Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”

Bakıda “Uşaq müdafiəsi sahəsində dövlət qurumları və vətəndaş cəmiyyətinin dialoqu” mövzusunda tədbir keçirilib
Gecə ərzində bütün cəbhə boyu gərgin döyüşlər Azərbaycan Ordusunun üstünlüyü ilə davam edib
Türkiyənin Azərbaycandakı səfiri Milli Qəhrəman, şəhid general-mayor Polad Həşimovun anası ilə görüşüb

“Köçkünlər arasında sorğular keçirilməlidir ki, öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox”. Bunu Prezident İlham Əliyev 2020-ci ilin yekunlarına həsr olunmuş videoformatda müşavirədə çıxışı zamanı deyib.

Dövlət başçısı bildirib: “Mən bu yaxınlarda Prezident Administrasiyasına göstəriş verdim ki, köçkünlər arasında sorğular keçirilməlidir, onların niyyəti öyrənilməlidir. Həm evlərlə təmin olunmuş köçkünlər, həm də bu günə qədər yataqxanalarda, yaxud da uşaq bağçalarında ağır vəziyyətdə yaşayan köçkünlər arasında sorğular keçirilməlidir ki, biz real vəziyyəti bilək. Özümüz-özümüzü aldatmamalıyıq, real vəziyyəti bilməliyik. Xahiş edirəm köçkünlərdən, onlara sual veriləndə səmimi cavab versinlər – öz dədə-baba torpaqlarına getmək fikirləri var, yoxsa yox. Bizə bildirsinlər, biz də bilək və buna görə öz bərpa işlərimizi həyata keçirməliyik. Mən tam əminəm ki, keçmiş köçkünlərin mütləq əksəriyyəti böyük həvəslə öz doğma torpaqlarına qayıdacaqlar. Buna nail olmaq üçün dövlət əlindən gələni əsirgəməyəcək. Ancaq, eyni zamanda, bizdə rəsmi məlumat olmalıdır. Ona görə bu sorğunun keçirilməsi hesab edirəm ki, bir çox suallara cavab verəcək. İndi sorğuda hansı suallar olacaq, onu siz fikirləşin. Əlbəttə ki, ailənin tərkibi, ondan sonra harada işləyirlər, işdən razıdırmı, razı deyilmi, o ailələrin maddi vəziyyəti, maaşları, gəlirləri, onların sahibkarlıq fəaliyyəti vardır, yoxdur, onların arasında işsizlər nə qədərdir, bütün bu suallar verilməlidir. Əsas sual onların öz torpaqlarına qayıtmaq istəkləri ilə bağlı olacaqdır…”.

  • Məhərrəm Zülfüqarlı: “Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir”

AVCİYA-nın vitse-prezidenti, professor, politoloq Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezidentin bu fikirlərinin böyük dövlətçilik əhəmiyyəti var. Ölkə başçısının bu yanaşması onun humanistliyindən irəli gəlir: “Birincisi, Prezidentin köçkünlər arasında sorğu keçirilməli olduğu ilə bağlı irəli sürdüyü fikir ölkə başçısının humanistliyindən irəli gəlir. Bu, dövlətimizdə insanlara bəslənən humanizmin, qayğı və hörmətin təzahürüdür. Nəyə görə? Çünki vaxtilə Stalinin rəhbərlik etdiyi totalitar rejimdə və ona bənzər ölkələrdə bu köçürülmə məcburi xarakter daşıyardı.

Lakin Azərbaycan həm güclü dövlətdir, həm də Cənubi Qafqazda iqtisadi, siyasi və sair cəhətdən ən inkişaf etmiş ölkədir. Ona görə də Prezidentin bu təklifini tamamilə əsaslı və haqlı hesab edirəm. Bəli, Prezidentin dediyi kimi, köçkünlər arasında sorğu keçirilməlidir. Bu proses birdən-birə baş verə bilməz ki, torpaqlar işğaldan azad olunub və hamı tezliklə köçməlidir. Köçkünlər arasında sorğu keçirilməlidir və hansı insanlar ki, ürəkdən öz ata-baba yurdlarına getmək istəyir, ilk növbədə, onlar köçürülməlidir. Gərək əvvəlcə həmin ərazilərimiz minalardan təmizlənsin, tam təhlükəsiz vəziyyətə gətirilsin, evlər bərpa olunsun, sonra bu proses baş versin. Hesab edirəm ki, orada həyat inkişaf etdikcə, infrastruktur məsələsi öz həllini tapdıqca, insanların qayıdışı öz axarı ilə gedəcək. Hətta bəzi rayonlarda ki, işsiz insanlar var, həmin insanlar da Qarabağa gedəcəklər. Məndə olan məlumata görə, dövlətin bununla bağlı böyük proqramı var, işğaldan azad edilən ərazilərimizə investisiya qoyuluşu nəzərdə tutulur, orada normal iş şəraiti olarsa, insanlar oraya gedib yaşamağa ürəkdən razı olarlar. Fikrimcə, bu məsələnin tarixi dövlətçilik əhəmiyyəti çox böyükdür və bunu köçkünlərimiz də yaxşı anlayırlar”.

M.Zülfüqarlı qeyd etdi ki, köçkünlərin bir hissəsi Azərbaycanın digər yerlərində, o cümlədən də Bakıda və başqa şəhərlərimizdə artıq məskunlaşıblar, ev-eşik qurublar, iş yerləri var, bundan başqa, o torpaqları görməyən yeni nəsil yaranıb. M.Zülfüqarlı hesab edir ki, sorğu ilə yanaşı, həm də təbliğat işləri aparılmalıdır: “Köçkünlər arasında sorğular aparılmaqla yanaşı, həm də təbliğat işinə start verilməlidir, vətənpərvərlik hissləri daha güclü şəkildə təbliğ edilməlidir ki, o torpaqları görməyən gənc nəsil ora qayıtmaq istəsin. Ata-babalarının yurduna, ulularının məzarı olan o torpaqlara qayıtmaları üçün gənc nəslin milli vətənpərvərlik ruhu gücləndirilməlidir. Hesab edirəm ki, bu proses mərhələ-mərhələ həyata keçirildikdən sonra insanların azad olunmuş ərazilərə qayıtmasında heç bir problem olmayacaq”.

Əkbər Qoşalı: “Bu, dövlət başçısının öz xalqına, vətəndaşına inamının ifadəsidir”

Milli QHT Forumu İH üzvü, yazıçı-publisist Əkbər Qoşalı bildirdi ki, Vətən müharibəsində qazandığımız zəfərlə son 30 ilə yaxın dövrün ən böyük təntənəsini yaşamışıq və bu müharibədə ordumuz, xalqımız, dövlətimiz qalib gəlib. “Əlbəttə, bu gün ən aktual məsələ azad edilmiş torpaqlarda infrastrukturun bərpası və köçkünlərimizin öz doğma dədə-baba yurdlarına köçünün, böyük qayıdışının təşkil edilməsidir. Dövlət başçısı əvvəllər də böyük qayıdışın dövlətin planı və proqramı olduğunu ayrı-ayrı müşavirələrdə, toplantılarda bildirmişdi. Bu barədə ictimaiyyət məlumatlanıb. İndi isə bilavasitə bu prosesin həyata keçirilməsinə başlanır. 2016-cı ilin aprelində baş verən döyüşlərdən sonra bilirsiniz ki, Cocuq Mərcanlıda sürətlə məskunlaşma həyata keçirildi, dövlətimiz bu işi çox yüksək səviyyədə gerçəkləşdirdi. İndi isə cənab Prezident haqlı olaraq bildirir ki, köçkünlər arasında sorğu keçirilsin. Fikrimcə, bu, dövlət başçısının öz xalqına,vətəndaşına inamının ifadəsidir və Prezident o sorğudan çıxan nəticəni aydın şəkildə təsəvvür edir. Amma bütün hallarda, bu sorğu daxili auditoriyaya yox, beynəlxalq ictimaiyyətə göstərəcək ki, xalqımız, köçkünlərimiz necə mütəşəkkil şəkildə öz dədə-baba yurdlarına, torpaqlarına qayıtmaq istəyirlər. Mən buna əminəm ki, belə də olacaq. O sorğudan çıxacaq yüksək faizi mən indidən təsəvvür edirəm. Buna heç bir şübhəm yoxdur. İnanıram ki, məhz cənab Prezident də həmin fikri irəli sürməklə buna heç bir şübhəsinin olmadığını irəli sürüb. Əlbəttə, bizim keçmiş məcburi köçkünlərimiz, dəyərli qardaş və bacılarımız öz doğma torpaqlarına qayıtmaqla bağlı sorğuya “qayıtmaq istəyirik” cavabını verəcəklər. Bizim buna şübhəmiz yoxdur. O torpaqlara qayıtmaq yalnız yaşayış yerini dəyişmək yox, ruhun bərpasıdır, yaddaşımızın oyanmasıdır, bizim haqq dünyasında olanlarımızın ruhunun şad olması, şəhidlərimizin öz canını qurban verdiyi ideallara sayğının, hörmətin nəticəsidir. Biz bunu hər bir köçkün vətəndaşımızdan gözləyirik və bu gözləntimizdə dərin inam içindəyik. Dövlətimiz var olsun, bayrağımız uca olsun! Şəhidlərimizə rəhmət, yaralı qazilərimizə şəfa diləyirəm” – deyə Ə.Qoşalı bildirdi.