial mövqeyimizdən çəkilməyəcəyik, öz ərazi bütövlüyümüzün istənilən yolla bərpası bizim suveren hüququmuzdur
“Ermənistanın vurduğu zərərə görə beynəlxalq məhkəmələrdə cavab verməsi ərazilərimizin işğalına son qoyulmasının vacib aspektlərindən biridir” -Elxan Süleymanov
Minsk qrupu həmsədrləri XİN başçılarının görüşü ilə bağlı bəyanat yayıb

Azərbaycan Prezidenti İlham Əliyev məcburi köçkünlərin sosial problemlərinin həllini sosial siyasətin prioritet istiqamətlərindən biri kimi müəyyən edib.

Bunu Trend-ə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əlaqələr, informasiya və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışını şərh edərkən deyib.

İ.Mirzəyev bildirib ki, Azərbaycanda məcburi köçkünlər Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub, onların həyat şəraitinin yaxşılaşdırılması həmişə dövlət başçısının diqqət mərkəzində olub.

O qeyd edib ki, dövlət başçısının tapşırığına əsasən, məcburi köçkünlərin məşğulluğunun təmin edilməsi, onların rifah halının, eyni zamanda, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilir: “Bu günədək məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 101 qəsəbə salınıb. Bu, 3,5 milyon kvadratmetr yaşayış sahəsi deməkdir. Ötən il 5800 məcburi köçkün ailəsi – təxminən 30 min nəfər evlərlə, mənzillərlə təmin olunub. Bununla da, ötən ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatıb. Bu da 53 500 ailə deməkdir”.

Komitə rəsmisi xatırladıb ki, ötən ilin may ayında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın iştirakı ilə 3 yaşayış kompleksinin açılışı olub: “Bunlardan biri Qaradağ rayonu, Lökbatan qəsəbəsində məcburi köçkünlər üçün salınmış “Qobu Park” yaşayış kompleksidir. 1026 mənzilli bu kompleks Heydər Əliyev Fondunun təşəbbüsü ilə, dövlət vəsaiti xərclənmədən salınıb. Dekabr ayında isə Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün, Sumqayıt şəhərinin mərkəzində isə 1005 məcburi köçkün ailəsi üçün kompleksin açılışı olub. Komplekslərdə olan bütün mənzillər təmir edilib və mətbəx mebeli ilə təchiz olunub. Eyni zamanda, məktəb, uşaq bağçası, mərasim evi, polis məntəqəsi və digər zəruri infrastruktur obyektləri inşa edilib”.

İ.Mirzəyev vurğulayıb ki, Prezident İlham Əliyevin tapşırığına əsasən, 2019-cu ildə də bu proses davam etdiriləcək: “Hazırda Bakı şəhərinin Pirallahı rayonunda, Sabunçu rayonunun Kürdəxanı qəsəbəsində və Qaradağ rayonunun “Ümid” yaşayış massivində, Şirvan və Beyləqan şəhərlərində məcburi köçkünlər üçün yeni qəsəbələr salınır. Əlbəttə, bütün bu tədbirlərlə məcburi köçkünlərin məişət problemlərinin həlli təmin ediləcək”.

Trend: