Naxçıvanda 11 min hektardan artıq ərazi və Şərurun Günnüt kəndi işğaldan azad edilib

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Zəngilan rayonunda səfərdə olublar
Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul edib
Prezident İlham Əliyev İtaliyanın müdafiə nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

1992-ci ildə erməni silahlı birləşmələri tərəfindən işğal edilən Şərur rayonunun Günnüt kəndi 26 ildən sonra ordumuz tərəfindən azad olunub.

Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, 26 illik yurd həsrəti sona çatan kənd camaatı doğma torpaqlarına qayıdıb, yaxınlarının məzarlarını ziyarət ediblər. Günnüt məzarlığında 26 il sonra müqəddəs “Qurani-Kərim” oxunub.

Ötən əsrin 90-cı illərində Şərur rayonunun Sədərək, Günnüt, Havuş və Şahbulaq kəndləri aramsız düşmən hücumlarına məruz qalıb. Həmin vaxt işğal edilən Şərur rayonunun Günnüt kəndində yaşayış binaları, o cümlədən bir çox sosial obyektlər dağıdılıb, qaynar həyatın hökm sürdüyü qədim yaşayış yerimiz erməni vandalları tərəfindən xarabalığa çevrilib. Kəndin yaşayış evləri ilə birlikdə məktəbi, tibb məntəqəsi, kitabxanası, eləcə də qəbiristanlığı və məscidi dağıdılıb, kənd camaatı rayonun digər yaşayış məntəqələrinə, əksəriyyəti isə Şərur rayonundakı Mahmudkəndə köçməyə məcbur qalıb.

Erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajında da qeyd edildiyi kimi, mayın son günlərində Şərur rayonunun Günnüt kəndi və ətrafındakı mühüm strateji əhəmiyyətli yüksəkliklər Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatları ilə işğaldan azad edilib. Bununla da ordumuz daha əlverişli mövqelərə sahiblənib, “Xunut” dağı və “Ağbulaq” yüksəkliyi, daha sonra isə “Qızılqaya” dağı və “Mehridağ” işğaldan azad edilərək Dərələyəz mahalının Arpa kəndi (ermənilər adını dəyişdirərək “Areni” qoyublar) nəzarət altına keçib.

Ümumilikdə, 11 min hektara yaxın ərazi düşməndən azad edilib. Bu ərazinin isə 8 min hektardan çoxu əkin üçün, xüsusilə dəmyə əkinçiliyi üçün yararlı ərazilərdir. Şərur rayonunun Günnüt kəndini nəzarətdə saxlamağa imkan verən, dəniz səviyyəsindən 1683 metr hündürlükdə yerləşən “Qızılqaya” yüksəkliyinin ən böyük strateji əhəmiyyəti isə ordumuza İrəvan-Yexeqndzor-Gorus-Laçın-Xankəndi avtomobil yoluna nəzarət etməyə imkan verməsidir. Ərazinin etibarlı müdafiəsi və təminat məqsədi ilə 50 kilometr yeni yol çəkilib, 50 kilometrdən çox yararsız yollar isə bərpa edilib. Strateji əhəmiyyətli Arpaçay Su Dəryaçasının taktiki cəhətdən etibarlı mühafizəsinin təşkili üçün hakim yüksəkliklərdə yeni müdafiə mövqeləri qurulub.

Elə bu günlərdə həmin kənddən reportaj yayımlayan erməni mediası və saytlarının məlumatları, eləcə də, “razm.info armenia” portalının videoreportajı da deyilənləri təsdiq edir. Həmin videoreportajda Azərbaycan Ordusunun irəliləməsindən və kəndin yaxınlığındakı postlarda mövqe tutmasından ciddi narahat olan kənd əhalisi Ermənistan Müdafiə Nazirliyinin onları aldatdığını və ordunun əraziləri qorumaq iqtidarında olmadığını qeyd edirlər.

26 illik həsrətdən sonra günnütlülər maşın karvanı ilə doğma torpağa qayıdıb, əzizlərinin məzarını ziyarət ediblər. Öz ata-baba yurdlarına, doğma ocaqlarına qayıdan Günnüt kəndinin sakinləri əcdadlarının uyuduğu qəbiristanlıqda dünyasını dəyişmiş günnütlülərin və şəhidlərimizin ruhlarına dualar edib, məzarların üstünə gül düzüblər.

Günnüt camaatı qüdrətli ordumuzun onlara bəxş etdiyi sevinc və xoşbəxtliyə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.