Naxçıvan mühüm logistika və turizm mərkəzinə çevriləcək

Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi elçisinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Uşaqların Beynəlxalq Müdafiəsi Günü Pakistanda xüsusi qüsurlu uşaqlarla birgə qeyd olunub
Xarici İşlər Nazirliyi 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı bəyanat yayıb

Naxçıvanda 2-ci Azərbaycan-Türkiyə regional iqtisadi forumunda iştirak edən Türkiyə nümayəndə heyəti ilə görüş keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, görüşdə çıxış edən Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov forumun qarşılıqlı ticarət və iqtisadi əlaqələrin daha dərindən inkişafı baxımından əhəmiyyətinə toxunub.

Bildirib ki, Prezident İlham Əliyev Naxçıvana xüsusi diqqət ayırır. “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. Növbəti ildən başlayaraq Azad İqtisadi Zona elan edilən muxtar respublikada sahibkarlar 10 il müddətinə gəlir, əmlak, torpaq və sadələşdirilmiş vergilərdən, eləcə də gömrük rüsumlarından azad ediləcək. Bu islahatlar yerli iş adamları ilə yanaşı, türkiyəli investorlar üçün də əlverişli biznes mühiti yaradacaq.

Xüsusilə dövlət başçısının səyləri nəticəsində bölgədə sülh prosesinin başlanması, Zəngəzur dəhlizinin reallaşması istiqamətində atılan addımlar Naxçıvanı mühüm logistika və turizm mərkəzinə çevirəcək.

Səlahiyyətli nümayəndə türkiyəli iş adamlarını fəal işbirliyinə dəvət edib.

Qars valisi Ziya Polat, İğdır valisi Ercan Turan və Ərdahan valisi Hayrettin Çiçek qarşılıqlı səfərlərin əlaqələrin daha dərin müstəvidə inkişafına şərait yaradacağına əminliklərini bildiriblər. Türkiyənin yaxın bölgələrinin Naxçıvanla ticarət əlaqələrinin ən üst səviyyəyə çıxmasında maraqlı olduqlarını bildirən qonaqlar Zəngəzur dəhlizinin reallaşmasının Naxçıvanla yanaşı, Türkiyənin İğdır, Qars, Ağrı və Ərdahan vilayətlərinin də inkişafında əsaslı rol oynayacağını diqqətə çatdırıb, qarşılıqlı işbirliklərinin fayda verəcəyini vurğulayıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov rəhbərlik etdiyi qurumun Türkiyədə fəaliyyət göstərən müvafiq qurumlarla yaxşı əməkdaşlıq qurduğunu deyib, qarşılıqlı biznes missiyalarının reallaşdırılmasında bundan sonra dəstəklərini əsirgəməyəcəklərini qeyd edib.

Söhbət zamanı sərhədyanı ticarət və gömrük güzəştlərinin tətbiqi istiqamətlərində perspektiv imkanlar, ticarət disbalansının aradan qaldırılması, eləcə də qarşılıqlı maraqdoğuran digər məsələlər müzakirə olunub.

Görüşdə Azərbaycan Respublikasının Qars şəhərindəki Baş konsulu Zamin Əliyev və Türkiyənin Naxçıvandakı Baş konsulu Asip Kaya iştirak ediblər.

AZƏRTAC