Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb

Bakıda NATO-nun təhsil üzrə ekspertləri ilə görüş keçirilib
Azərbaycan Prezidenti: Ermənistan o ölkədir ki, islamofobiya onların dövlət siyasətidir
Azərbaycan və Özbəkistan prezidentlərinin geniş tərkibdə görüşü keçirilib

AR XİN Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı bəyanatının şərh edilməsinə dair KİV-in sualını cavablandırıb

Cavab: Ermənistan XİN-in Sumqayıt hadisələri ilə bağlı yaydığı tamamilə əsassız və yalan dolu iddialar tərəfimizdən dəfələrlə cavablandırılıb. Növbəti dəfə vurğulayırıq ki, 1988-ci il fevralın ayının sonlarında Azərbaycan SSR-in Sumqayıt şəhərində törədilən qanlı hadisələr Azərbaycana qarşı öncədən düşünülmüş və planlaşdırılmış təxribat idi. Xatırladırıq ki, SSRİ Baş Prokurorluğu tərəfindən baş vermiş hadisə ilə bağlı cinayət işi açıldı, istintaq aparıldı, nəticədə iğtişaşların icraçıları və əlbir olan şəxslər, həmçinin  ümumi sayı 32 nəfərdən ibarət qurbanlar müəyyən edildi. Qeyd etmək istərdik ki, hadisənin qurbanları arasında 6 nəfəri azərbaycanlı idi. Ermənistan XİN-in diqqətinə çatdırırıq ki, hadisələrin səbəbkarı, yürüşə başçılıq edən, şəxsən 6 nəfəri öldürən və erməni millətindən olan 3 qadına təcavüz edən şəxs milliyyətcə erməni olan Eduard Qriqoryan olub və onun barəsində Sumqayıtda yaşayan ermənilərin çoxsaylı şahid ifadələri toplanıb. Məhkəmənin qərarı ilə 12 il azadlıqdan məhrum edilən E.Qriqoryan cəzasını çəkmək üçün Ermənistana köçürülüb və daha sonradan azadlığa buraxılıb.

27-29 fevral 1988-ci il tarixli Sumqayıt hadisələri ilə əlaqədar məhkəmə prosesinin nəticələri ilə bağlı təqsirkar bilinən 92 nəfər barəsində həbs cəzası verildi, həmçinin bir nəfər ölüm cəzası aldı. Müqayisə üçün onu da qeyd etmək istərdik ki, 1980-ci illərin sonlarında Ermənistan SSRİ-də azərbaycanlıların tarix boyu sıx yaşadıqları rayonlardan zorla qovulması zamanı 217 azərbaycanlının ölümündə təqsirli olanlar barəsində heç bir tədbir görülmədi.

Azərbaycanın 20% ərazisini otuz ilə yaxın müddətdə hərbi işğal altında saxlayan Ermənistan öz təcavüzkar siyasəti çərçivəsində çoxsaylı müharibə və insanlıq əleyhinə cinayətlər, o cümlədən Xocalı soyqırımını törədib. Lakin bu cinayətləri törədənlərdən heç kim bu günədək hüquqi məsuliyyətə cəlb olunmayıb.

Ermənistan XİN-inə xatırladırıq ki, Azərbaycan Respublikası beynəlxalq səviyyədə tanınmış suveren ərazisinin bir hissəsində Ermənistanın onilliklər boyu davam edən hərbi işğalına son qoyub və ərazi bütövlüyünü təmin edib. İşğal faktorunun aradan qaldırılması ilə hazırda bölgədə yaranan yeni, əməkdaşlıq və sülh quruculuğu imkanlarından faydalanmaq əvəzinə yalan, əsassız və düşmənçilik təşviq edən bəyanatların verilməsi Ermənistanın əsl niyyətini nümayiş etdirir.

Nə qədər ki, Ermənistan hakimiyyəti yalan üzərində qurulan barışmaz mövqe nümayiş etdirəcək, təəssüf ki, bir o qədər erməni xalqı sülh və rifahdan məhrum olacaq.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi