MİRABOV Rəşad Akif oğlu (3.5.1975, Mingəçevir ş. – 17.3.1995, Bakı) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1992, ölümündən sonra).
3 may 1975-ci ildə Mingəçevir şəhərində dünyaya göz açmışdır. 1982-ci ildə 7 saylı Mingəçevir şəhər orta məktəbinə getmişdir. O, doqquzuncu sinfi bitirib, axşam məktəbində oxuya-oxuya, atasının işlədiyi Mərziyə Davudova adına Mingəçevir Dövlət Dram Teatrında dərzi köməkçisi işləməyə başladı. 12 may 1993-cü ildə Mingəçevir şəhər Hərbi Komissarlığı tərəfındən Milli Orduya çağırıldı. O, əvvəlcə Nasosnıda (indiki H.Z.Tağıyev qəsəbəsi – red.), sonra isə Səngəçalda və Şubanıda hərbi təlim keçdi, xüsusi təyinatlı hissədə kəşfıyyatçı-minaaxtaran peşəsinin sirlərinə dərindən yiyələndi.
Vətən ağır günlərini yaşayırdı. Torpaqlarımızın bir hissəsi işğal olunmuşdu. Rəşadın xidmət etdiyi hərbi hissə 1994-cü ilin yanvarında Tərtər bölgəsinə göndərildi. Buradan isə Füzuliyə – gərgin döyüşlər gedən zonaya üz tutdular. Hərbi hissə Füzuli bölgəsində bir neçə əməliyyatda iştirak etdi. O, yenidən Tərtərə qayıtdı. Ölkədə atəşkəs elan olunduqdan sonra isə Bakıya – əvvəllər xidmət etdiyi hissəyə qayıtdı. Rəşad ağlına da gətirə bilməzdi ki, o qanlı-qadalı döyüşlərdən sonra yenə təhlükəli günlər yaşayacaq. Bu, 1995-ci ilin 17 mart hadisələri zamanı oldu. Bir dəstə qiyamçı dövlət çevrilişinə cəhd etdi. Danışıqlarla qarşıdurmanı həll etmək mümkün olmadı. R.Mirabov da həmin gün vətəndaşlıq borcunu yerinə yetirirdi. O, qiyamçılara qarşı aparılan əməliyyatda qəhrəmancasına həlak oldu.
Subay idi.
Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Mirabov Rəşad Akif oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Mingəçevir şəhər Şəhidlər Xiyabanında dəfn edilmişdir.
Təhsil aldığı 7 saylı orta məktəbə onun adı verilmişdir. Məktəbin qarşısında və Şəhidlər muzeyində büstü qoyulmuşdur.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 208