MƏDƏTOV Fariz Əlövsət oğlu

TAĞIZADƏ Eldar Abdulla oğlu
HƏSƏNOV İlham Gülbala oğlu
RZAYEV Rövşən Abdulla oğlu

MƏDƏTOV Fariz Əlövsət oğlu (18.4.1972, Yevlax r-nunun Varvara k.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995).

18 aprel 1972-ci ildə Yevlax rayonunun Varvara kəndində doğulmuşdur. 1979-1989-cu illərdə kənd orta məktəbində təhsil almışdır. Orta məktəbi bitirdikdən sonra Mingəçevir şəhərində sürücülük peşəsinə yiyələnmişdir. 1990-cı ildə hərbi xidmətə çağırılmış, iki il Almaniyanın Ordruf şəhərində xidmət etmişdir. 1992-ci ilin may ayında o, hərbi xidmətini başa vurur. Elə həmin il torpaqlarımızı erməni işğalından azad etmək məqsədi ilə Milli Orduya səfərbər olunur.

O, 776 saylı Xüsusi Təyinatlı hərbi hissənin tərkibində Qubadlı rayonunun Başarat kəndi uğrunda ilk döyüşlərə atılır. Kəşfiyyatçı kimi ad çıxarır. Sonra Füzuli rayoııu ərazisində gedən döyüşlər… O zaman Yağləvənd, Tuğ, Horadiz kəndlərində belə döyüşçülərə böyük ehtiyac var idi. Bu kəndlər Fariz kimi döyüşçülərin sayəsində mərdliklə müdafiə olunurdu. Bir müddətdən sonra onun xidmət etdiyi hərbi hissə Kəlbəcər, Goranboy ərazilərinə göndərilir. Bu döyüşlərdə də Fariz öz cəsarəti və qorxmazlığı ilə fərqlənirdi. O, 1994-cü ildə Tərtər rayonunun Tonaşen kəndi uğrunda gedən ağır döyüşdə yaralanır. Bir müddət Mingəçevir hospitalında müalicə olunduqdan sonra, yenidən döyüş paltarı geyinir. 1996-cı ildə ordudan tərxis olunaraq Yevlax rayon Polis şöbəsində əmək fəaliyyətinə başlayır.

Fariz 1998-ci ildə Polis Akademiyasına daxil olmuş, 2003-cü ildə orada təhsilini başa vurmuşdur.

O, Yevlax rayon Polis şöbəsində Post Patrul Xidmətinin taqım komandiri vəzifəsində işləmişdir. Kapitan rütbəsinəcən yüksələn F.Mədətov hazırda burada polis şöbəsinin Qeydiyyat və Şəxsiyyət qrupunun inspektoru vəzifəsində çalışır.

Evlidir.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mədətov Fariz Əlövsət oğlu “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülmüşdür.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 186