Mərakeşli jurnalistlər Ağdam, Əsgəran və Şuşaya səfər ediblər

Dini radikalizmin səbəbləri və doğurduğu nəticələr barədə müzakirələr aparılıb
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşüblər
İƏT-in sessiyasında Ermənistanın Azərbaycana qarşı təcavüzünü pisləyən qətnamələr qəbul edilib

Azərbaycana səfər çərçivəsində bir qrup mərakeşli jurnalist Qarabağ iqtisadi rayonunun Ağdam, Əsgəran və Şuşa şəhərlərinə səfər edib.

AZƏRTAC xəbər verir ki, jurnalistlər əvvəlcə Ağdam şəhərində Pənahəli xanın “İmarət” kompleksinə, Cümə məscidinə və Ağdam Dövlət Dram Teatrının qalıqlarına baxış keçirib, ermənilərin törətdikləri vandalizm aktlarının şahidi olub. Qonaqlara tarixi abidələrimizin dağıdılması, Ağdamın Baş planına uyğun olaraq aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verilib.

Sonra Əsgərana yollanan nümayəndə heyəti burada aşkarlanmış kütləvi məzarlığa baxış keçirib, çəkilişlər aparıb.

Şuşa şəhəri ilə tanışlıq isə mərkəzi meydandan başlayıb. Burada jurnalistlər Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərini, həmçinin Aşağı Gövhər Ağa məscidini, Şuşa qalasını, Cıdır düzünü ziyarət ediblər.

Azərbaycan Prezidentinin Şuşa rayonundakı xüsusi nümayəndəsi Aydın Kərimovlə görüşdə jurnalistlərə qədim şəhərin tarixi, işğal illərində məruz qaldığı vandalizm aktları, burada aparılan bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib. Xüsusi nümayəndə 2023-cü il sentyabrın 25-də Qətər Dövlətinin paytaxtı Doha şəhərində keçirilən İslam Dünyası Mədəniyyət Nazirlərinin 12-ci Konfransında Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edildiyini diqqətə çatdırıb.

Sonra mərakeşli jurnalistlərin sualları cavablandırılıb.