Novruz bayramı münasibətilə Azərbaycan xalqına təbrik

Elxan Süleymanov: “Yeni ensiklopediyamızı Heydər Əliyevin xatirəsinə ithaf edəcəyik”
Prezident İlham Əliyev zəlzələnin baş verdiyi Şamaxıda olub
Sərtləşdirilmiş karantin rejiminin tətbiq edildiyi şəhər və rayonlardakı məhkəmələrdə bütün işlərin qəbulu bərpa olunur

Hörmətli həmvətənlər!

Sizi Novruz bayramı münasibətilə ürəkdən təbrik edir, bu əziz bayram günlərində hamınıza bahar əhval-ruhiyyəsi, cansağlığı və səadət arzulayıram.

Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır.

Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir.

Baharın yurdumuza hər gəlişi əsrlərin yaddaşında iz qoymuş mərasimlərimizə uyğun, yüksək təntənə ilə qeyd olunur. Qloballaşma dalğasının geniş vüsət aldığı və ənənəvi dəyərlərin sürəkli dəyişikliklərə məruz qaldığı bir zamanda Novruz bayramı tarixi-mədəni irsə bağlılığımızın ifadəsinə çevrilmişdir. Özündə insanlığa xas ali dəyərləri cəmləşdirmiş bu bayramın UNESCO tərəfindən ümumbəşəri irsin şah əsərləri sırasına daxil edilməsi hər birimiz üçün iftixar mənbəyidir.

Dayanıqlı inkişaf yolunda ciddi uğurlara nail olmuş Azərbaycanın islahatların növbəti mərhələsinə qədəm qoyması yaz fəslinin yeniləşdirici ovqatı ilə həmahəng səsləşərək qurub-yaratmaq əzmimizi artırır. Həyatımızın ayrı-ayrı sahələrindəki davamlı müasirləşmə meyilləri ilə vahid axarda gerçəkləşdirilən müxtəlif layihələr ölkə vətəndaşlarının rifahının daha da yaxşılaşdırılmasına yönəlmişdir. Qoy bu bayram hər evə xoş ovqat gətirsin və hər ocağa bol sevinc, ruzi-bərəkət bəxş eləsin.

Novruz bayramınız mübarək olsun!

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 18 mart 2019-cu il.