Mərkəzi Seçki Komissiyası seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunmuş seminarlara başlayıb

Hərb tariximiz: Cavanşir
“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
Ombudsman 2021-ci il üzrə məruzəsini təqdim edib

Aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) seçkilərin yüksək səviyyədə hazırlanıb azad, ədalətli və şəffaf keçirilməsinə, eləcə də müxtəlif statuslu seçki subyektlərinin maarifləndirilməsinə hədəflənmiş müxtəlif səpkili irimiqyaslı layihələri davam etdirir.

AZƏRTAC xəbər verir ki, fevralın 27-dən etibarən Mərkəzi Seçki Komissiyasının maarifləndirmə proqramı çərçivəsində növbəti layihəyə – seçkilərlə bağlı müraciətlərin araşdırılmasına həsr olunan üçgünlük seminarlara start verilib. Vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə dairə seçki komissiyaları nəzdində fəaliyyət göstərən ekspert qrupu üzvlərinin maarifləndirilməsinə yönəlmiş tədbirdə Mərkəzi Seçki Komissiyasının üzvləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi, Mərkəzi Seçki Komissiyası nəzdində ekspert qrupunun üzvləri və Komissiya Katibliyinin təmsilçiləri iştirak edirlər.

Seminarların keçirilməsində başlıca məqsəd dairə seçki komissiyalarının ekspert qrupu üzvlərinin müraciət və şikayətlərə baxılması ilə bağlı məlumatının artırılması, praktiki vərdişlərinin gücləndirilməsi və vətəndaşların seçki hüquqlarının daha səmərəli təmin olunması üçün onların fəaliyyətinin təkmilləşdirilməsindən ibarətdir.

Mərkəzi Seçki Komissiyası sədrinin müavini Natiq Məmmədovun açılış nitqi ilə başlayan seminarlar zamanı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, Mərkəzi Seçki Komissiyasının və Komissiya nəzdində ekspert qrupunun üzvləri Bəxşeyiş Əsgərov və Ramiz İbrahimov tərəfindən vətəndaşların seçki hüquqlarının pozulması ilə əlaqədar müraciət və şikayətlərə baxılmasına dair müxtəlif mövzularda təqdimatlar aparılıb və praktiki məşğələlər zamanı əhatə olunan məsələlər əyani şəkildə hərtərəfli izah edilib.

Martın 1-dək davam edəcək seminarların ümumilikdə ölkə üzrə 125 dairə seçki komissiyasının bütün ekspert qrupu üzvlərini əhatə etməsi nəzərdə tutulur.