NAĞIYEV Dilqəm Heydər oğlu

BABAYEV Nazim Abbas oğlu
İBRAHİMOV Nurəddin İslam oğlu
HƏSƏNOV İlham Gülbala oğlu

NAĞIYEV Dilqəm Heydər oğlu (24.6.1975, Mingəçevir ş. – 15.3.1995) – Azərbaycanın Milli Qəhrəmanı (4.4.1995, ölümündən sonra).

1975-ci il iyunun 24-də Mingəçevir şəhərində anadan olmuşdur. 1990-cı ildə 9 saylı Mingəçevir şəhər orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra o, 69 saylı texniki- peşə məktəbində təhsilini davam etdirmiş, elektrik çilingəri peşəsinə yiyələnmişdir. 1993-cü il avqustun 7-də Milli Ordu sıralarına çağırılan Dilqəm Vətənin müdafiəsinə yollanır. O, Bakıdakı hərbi hissələrin birində hərbi təlim keçdikdən sonra Gəncə şəhərinə, oradan isə Füzuli döyüş bölgəsinə göndərilır.

D.Nağıyevin ilk döyüş yolu da buradan başlayır. O, Əhmədbəyli, Mahmudlu, Bala Bəhmənli, Böyük Bəhmənli, Kürdrmahmudlu kəndlərinin müdafıəsində böyük şücaət göstərir. Komandirləri Dilqəmin döyüş rəşadətini yüksək qiymətləndirirdilər. Elə buna görə də qısa bir vaxtda ona çavuş rütbəsi verilir.

O, daim öz üzərində çalışır, silahlardan istifadə etmək qaydasını inadla öyrənirdi. Bu da onun döyüşlərdə uğur qazanmasına kömək edirdi.

1994-cü ilin oktyabrında Gəncədə dövlət çevrilişinə cəhd zamanı mühüm obyektlərin geri alınmasında Dilqəmin xidmətləri az olmamışdır. 15 mart 1995-ci ildə ikinci dəfə dövlət çevrilişinə cəhd edilərkən, Tovuz-Ağstafa zonasında əsgərlərlə birlikdə qiyamçıların ram edilməsi əməliyyatında şücaət göstərən Dilqəm Nağıyev qarşı tərəfdən açılan atəş nəticəsində həlak oldu.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 4 aprel 1995-ci il tarixli 307 saylı fərmanı ilə Nağıyev Dilqəm Heydər oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.

Mingəçevir şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

9 saylı Mingəçevir şəhər orta məktəb, Qəhrəmanın adını daşıyır. Məktəbin önündə büstü qoyulmuşdur.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 223