Lazurit dəhlizi ilə hərəkət edən pilot avtomobil karvanı Aşqabada çatıb

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
Azərbaycan tərəfi Sergey Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışlayır
Prezidentlər İlham Əliyev və Aleksandar Vuçiç hərbi texnika və avadanlıqlara baxıblar

Dekabrın 13-də Əfqanıstanın Herat şəhərindən Lazurit nəqliyyat dəhlizi (Lapis-Lazuli) ilə yola salınan pilot avtomobil karvanı Aşqabada çatıb.

AZƏRTAC “ORİENT” informasiya agentliyinə istinadla xəbər verir ki, ağırtonnajlı maşınlardan ibarət karvan Aşqabaddan Türkmənbaşı liman şəhərinə, oradan isə bərələr vasitəsilə Azərbaycana – Bakı Beynəlxalq Dəniz Limanına yola salınacaq. Sonra yükləri Gürcüstan və Türkiyə ərazisindən Avropaya çatdıracaqlar.

Əfqanıstandan Avropaya göndərilən yüklərin ilk partiyası əfqan torpağında yetişdirilən kənd təsərrüfatı məhsullarından (kişmiş, küncüt, pambıq, qarpız toxumları və s.) ibarətdir.

Xatırladaq ki, dekabrın 13-də Lazurit dəhlizi ilə yükdaşımalarının başlaması münasibətilə təntənəli mərasim keçirilib. Mərasimdə çıxış edən Əfqanıstan İslam Respublikasının Prezidenti Məhəmməd Əşrəf Qani regional əməkdaşlığın gücləndirilməsi, xüsusən Lapis-Lazuli nəqliyyat dəhlizinin reallığa çevrilməsində Azərbaycan, Türkmənistan, Gürcüstan və Türkiyə prezidentlərinin səylərini yüksək qiymətləndirib.

Mərasimdə vurğulanıb ki, Lazurit dəhlizinin uğurla istismara verilməsi region dövlətlərinin iqtisadi tərəqqisinə güclü təkan verəcək, kənd təsərrüfatı və digər məhsulların, faydalı qazıntıların Əfqanıstandan dünya bazarlarına çıxarılması, yeni iş yerlərinin yaradılması hesabına bu ölkədə vəziyyətin tezliklə stabilləşməsinə kömək edəcək.

Lapis-Lazuli marşrutuna dair Saziş 2017-ci il noyabrın 15-də Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan və Türkiyə arasında Əfqanıstana dair VII regional iqtisadi əməkdaşlıq konfransında (RECCA – Regional Economic Cooperation Conference on Afghanistan) imzalanıb.

Bu sənədin reallaşdırılması regionun iqtisadi inteqrasiya səviyyəsini yüksəltməyə, ticarətin həcmini əhəmiyyətli dərəcədə artırmağa xidmət edir. Lapis-Lazuli beynəlxalq nəqliyyat dəhlizi həmin marşrut üzrə yükdaşımaların həcmini artırmaq üçün yeni imkanlar yaradır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır