Londonda müstəqilliyin bərpasının 30-cu ildönümü və Vətən müharibəsindəki qələbənin ilk ildönümü qeyd olunub

Azərbaycan Prezidenti İlham Əliyevlə BMT-nin Baş katibi Antonio Quterreş arasında videokonfrans formatında görüş olub
“Üç qardaş-2021” beynəlxalq təliminin açılışına həsr olunan təntənəli mərasim keçirilib
AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlının yeni kitabları nəşr olunub

Londonda Azərbaycan Respublikasının müstəqilliyinin bərpasının 30-cu ildönümü və Vətən müharibəsindəki qələbənin ilk ildönümü qeyd olunub.

Bu barədə APA-ya Azərbaycanın Britaniyadakı Səfirliyindən məlumat verilib.

Londondakı “Azərbaycan Evi”nin təşkilatçılığı və Azərbaycanın Britaniyadakı səfirliyinin dəstəyi ilə 2021-ci ilin 24 oktyabr tarixində keçirilən tədbirdə Britaniyadakı Azərbaycanlı icmasının üzvləri, Britaniya Parlamentinin Lordlar və İcmalar Palatasının üzvləri, Londondakı diplomatik korpus və KİV nümayəndələri, eləcə də Azərbaycanın Britaniyadakı dostları iştirak edib.

Tədbirə, həmçinin Azərbaycan Parlamentinin üzvü, Milli Məclisdə Britaniya ilə Dostluq Qrupunun sədri Cavanşir Feyziyev də qatılıb.

Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himni səsləndirilib.

“Azərbaycan Evi”nin sədri Ali Tekin Atalar ölkəmizin istər 30 il öncə müstəqilliyinin bərpa edilməsində, istərsə də bir il öncə Vətən müharibəsində qələbə qazanmasında Azərbaycan xalqının tarixi mübarizlik ənənələrinin böyük rolunun olduğunu söyləyib.

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov müstəqilliyi bərpa etdikdən sonra Azərbaycan xalqının ilk dəfə olaraq bu bayramı ərazi bütövlüyünü bərpa etmiş şəkildə qeyd etməsinin qürurverici olduğunu bildirib.

Müstəqilliyin bərpa edilməsi haqqında aktın 1991-ci ilin oktyabr ayında qəbul edilməsinə baxmayaraq, Azərbaycan xalqının hələ bir neçə il öncədən müstəqillik uğrunda mübarizə aparmağa başladığını söyləyən səfir Süleymanov xalqımızın azadlıq əzminin dövrün çətinlikləri qarşısında sınmadığını xüsusi qeyd edib. Diplomat 30 il sonra Ali Baş Komandanın müdrik rəhbərliyi altında rəşadətli Azərbaycan Ordusunun eyni əzm və iradə ilə Qarabağı işğaldan azad etdiyini əlavə edərək, Azərbaycanın regionda ədaləti bərpa edən və davamlı sülhün əldə edilməsini təşviq edən qələbəsinin əslində bütün regionun qələbəsi olduğunu vurğulayıb.

Britaniya Parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans çıxışı zamanı hər iki əlamətdar gün münasibətilə Azərbaycan xalqını təbrik etmək üçün yazdığı şeiri səsləndirib. Həmin şeirdə parlamentari Azərbaycan və Britaniya arasındakı yaxın dostluq əlaqələrinin getdikcə güclənməsindən, iki dövlət arasında qurulmuş qarşılıqlı fayda gətirən tərəfdaşlığın inam və hörmətə əsaslanmasından bəhs edib. O, Azərbaycanla Britaniya arasındakı münasibətləri “dünyaya əməkdaşlığın gücünü göstərən davamlı tərəfdaşlıq” adlandırıb. Lord Evans Qarabağın azad edilməsinin sevincini Azərbaycan xalqı ilə səmimi qəlbdən bölüşdüyünü diqqətə çatdırıb.

Azərbaycan Parlamentinin üzvü, Milli Məclisdə Britaniya ilə Dostluq Qrupunun sədri Cavanşir Feyziyev çıxışı zamanı Azərbaycana Vətən müharibəsində dəstək olmuş Türkiyə, Pakistan, İsrail kimi ölkələrə təşəkkür edib, eləcə də Britaniyanın Azərbaycanın ərazi bütövlüyünə daimi dəstək verdiyini vurğulayıb. O, Azərbaycanın ədalətli mövqeyinə dəstək verən Britaniyalı parlamentarilərə minnətdarlıq ifadə edərək onları Azərbaycana, o cümlədən azad olunmuş ərazilərə səfər etməyə dəvət edib.

Tədbirdə iştirak edən Lordlar Palatasının üzvü Lord Hüseyn və İcmalar Palatasının deputatı Deyvid Duquid də Azərbaycan xalqına öz təbriklərini çatdırıb. Tədbirdə, həmçinin Azərbaycanlı icmasının fəalları çıxış edib.

Daha sonra qonaqlara Azərbaycan milli musiqi nümunələrindən ibarət proqram təqdim olunub.

APA