MƏMMƏDOV Xanoğlan Sadıq oğlu (13.2.1975, Neftçala r-nunun Qaraqaşlı k. – 15.3.1995, Ağstafa r.) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).
1975-ci il fevralın 13-də Neftçala rayonunun Qaraqaşlı kəndində dünyaya göz açmışdır. Səkkizinci sinfi bitirdikdən sonra təhsilini 104 saylı texniki-peşə məktəbində davam etdirmişdir. 1993-cü il aprelin 13-də Neftçala rayon Hərbi Komissarlığı tərəfındən həqiqi hərbi xidmətə çağırılır. O, topçu kirni əvvəlcə Səngəçalda, sonra isə Çuxanlı, Pirəküşkül və Qaladakı hərbi hissələrdə xidmət keçir.
Sonra onu Murovdağa göndərirlər. Bir neçə dəfə döyüşlərdə iştirak edir.
1995-ci il mart ayının 15-də OMON-çulardan ibarət bir qrup cinayətkar dəstə Ağstafa bölgəsində dövlət çevrilişinə cəhd göstərdi. Dövlət Başçısı, Ali Baş Komandan onlara silahı yerə qoymağı təklif etsə də, OMON-çular bu iddialarından əl çəkmədilər. Milli Ordumuz işə qarışmalı oldu. Həmin gün Xanoğlan Məmmədov da cinayətkarların zərərsizləşdirilməsində yaxından iştirak edirdi. Dövlət çevirilişinə cəhdin qarşısının alınmasında onun müstəsna xidməti oldu. Lakin bu qarşıdurmada Xanoğlanın ömrü qırıldı.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Məmmədov Xanoğlan Sadıq oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Qaraqaşlı kəndində dəfn edilmişdir.
Neftçala rayon Mədəniyyət evi onun adını daşıyır.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 196