MURTUZƏLİYEV Sergey Murtuzəli oğlu

BEHBUDOV Səfiyar Abuzər oğlu
HƏSƏNOV İlham Gülbala oğlu
MUSAYEV Aqil Hüseyn oğlu

MURTUZƏLİYEV Sergey Murtuzəli oğlu (17.11.1963, Bakı ş., Pirallahı q. – 30.8.1993, Bakı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (16.9.1994, ölümündən sonra).

1963-cü il noyabrın 17-də Baknıın Pirallahı qəsəbəsində dünyaya göz açmışdır. Uşaqlıqdan arzusu təyyarəçi olmaq idi. Orta məktəbi bitirdikdən sonra təyyarəçilər məktəbinə daxil olmuşdur. Buranı müvəffəqiyyətlə başa vurduqdan sonra, təhsilini Yeysk Ali Hərbi Aviasiya Məktəbində davam etdirmişdir.

O, bir müddət Rusiyada işləmişdir. Sonra Kürdəmirə gələrək, hərbi aviasiya alayında xidmət etməyə başlamışdır. Polkovnik- leytenant rütbəsinəcən yüksəlmişdir.

Rus hərbçiləri gedəndən sonra köhnə təyyarələri özü təmir edirdi.

Qəlbi hər an Vətən üçün döyünürdü. Qarabağa ilk uçuş edənlərdən biri də Sergey oldu. Qısa müddətdə ad-san çıxardı. Onun igidliyi dillərdə gəzirdi. Adətən havaya qalxanda, təyyarəni əvvəlcə göydə oynadırdı, buna görə də hamı onun Sergey olduğunu bilirdi.

Onun təyyarəsi erməni yaraqlıları tərəfindən iki dəfə vurulmuşdu. O, məharətlə təyyarəni yerə endirmiş, özü də salamat qalmışdı. Sergey dəfələrlə Qarabağa uçuşlar etmiş, əhalinin təhlükəsiz yerə çıxarılmasında böyük rəşadət göstərmişdi.

O, xidmət etdiyi hissədə böyük hörmət qazanmışdı. Hər dəfə uçuşa gedəndə, dostları onun yolunu səbirsizliklə gözləyirdilər. Sergeyin düşmənə vurduğu zərbələrin hər biri bir qəhrəmanlıq idi. Onun adı bir əfsanəyə çevrilmişdi.

30 avqust l993-cü il… Təlim uçuşu… O, kursantlara təyyarənin sirlərini öyrədərkən qəzaya uğradı.

Evli idi. İki qızı yadigar qalıb.

Azərbaycan Respublikası Prezidentinin 16 sentyabr 1994-cü il tarixli 202 saylı fərmanı ilə polkovnik-leytenant Murtuzəliyev Sergey Murtuzəli oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Sergey Dərbənd şəhərinin Darğuş kəndində dəfn edilmişdir.

Kürdəmir Hərbi Aviasiya alayında onun büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 216