Məcburi köçkünlərin Abşeron rayonunda yeni istifadəyə verilmiş yaşayış kompleksinə köçürülməsi prosesinə başlanılıb

Türkiyəli müəllim: Xocalı soyqırımı ilə bağlı heykəl düzəltmək mənəvi borcum idi
Mövlud Çavuşoğlu Azərbaycanda səfərdə olacaq
Prezident Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strategiyaya əsasən, ölkəmizdə sosial müdafiəyə ehtiyacı olan vətəndaşların problemləri davamlı şəkildə həll edilir, mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün tədbirlər görülür. İndiyədək məcburi köçkünlər üçün yüzdən çox qəsəbə salınıb, bu kateqoriyadan olan 300 minə yaxın vətəndaş yeni ev və ya mənzilə köçürülüb.

Təkcə keçən il 5900 məcburi köçkün ailəsinə mənzil, fərdi ev verilib. Bu proses bu il də davam etdiriləcək. Fevralın 1-də, Azərbaycan Gəncləri Gününə həsr olunmuş respublika toplantısında dövlətimizin başçısı bu barədə danışarkən deyib: “Sosial problemlərin həlli daim diqqət mərkəzində olmalıdır. Bu sahəyə çox böyük diqqət göstərilir, çox böyük vəsait ayrılır. Xüsusilə məcburi köçkünlərin, şəhid ailələrinin, Qarabağ müharibəsi əlillərinin sosial problemlərinin həlli üçün böyük vəsait ayrılır. Onlar üçün şəhərciklər salınır, minlərlə ev tikilib və tikiləcəkdir”.

Bu istiqamətdə ardıcıl tədbirlər görülür və atılan addımlar öz nəticəsini verməkdədir. Belə ki, Bakıda və Sumqayıtda hələ də ağır vəziyyətdə yaşayan məcburi köçkünlərin yeni mənzillərə köçürülməsi barədə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın verdiyi tapşırığın icrası uğurla davam etdirilir. Sumqayıt şəhərində uzun illərdən bəri qəzalı və həyat üçün təhlükəli bina və tikililərdə məskunlaşan köçkünlərin Abşeron rayonu ərazisində 1000 məcburi köçkün ailəsi üçün salınmış yeni yaşayış kompleksindəki mənzillərə köçürülməsinə başlanılıb.

AZƏRTAC xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi bu məqsədlə fevralın 4-də Sumqayıtdakı N.Nərimanov adına Mədəniyyət Evində püşkatma keçirib. Dövlət Komitəsində müvafiq komissiya tərəfindən obyektiv və hərtərəfli araşdırmalar nəticəsində tərtib olunmuş siyahı üzrə mənzil-məişət şəraitinin yaxşılaşdırılması zəruri sayılan məcburi köçkün ailələrinin nümayəndələri püşkatmada iştirak ediblər.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin, ərazisi işğal olunmuş rayonların icra hakimiyyətlərinin, ictimai fəalların, jurnalistlərin iştirakı ilə şəffaf şəkildə keçirilən püşkatmada məcburi köçkünlər bundan sonra yaşayacaqları mənzillərin yerləşdiyi binanı və mərtəbəni müəyyənləşdiriblər.

Püşkatmadan sonra məcburi köçkün ailələrinin Dövlət Komitəsinin ayırdığı nəqliyyat vasitələri ilə yaşayış kompleksinə köçürülməsinə başlanılıb. Yeni mənzillər tam təmirlidir, mətbəx mebeli, qaz sobası ilə təchiz olunub. Bundan başqa, mənzillərdə mərkəzləşdirilmiş internet və televiziya şəbəkəsi də var.

Yeni mənzillərə köçən məcburi köçkün ailələri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.

Abşeron rayonunun ərazisindəki yeni kompleksdə mənzillərin 167-si birotaqlı, 536-sı ikiotaqlı, 302-si isə üçotaqlı və dördotaqlıdır. Ərazidə sakinlərin asudə vaxtlarını səmərəli keçirmələri üçün iki istirahət guşəsi yaradılıb, uşaq meydançası quraşdırılıb. Qəsəbə bütün zəruri infrastruktur obyektləri ilə təmin edilib.