Milli Məclisin Elm və təhsil komitəsinin onlayn iclası keçirilib

“Güclü və nüfuzlu vəkillik – müasir dövrün çağırışları” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb
Blinken Qazaxın 4 kəndinin Azərbaycana qaytarılması barədə razılaşmanı alqışladığını bildirib
Helikopter qəzası zamanı şəhid olan hərbçilərlə vida mərasimi saat 12-də keçiriləcək

Noyabrın 30-da Milli Məclisin Elm və təhsil komitəsinin onlayn formatda iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, komitə sədri Bəxtiyar Əliyev əvvəlcə iclas iştirakçılarını torpaqlarımızın işğaldan azad olunması münasibətilə təbrik edib. O, sentyabrın 27-də Ermənistanın Azərbaycana hücumlarına qarşı əks-hücuma başlayan şanlı Ordumuzun tarixi Qələbəsindən söhbət açıb. Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dövlətçilik siyasəti, güclü iradəsi və əzmi ilə Ermənistanın baş naziri Nikol Paşinyanın sonda kapitulyasiyaya məcbur edilməsinin xalqımıza xüsusi qürur hissi yaşatdığını deyib.

Onlayn iclasda Fransa Senatının qondarma “Dağlıq Qarabağ respublikası”nın tanınması barədə qəbul etdiyi qərəzli qətnamədən, bunun Azərbaycanın tarixi-mədəni irsinin, təbii resurslarının məhv edilməsinə görə Ermənistanı gözləyən ağır sanksiyalardan işğalçı dövləti qorumaq cəhdi olduğundan danışılıb.

Sonra komitədə “Təhsil haqqında” qanun layihəsinə dəyişiklik edilməsi barədə məsələ müzakirəyə çıxarılıb. Bəxtiyar Əliyev qanuna təklif olunan dəyişikliklər haqqında geniş məlumat verib. Komitə sədri bildirib ki, sənədə edilən dəyişikliklər texniki xarakter daşıyır, qanundakı terminlərin dəqiqləşdirilməsi, təhsil haqqında dövlət sənədlərinin verilməsi sahəsində elektron informasiya sistemlərinin tətbiqini nəzərdə tutur. Layihədə təhsil haqqında dövlət sənədlərinin “Təhsil Mərkəzləşdirilmiş İnformasiya Sistemi” üzərindən formalaşdırılmasının təklif edildiyi qeyd olunub.

Komitə üzvləri Musa Qasımlı, Müşfiq Məmmədli, Aqiyə Naxçıvanlı, Anar İsgəndərov, Pərvin Kərimzadə, Eldar Quliyev, Ceyhun Məmmədov, Şahin Seyidzadə, Etibar Əliyev sənədlə bağlı fikirlərini bildirib, təkliflərini səsləndiriblər.

İclasda “Bədən tərbiyəsi və idman haqqında”, “Peşə təhsili haqqında”, “Ümumi təhsil haqqında” qanunlarda dəyişiklik edilməsi barədə sənəd də müzakirə edilib. Bəxtiyar Əliyev qanun layihələrinin qanunvericiliyin təkmilləşdirilməsi, peşə təhsili və ümumi təhsil haqqında dövlət sənədlərinin müvafiq qayda ilə “Təhsil Mərkəzləşdirilmiş İnformasiya sistemi” üzərindən formalaşdırılması məqsədilə hazırlandığını diqqətə çatdırıb.

İclasın sonunda qanun layihələrinin Milli Məclisin plenar iclasına tövsiyə edilməsi qərara alınıb.

AZƏRTAC