Noyabrın 1-i Kənd təsərrüfatı işçilərinin peşə bayramı günüdür

Prezident İlham Əliyev Novruz bayramı münasibətilə ümumxalq şənliyində iştirak edib
“Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu” sənədli filmi Los-Ancelesdə nümayiş etdirilib
Türk Şurasının Zirvə toplantısı başlayıb

Son illərdə ölkəmizdə kənd təsərrüfatının modernləşdirilməsi, aqrar sektorda mövcud problemlərin həllinə sistemli və kompleks yanaşılması, ölkənin aqrar potensialının təbliği istiqamətində mühüm uğurlar əldə edilib. Aqrar islahatların müasir mərhələsi ilə bağlı Prezident İlham Əliyev tərəfindən qəbul olunmuş qərarlar, ölkədə bu sahənin institusional, iqtisadi və texnoloji inkişaf mexanizmlərinin təkmilləşdirilməsi istiqamətində kompleks tədbirlərin icrası kənd təsərrüfatının keyfiyyətcə yeni inkişaf mərhələsinə keçməsinə təkan verib.

AZƏRTAC kənd təsərrüfatı işçilərinin peşə bayramı günündə bu ilin ötən dövründə aqrar sektorda qazanılan nailiyyətlərə, məhsul istehsalı və ixracın dinamikasına, dövlətin kəndli-fermerlərə göstərdiyi dəstəyin nəticələrinə, eləcə də uzun illərdən sonra azad edilən torpaqlarda həyata keçirilən mühüm layihələrə nəzər salır.

Şəffaflıq, hesabatlılıq və operativlik

Prezident İlham Əliyevin müvafiq Fərmanına əsasən aqrar sektorda şəffaflığın, hesabatlılığın və operativliyin təmin edilməsi məqsədilə Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) yaradılıb.

Bu günə olan məlumata görə, EKTİS-də artıq 580 min 689 fermer qeydiyyatdan keçib. Bu sistemdə şəxsi kabinet yaratmaq, məlumatları ardıcıl şəkildə sistemə daxil etmək üçün Dövlət Aqrar İnkişaf mərkəzlərinin əməkdaşları, Aqrar İnkişaf Könüllüləri və ASAN Könüllüləri fermerlərə informasiya məsləhət xidməti göstərirlər.

EKTİS sisteminin tətbiqinə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi də dəstək verir. Fermerlər DAİM-lərə və ASAN Xidmət mərkəzlərində yaradılmış xüsusi xidmət pəncərələrinə yaxınlaşaraq EKTİS-in tətbiqi ilə bağlı məsləhət ala bilirlər.

Fermerlər aqrar subsidiyalarını da artıq EKTİS üzərindən alırlar.

Aqrar sektorda məhsul istehsalının artım dinamikası

Aqrar sektorda məhsul istehsalında artım dinamikası bu il də davam etməkdədir. Doqquz ayda kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5 faiz artıb. O cümlədən heyvandarlıq məhsulları üzrə 2,6 faiz, bitkiçilik məhsulları üzrə isə 7,3 faiz artım olub.

Kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcminin dəyəri faktiki qiymətlərlə 7342.1 milyon manat təşkil edib ki, bunun da 45,7 faizi (3352.7 milyon manat) heyvandarlıq sahəsinin, 54,3 faizi (3989.4 milyon manat) bitkiçilik sahəsinin payına düşüb. Kənd təsərrüfatı, meşə və balıqçılıq sahəsində yaradılan əlavə dəyərin ÜDM-də payı 6,9 faiz təşkil edib.

Kənd təsərrüfatında ixrac dinamikası

Ölkəmizdə aqrar sahənin inkişafı kənd təsərrüfatı məhsullarının ixracına da əhəmiyyətli təsir göstərib. Bu sektorun ixrac potensialı yüksəlib, kənd təsərrüfatı məhsullarının ölkənin valyuta gəlirlərinin formalaşmasında rolu artıb.

Cari ilin doqquz ayında 571,2 milyon ABŞ dolları həcmində kənd təsərrüfatı məhsulu ixrac olunub. Məhsul ixracının həcmi ötən ilin müvafiq dövrünə nəzərən dəyər ifadəsində 14 faiz artıb.

