“Nəsimi ili” çərçivəsində ilk tədbir Milli Kitabxanada təşkil olunub

Muzeyə İmadəddin Nəsiminin “Divan”ı hədiyyə edilib
İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan sərgi açılıb
“İmadəddin Nəsimi 650: hürufizm təlimində kamil insan konsepsiyası” adlı ədəbi-bədii tədbir keçirilib

“Nəsimi ili” çərçivəsində ilin ilk tədbiri yanvarın 29-da M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasında təşkil olunub.

AZƏRTAC xəbər verir ki, “İmadəddin Nəsimi-650” adlı tədbir Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə reallaşıb.

Milli Kitabxananın direktoru Kərim Tahirov deyib ki, tədbir Prezident İlham Əliyevin bu ilin “Nəsimi ili” elan edilməsi haqqında imzaladığı müvafiq Sərəncama uyğun olaraq təşkil olunub: “Mənə elə gəlir ki, bu illərdən xalqımıza cild-cild kitablar və filmlər qalacaq. Nəsiminin ilk dəfə yubileyinin ölkəmizdə keçirməsinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olub. Bu gün o ənənə uğurla davam etdirilir. “Nəsimi ili” bunun əyani göstəricisidir. Bugünkü gənc nəsil Nəsimini daha yaxından tanıyacaq, onun haqqında kitablar, elmi əsərlər yazılacaq və gələcək nəsillər də bundan yaxşıca bəhrələnə biləcəklər”.

Mədəniyyət naziri Əbülfəs Qarayev söyləyib ki, bu ilin bütövlükdə İmadəddin Nəsiminin adı ilə bağlı olması olduqca təqdirəlayiqdir.

“Sərəncam bu böyük şəxsiyyətin yaradıcılığını, xalqımıza verdiyi böyük töhfələri yenidən dərk və təhlil etmək üçün fürsət yaratdı. Xalqımızın tarixində böyük mütəfəkkirlər, ədiblər olub. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Nəsiminin yubileyinin UNESCO səviyyəsində qeyd edilməsi Azərbaycan tarixində olduqca fövqəladə hadisəyə çevrilmişdi. O vaxt Nəsimiyə heykəl də qoyuldu, film də çəkildi, elmi işlər yazıldı, kitablar çap edildi”, – deyə Ə.Qarayev bildirib.

Nazir vurğulayıb ki, ötən müddətdə Nəsiminin adı nəinki ölkəmizin daxilində, hətta beynəlxalq arenada da uca tutulub, yaradıcılığı ilə dünya ictimaiyyəti tanış olub: “UNESCO səviyyəsində Nəsimi ilə bağlı Birinci vitse-prezident Mehriban Əliyevanın dəstəyi nəticəsində bir sıra tədbirlər təşkil edilib. Ötən il Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə ölkəmizdə ilk dəfə Nəsimi incəsənət Festivalı keçirildi. Festival çərçivəsində Azərbaycana çoxsaylı ölkələrdən ədiblər, alimlər və tədqiqatçılar gəldi. Bu festival da Nəsimi irsinin təbliği və dünyaya bir daha tanıdılması ilə yanaşı, ölkəmizin də yaxşı tanınması üçün yeni imkanlar açdı. “Nəsimi ili” xalqımızın mənəviyyatı və mədəniyyəti ilə bir başa əlaqəlidir. Biz bu il üçün tədbirlər planı hazırlamışıq. İlk addımı buradan başlayırıq”.

Milli Məclisin deputatı, akademik Nizami Cəfərov qeyd edib ki, “Nəsimi ili” bu böyük mütəfəkkiri dərk edərək öz coğrafiyamızla yanaşı, bütün dünyada təbliğ edəcək.

“Bütün dünyanın dilində danışan Nəsiminin dili, həm də bizim ana dilimizdir. Nəsimi şairlərimizin içində ən çox fəlsəfi, poetik və “mən”i olan şairdir. Onun yaradıcılığında həm özünün şəxsiyyəti, ideologiyası, həm də dili və milli mənliyi dayanır. Bu mənada Nəsimini dərk etməyimiz çox möhtəşəmdir”, – deyə N. Cəfərov söyləyib.

Milli Məclisin deputatı Qənirə Paşayeva deyib ki, ulu öndər Heydər Əliyevin Nəsimi ilə bağlı yanaşması və Prezident İlham Əliyevin bu Sərəncamı Azərbaycanın tarixi şəxsiyyətlərini tanımağı, oxumağı və sevməyi təlqin edir. “Nəsimi ili” ilə xalqımızın daha dərin qatlarda və geniş miqyasda tanınma imkanı əldə edəcək.

Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutun direktoru, akademik Teymur Kərimli, filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Qəzənfər Paşayev, Azərbaycan Yazıçılar Birilliyinin katibi İlqar Fəhmi və digərləri çıxış edərək tədbirin əhəmiyyətindən, “Nəsimi ili”nin önəmindən, böyük mütəfəkkirin zəngin yaradıcılıq palitrasından bəhs ediblər.

Sonra qonaqlar Milli Kitabxananın foyesində açılmış 300-dək kitabın yer aldığı “İmadəddin Nəsimi-650” adlı kitab sərgisinə baxıblar.