“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabı təqdim edildi

Beynəlxalq müşahidəçiləri səsvermə prosesini necə qiymətləndirir?
XİN sosial şəbəkədə işğal edilmiş ərazilərdə qeyri-qanuni fəaliyyətlərə dair məlumatı əks etdirən hesab yaradıb
Özbəkistan QHT-lərindən ibarət nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

1905.az kitabı seriyasından nəşr edilmiş “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabının Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) www.1905.az portalının redaksiyasında təqdimat mərasimi keçirilib.

Kitabda Azərbaycan Cümhuriyyətinin qurucularından biri Məhəmmədəmin Rəsulzadənin (1884-1955) azərbaycanlı mühacir Süleyman Məmmədova (Təkinərə) (1917-2006) Türkiyədə yaşadığı dövrdə yazdığı məktublar toplanıb. Azərbaycan mühacirəti tarixinin öyrənilməsi üçün qiymətli mənbə rolunu oynayan məktublar 1950-1955-ci illəri əhatə edir. Həmin dövrdə M.Rəsulzadə Türkiyədə Azərbaycan tarixinin və mədəniyyətinin təbliği ilə məşğul olur, eyni zamanda Azərbaycanın müstəqilliyi uğrunda sovet quruluşuna qarşı mübarizəsini davam etdirirdi.

Mərasimi giriş sözü ilə açan 1905.az saytının direktoru Fuad Babayev “Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu” kitabının məsul redaktoru Gündüz Nəsibovun vəfatını tarix üzərində köklənən media üçün ciddi itki kimi dəyərləndirib.

AVCİYA-nın  vitse-prezidneti Dəyanət Musayev təşkilatın həyata keçirdiyi layihələrdən, nəşr etdiyi kitablardan, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasındakı rolundan danışıb.

Kitabın tərtibçisi tarix üzrə fəlsəfə doktoru Fərhad Cabbarov kitabın yaranma tarixi  haqqında məlumat verib, Məhəmmədəmin Rəsulzadənin məktubları yazmış olduğu azərbaycanlı mühacir Süleyman Məmmədov (Təkinər) haqda danışıb. Onun çox faciəvi həyat keçirdiyini,  atasının repressiya olduğu, özünün isə 2-ci dünya savaşında almanlara əsir düşdüyü, əsirlikdə əziyyətlər çəkdiyini, müharibədən sonrakı mühacir həyatı və Məhəmmədəmin Rəsulzadə ilə görüşlərini qeyd edib. Bu məktubların Süleyman Təkinərin Bakıda yaşayan nəvəsi Şahin Məmmədovun və Almaniyada yaşayan qızı Leyla xanımın da razılığı əsasında Milli Azərbaycan Tarixi Muzeyinə bağışlandığını bildirib.

Süleyman Təkinərin ailə üzvü Rauf Həsənov Təkinərin 50 ildən sonra, 1992-ci ildə Bakıya necə gəlməsi, doğulduğu Mərdəkana getməsi, vəfat edərkən bu məktubların Azərbaycandakı qohumlarına çatdırılmasını vəsiyyət etməsindən bəhs edib. O, 2009-cu ildə Bakıya çatdırılan məktubları möhkəm qoruduğunu və yalnız 2018-ci ildə Tarix Muzeyində konfransda Fərhad Cabbarovla təsadüfi görüşdən sonra onları kitabın tərtibçisinə necə təqdim etdiyindən söz açıb.

Sonra çıxış edən tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova Rəsulzadənin Türkiyədə əsas tədqiqatçısı olan Yavuz Akpınarın vasitəsilə Rəsulzadənin arxivində Təkinərin Məhəmmədəminə yazdığı məktubların üzə çıxması ehtimalını səsləndirib. Məktubların informasiya baxımından olduqca dəyərli olmasını qeyd edərək onlarda şəxsi-məişət xarakterli informasiyanın çox cüzi yer tutması, əvəzində isə onların ictimai-siyasi məzmununun daha çox olmasını, məktublarda 28 mayın və 27 aprelin xüsusi olaraq bir neçə dəfə yazılmasını, mühacirlərin əsas qayğılarını, onların bolşevizmə, ağ qvardiyaçılara, hitlerçiliyə qarşı münasibətini qeyd edib. Bildirib ki, məktublar yalnız mühacirlərin həyatını deyil, onların gördükləri işin hesabatını da canlandırıb.

Yazıçı-jurnalist, Rəsulzadələr ailəsinin tədqiqatçısı Nəcibə Bağırzadə Rəsulzadə haqqında danışaraq kitabın Cumhuriyyətin 100 illiyinə gözəl töhfə olduğunu qeyd edib. Rəsulzadənin çox böyük insan olduğunu və yüksək xidmətlərini vurğulayaraq onun hətta adi məktublarının belə tarixi önəm daşıdığını bildirib. O, bu məktubları şəxsi, özəl deyil xalq üçün dəyərli məktublar adlandırıb.

Görüşün sonunda həmçinin “1905.az kitabı” seriyasından işıq üzü görmüş və Azərbaycan Xalq Cümhuriyyətinin şərəfli tarixini tədqiq edən alimlərimizin www.1905.az portalında dərc edilmiş müsahibələrinin toplandığı  “23 aylıq yol 23 müsahibədə” kitabı haqqında da məlumat verilib.

1905.az