Fermerlərə dövlət dəstəyi

Prezident İlham Əliyevin kənd təsərrüfatı məhsulları istehsalının səmərəsini artırmaq, bu məhsulların istehsalçılarına dövlət tərəfindən maliyyə yardımının göstərilməsini təmin etmək məqsədilə verdiyi qərarlar bu sektorun ildən-ilə böyüməsini, istehsal göstəricilərinin davamlı olaraq yüksəldilməsini stimullaşdırır, mütərəqqi texnoloji yeniliklərin, innovativ üsulların tətbiqi imkanlarını genişləndirir. Bu isə öz növbəsində ölkədə ərzaq təhlükəsizliyinin təmin olunmasına, idxaldan asılılığın azaldılmasına, eləcə də bolluq yaradılmasına və rifahın yaxşılaşdırılmasına, həmçinin aqrar sahənin ixrac potensialının artırılmasına gətirib çıxarır. Subsidiyaların ayrılması, güzəştli şərtlərlə gübrələrin verilməsi ilə bərabər, fermerlər üçün güzəştli kredit imkanları da yaradılıb.

Təkcə bu ilin yanvar-sentyabr aylarında Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 66 rayonda 3656 fermer-sahibkara 56.3 milyon manat məbləğində güzəştli kredit verilib. Bunun 32.9 milyon manatını texnika və avadanlıq təyinatlı kreditlər, 0.3 milyon manatını damazlıq təyinatlı kreditlər, 2.3 milyon manatını orta-iri həcmli kənd təsərrüfatı təyinatlı kreditlər, 20.9 milyon manatını isə mikrokreditlər təşkil edib. Doqquz ayda fermerlərin satın aldığı və ya lizinqə götürdüyü 5189 kənd təsərrüfatı texnikası üçün 54.3 milyon manat məbləğində güzəşt tətbiq edilib, kredit faizləri subsidiyalaşdırılıb. Həmçinin hesabat dövründə 151 sahibkarlıq subyektinə 3628 baş damazlıq heyvanın alışı üçün 8.4 milyon manat məbləğində güzəştli vəsait ayrılıb.

Kooperativlərə alternativ Azərbaycan modeli

Məlum olduğu kimi, ötən əsrin 90-cı illərində Azərbaycanda aparılan aqrar islahatlar nəticəsində torpaqlar fərdi mülkiyyətə verilib. Pay torpaqları əsasında çoxsaylı ailə-kəndli təsərrüfatları formalaşıb. Lakin hazırkı dövrdə fermerlərin əməkdaşlığı vacib məqamlardan biri kimi ön plana çıxır. Bu əməkdaşlıq bir çox problemlərin həllində mühüm rol oynaya bilər. “Vahid sahədə vahid əkin” konsepsiyası məhz belə bir əməkdaşlığı nəzərdə tutur.

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindəki məlumatların təhlili göstərir ki, ailə-kəndli təsərrüfatlarının böyük əksəriyyətinin sərəncamında olan pay torpaqlarının sahəsi 3-5 hektardan artıq deyil. Bu səbəbdən ölkədə xırda fermer təsərrüfatları üstünlük təşkil edir. Lakin kiçik fermer təsərrüfatlarının sərəncamında olan torpaq sahələrinin ölçüləri nəinki intensiv istehsalın təşkilini, suvarma işlərinin aparılmasını da çətinləşir. Eyni zamanda, kiçik pay torpaqlarında növbəli əkin sisteminin tətbiqi mümkün olmur və nəticədə istehsalın rentabellik səviyyəsi aşağı düşür.

Geniş ərazilərdə kiçik torpaq sahəsi olan fermerlərin üzləşdikləri çətinliklər Kənd Təsərrüfatı Nazirliyi tərəfindən ciddi təhlil edilib və “Vahid sahədə vahid əkin” layihəsi həyata keçirilməyə başlanılıb. Bu layihə vahid sahələrdə kiçik həcmdə pay torpaqları olan fermerlərin üzləşdikləri problemləri köklü şəkildə aradan qaldıracaq.

