Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlayıb

AVCİYA-nın vitse-prezidenti Məhərrəm Zülfüqarlı: Azərbaycan Ordusunun Şuşanı azad etmək üçün göstərdiyi böyük rəşadətlə həmişə qürur duyacağıq
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Sabah Şuşada Bəyannamənin imzalanmasının ildönümü münasibətilə tədbir keçiriləcək

2018-ci il aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar seçki bülletenlərinin çapına başlanılıb.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov və Komissiya üzvləri seçki bülletenlərinin çapına başlanması ilə bağlı martın 24-də Milli Məclisin Mətbəəsində keçirilən tədbirdə iştirak ediblər. Seçki bülletenlərinin çap olunması prosesi və bu məqsədlə Mətbəədə yaradılmış şəraitlə yaxından tanış olan MSK sədri bülletenlərin Seçki Məcəlləsində nəzərdə tutulmuş vaxtda və qaydada çap edilməsi və aşağı seçki komissiyalarına verilməsinin dəqiqliklə yerinə yetirilməsi üçün tövsiyələrini verib.

Prezident seçkilərinin iştirakçısı olan bütün maraqlı subyektlər, beynəlxalq təşkilatlar, seçki müşahidə missiyaları və kütləvi informasiya vasitələri üçün tamamilə açıq və şəffaf həyata keçirilən proses barədə jurnalistlərə açıqlamasında MSK sədri bildirib ki, seçki bülletenlərinin mətni, forması, sayı və hazırlanma qaydasına dair tələblər Seçki Məcəlləsinə əsasən MSK-nın qərarı ilə müəyyən olunub. Prezident seçkiləri ilə əlaqədar 5347803 (beş milyon üç yüz qırx yeddi min səkkiz yüz üç) seçki bülleteninin çap olunması nəzərdə tutulub. Seçki bülletenləri çap olunduqca qanunvericiliklə müəyyən olunmuş qaydada və müddətdə Mərkəzi Seçki Komissiyasından dairə seçki komissiyalarına, dairə seçki komissiyalarından isə məntəqə seçki komissiyalarına veriləcək.

Tədbir çərçivəsində MSK sədri kütləvi informasiya vasitələri üçün təşkil olunan brifinqdə seçkilərin yüksək səviyyədə təşkil olunub azad, ədalətli və şəffaf keçirilməsi, həyata keçirilmiş layihələr və son hazırlıq işləri barədə də ətraflı məlumat verib, həmçinin jurnalistlər tərəfindən ünvanlanmış sualları cavablandırıb.

Seçki bülletenlərinin çap olunması prosesinin mühafizəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir.