“Ermənistanın Laçın sərhəd-buraxılış məntəqəsindəki təxribatları İkinci Qarabağ müharibəsindəki məğlubiyyət faktının bu ölkənin siyasi dairələrində qəbul edilməməsi ilə bağlıdır”.
Bunu “Report”a açıqlamasında beynəlxalq ekspert, Ceymstaun Fondunun İdarə Heyətinin üzvü, ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza deyib.
O, Laçın yolu ətrafındakı vəziyyətin onu qətiyyən narahat etmədiyini bildirərək bunun səbəbini izah edib: “Aydındır ki, Ermənistan Qarabağın statusu məsələsini yenidən gündəmə gətirmək məqsədi güdür. Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın, o cümlədən Qarabağın ərazi bütövlüyünü tanısa da, ölkəsinin siyasi dairələrində və hakimiyyət daxilində hələ də bu faktıı və İkinci Qarabağ müharibəsindəki məğlubiyyəti tanımaq istəməyənlər var. Ona görə də Laçın yolu vasitəsilə “humanitar yardım” daşımaq adı altında təxribat xarakterli addımlar atır. Ancaq bildirməliyəm ki, Ermənistan tərəfinin reallıqla üzləşməkdən başqa çıxış yolu yoxdur”.
M.Brayza qeyd edib ki, Azərbaycanın mövqeyi kifayət qədər başadüşüləndir: “Azərbaycan öz siyasi və qanuni hüquqlarından istifadə edir və Ağdam yolu ilə humanitar yardımın həyata keçirilməsi kimi bir təklif irəli sürür”.
“Ermənistan Azərbaycanla müharibə aparmağa qadir orduya malik deyil. Rusiya, Türkiyə, Avropa İttifaqı, ABŞ, bir sözlə, regiondakı aktorların heç biri Ermənistanla Azərbaycan arasında yeni bir müharibənin olmasını istəməz. Hesab edirəm ki, Paşinyan vəzifəsindən uzaqlaşdırılmaq üçün fiziki hücuma məruz qalmasa, biz gələcək həftələr və yaxud aylarda sülh sazişinin imzalandığını görəcəyik. Düşünürəm ki, ölkələr arasında sülh məsələsində vasitəçilik prosesin inkişafına kömək edəcək. Hazırda əsas olan sülh müqaviləsi məsələsində irəliləyişdir, onun imzalanma ehtimalı nə qədər yüksək olarsa, prosesi ləngitmək və bunun qarşısını almaq istəyənlər də bir o qədər çox olar”, – deyə sabiq səfir əlavə edib.
Report.az