Yeni layihənin üstünlükləri təkcə bundan ibarət deyil. Bu, ölkənin torpaq və su ehtiyatlarından səmərəli istifadəyə imkan verən, növbəli əkinin həyata keçirilməsini asanlaşdıran, ən əsası fermerin gəlirlərini artıran bir modeldir.

“Vahid sahədə vahid əkin” yanaşması kooperativləşmə deyil, kənd təsərrüfatı kooperasiyalarının yaradılması istiqamətində bir mərhələdir. Vahid massivlərdə eyni bitkini becərmək də, kooperativ yaratmaq da könüllülük işidir, layihəyə qoşulan fermerlər gələcəkdə kooperativ yaradıb-yaratmamağa özləri qərar verəcəklər. Bu səbəbdən “Vahid sahədə vahid əkin” yanaşması indiki mərhələdə kooperativlərə alternativ Azərbaycan modeli sayıla bilər. Bu istiqamətdə fermerlərdən gələn təşəbbüslərin artması göstərir ki, model düzgün seçilib və layihənin tətbiqindən istər fermerlər, istərsə də dövlət qazanacaq.

Aqrar sığorta – dövlət-özəl sektor tərəfdaşlığı

Ölkəmizdə kənd təsərrüfatının inkişafına yönəlmiş daha bir mühüm addım aqrar sığorta sisteminin tətbiqidir. Prezident İlham Əliyevin “Aqrar sığorta haqqında” Azərbaycan Respublikası Qanununun və “Aqrar sığorta haqqında” Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə” Fərmanının icrası ilə əlaqədar dünyadakı mövcud aqrar sığorta modelləri araşdırılıb, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq Azərbaycan üçün dövlət-özəl sektor tərəfdaşlığını əsas tutan model hazırlanıb. Həmin modelə əsasən Aqrar Sığorta Fondu yaradılıb və aqrar sığorta mexanizminin tətbiqi təmin olunub.

Yeni sığorta mexanizminə əsasən, Azərbaycanda ilk dəfə olaraq müştərək sığorta sistemi formalaşıb. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə təsərrüfat sahələrini sığorta etdirməsidir. Dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayırır. Təkrar sığorta siyasəti və sığorta risklərinin düzgün qiymətləndirilməsi nəticəsində bu sahədə dayanıqlı və effektiv fəaliyyət təmin edilir.

Aqrar sektorun qarşısında duran mühüm vəzifələr

Ermənistanın hərbi təcavüzü əkin sahələrimizə, iş yerləri yaradan və kəndlərin inkişafını təmin edən ərzaq istehsalına da mənfi təsir göstərib. Bu təcavüz nəticəsində təmas xəttində yerləşən kəndlərdə xeyli sayda iri və xırdabuynuzlu heyvan tələf olub, yem ehtiyatları yandırılıb, on minlərlə hektar əkin sahələrində yığım məhdudlaşıb, kənd təsərrüfatı texnikası sıradan çıxıb. Ümumilikdə hərbi təcavüz yüz mindən çox fermerin həyatına təsir göstərib. Artıq o günlər geridə qalıb. Ötən il Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan torpaqlarımızda kənd təsərrüfatının bərpası üçün ilkin işlərə başlanılıb.

Torpaqlarımızın azad edilməsi kənd təsərrüfatının inkişafına müsbət təsir göstərəcək. Ölkənin əkin dövriyyəsi artacaq, azad olunmuş ərazilərdəki strateji əhəmiyyətli su anbarları yüz min hektarlarla sahənin suvarılmasını təmin edəcək. Bu torpaqlarda üzümçülük, taxılçılıq, pambıqçılıq və heyvandarlığın inkişafı üçün çox böyük potensial var. Bu potensialdan düzgün istifadə etməklə, eyni zamanda, aqrar emal sənayesini genişləndirməklə kənd təsərrüfatının davamlı inkişafı təmin olunacaq.

“Ağıllı kənd” və “Ağıllı kənd təsərrüfatı”

Zəngilanın Ağalı kəndində Azərbaycanda ilk dəfə “Ağıllı kənd” layihəsi həyata keçirilir. Təməli bu il aprelin 26-da dövlətimizin başçısı tərəfindən qoyulan layihənin icrası ilə bağlı 110 hektardan çox ərazidə tikinti işləri aparılır. İnnovativ tikinti materiallarından istifadə edilməklə tam izolyasiya olunmuş 200 fərdi ekoloji evin, ikimərtəbəli 4 qeyri-yaşayış binasının, 360 şagird yerlik məktəbin və 60 yerlik uşaq bağçasının tikintisi sürətlə davam etdirilir. “Ağıllı kənd”də müasir şəhərsalma standartları tətbiq olunacaq. Bir sözlə, öz doğma yurdlarına qayıdacaq sakinlər üçün hərtərəfli şərait yaradılacaq. Burada kənd təsərrüfatının təşkili və inkişafı ilə bağlı da bir sıra işlər görüləcək.

Artıq kənd təsərrüfatı məhsullarının istehsalı məqsədilə istifadə olunacaq torpaq sahələri müəyyənləşdirilib və lazımi innovativ texnikaların siyahısı hazırlanıb. “Ağıllı kənd təsərrüfatı”nda müasir suvarma sistemlərindən istifadə olunacaq. Əkin planına əsasən, müəyyənləşdirilən 600 hektar ərazidən 412 hektarının minalardan təmizlənməsi üçün müvafiq işlər aparılıb. Burada “Ağıllı idarəetmə sistemi” data və təhlil mərkəzindən həyata keçiriləcək.

Füzuli rayonunun Dövlətyarlı kəndində də “Ağıllı kənd” layihəsi icra olunur. Layihənin təməli bu il oktyabrın 17-də qoyulub. Yaşıl və alternativ enerjinin, “ağıllı idarəetmə” sisteminin tətbiq ediləcəyi “Ağıllı kənd” layihəsinə əsasən üç, dörd və beşotaqlı olmaqla, ümumilikdə ilkin mərhələdə 450 evin inşası nəzərdə tutulub. Burada, həmçinin məktəb və uşaq bağçası tikiləcək. Kəndin ətrafında isə “Ağıllı kənd təsərrüfatı” sahəsi olacaq. Beləliklə, sakinlərin rahat yaşaması və kənd təsərrüfatı ilə məşğul olması üçün bütün zəruri işlər həyata keçiriləcək.

Burada xarici investisiya əsasında alternativ enerji həlləri məqsədilə günəş paneli tarlası salınacaq. Kənddə biznes layihələri də icra olunacaq. Kartofçuluq dəyər zənciri üzrə müəssisələrin yaradılması planlaşdırılır. Kənddə Köndələnçay su anbarı əsasında ağıllı akvakultura sistemlərinin tətbiqi hesabına ixracyönümlü balıqçılıq təsərrüfatının qurulması da nəzərdə tutulub. Burada quşçuluq təsərrüfatı da yaradılacaq.

Ağıllı turizm həllərinin tətbiqi vasitəsilə kənd turizm infrastrukturu formalaşdırılacaq, otel infrastrukturu qurulacaq.

Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək layihə – “Dost Aqropark”

Zəngilanda həyata keçiriləcək digər mühüm layihə “Dost Aqropark”dır. Üç mərhələdə icra olunacaq layihənin təməli bu il oktyabrın 26-da Azərbaycan və Türkiyə prezidentləri tərəfindən qoyulub. Türk və azərbaycanlı sərmayədarlar tərəfindən icra olunan layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.

Layihə başa çatdıqda 6 min hektar sahədə bitki mənşəli istehsal və texnika sahələri yaradılacaq, 10 min baş cins heyvanın yetişdirilməsi üçün maldarlıq, eləcə də toxumçuluq və şitilçilik sahələri salınacaq. Bununla yanaşı, bütün bölgəyə hədəflənən inteqrasiya olunmuş ət emalı və qablaşdırma müəssisəsi qurulacaq, tutumu 100 min ton olan kənd təsərrüfatı anbarı sistemi inşa ediləcək. Kompleks, həmçinin bölgənin toxum, gübrə və kənd təsərrüfatı ləvazimatlarına tələbatını ödəyəcək. “Dost Aqropark” kompleksində ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpaolunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulacaq.

Qoyunçuluq və arıçılıq təsərrüfatları uzun illərdən sonra Kəlbəcər və Laçın yaylaqlarında

İşğaldan azad edilmiş Kəlbəcər rayonunda heyvandarlığın inkişafı üçün böyük potensial mövcuddur. Kəlbəcər yaylaqları sovetlər dövründə heyvan sürülərinin əsas köç yeri olub. İşğaldan əvvəlki dövrlərdə Azərbaycanın 30-dan artıq rayonunun heyvandarlıq təsərrüfatı mövsüm zamanı bu yaylaqların imkanından yararlanıb. Rayonun Sarıyer, Söyüdlü, Qoşadaş və digər yaylaqlarında zəngin bitki örtüyü var.

Bu amillər nəzərə alınaraq pilot layihə çərçivəsində bu il ümumi sayı 10 min başı keçməməklə 6 qoyunçuluq təsərrüfatının Kəlbəcər yaylaqlarına köçürülməsi təmin olunub.

Kəlbəcər rayonundan olan arıçılar da uzun həsrətdən sonra doğma yurdlarına qayıdaraq, burada yenidən öz təsərrüfatlarını qurublar. Bu arı təsərrüfatlarından birinin sahibi Oktay Hümbətovun dediyinə görə, 50 il bundan öncə atası da burada arı saxlayırdı: “Çox qəribə hisslər keçirirəm. Sevinirəm ki, torpaqlarımız azad olunub, yurd yerlərimizə qayıtmışıq. Bir tərəfdən də kədərlənirəm ki, bu yerlərdən 28 il idi uzaq düşmüşdük. Çox şükür ki, artıq doğma yurdumuza qayıtmışıq. Mən bu yerlərin hər daşına, torpağına bələdəm. Çünki uşaqlığım, gəncliyim bu yerlərdə keçib. Əlli il bundan qabaq rəhmətlik atam da Kəlbəcərdə həmin yaylağa arı yeşikləri qoymuşdu”. Oktay gələn il də yenidən həmin yaylağa gedərək dədə-baba peşəsini davam etdirmək fikrindədir.

Onun sözlərinə görə, Kəlbəcər balı həm diastaz, həm də polen tərkibinə görə çox yüksək keyfiyyətə malikdir. Bu, ölkəmizdə həm keyfiyyətli bal istehsalının artmasına, həm də kənd təsərrüfatı məhsullarının ixrac potensialının yüksəlməsinə səbəb olacaq. Gələcəkdə Kəlbəcər balının dünya bazarına çıxarılması da planlaşdırılır.

Azad edilmiş ərazilərdəki yaylaqlara yay mövsümündə ümumilikdə 4068, o cümlədən Laçın yaylaqlarına 531 arı ailəsi köçürülmüşdü.

Kənd Təsərrüfatı Nazirliyinin şöbə müdiri Vüqar Hüseynovla danışarkən bildirib ki, hər bir ölkədə ərzaq təhlükəsizliyi bir nömrəli məsələdir. Bu baxımdan aqrar sektorun qarşısında mühüm vəzifələr durur. Eyni zamanda, işğaldan azad olunmuş torpaqlarımızda da görüləsi çox işlər var. Kənd təsərrüfatı işçiləri bu vəzifələrin öhdəsindən gəlmək üçün bütün qüvvələrini səfərbər ediblər.

Göründüyü kimi, ölkəmizdə kənd təsərrüfatının davamlı inkişafı istiqamətində mühüm irəliləyiş əldə olunub. Qazanılan uğurlarda, ölkənin ərzaq təhlükəsizliyinin təmin olunmasında kənd təsərrüfatı işçilərinin böyük əməyi var. Onların bu əməyinə verilən yüksək qiymətin təzahürü olaraq hər il noyabrın 1-i Kənd Təsərrüfatı İşçiləri Günü kimi qeyd edilir.

Əlamətdar gün münasibətilə kənd təsərrüfatı işçilərini təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq.

AZƏRTAC