Pandemiyadan əziyyət çəkən məcburi köçkünlərə ərzaq kuponları paylanıb

Əli Əsədov: MDB-nin mədəniyyət paytaxtı statusu Laçına mədəni sərvətlərini və müxtəlifliyini layiqincə təqdim etmək imkanı verəcək
İşğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və quruculuq işlərinə artıq başlanıb
Bakıda Azərbaycan və Türkiyə hərbçiləri birgə təlim-məşqlərə başlayıb

Dövlət Miqrasiya Xidməti (DMX) yanında İctimai Şuranın Qaçqın və məcburi köçkünlərlə iş üzrə işçi qrupuna daxil olan “Sosial Rifah” Qaçqın və Məcburi Köçkünlər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Pandemiya şəraitində məcburi köçkünlər arasında ərzaq paylanışı” layihəsini uğurla icra edir.

İşçi qrupundan AZƏRTAC-a bildiriblər ki, bu il iyulun 1-dən reallaşdırılan layihənin məqsədi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi nəticəsində işğal olunmuş rayonlardan didərgin düşmüş və əsasən Bakıda məskunlaşmış məcburi köçkünlərin yaşadıqları icmalarda ərzaq kuponlarının paylanılması ilə bu kateqoriyadan olan şəxslərin sosial rifahını yaxşılaşdırmaqdır. Bunun üçün layihənin icra qrupu Bakı şəhərinin müxtəlif ərazilərində yığcam yaşayan məcburi köçkün icmalarında olub, həmin şəxslərdən ibarət əsas qruplarla görüşlər keçirib. Aidiyyəti dövlət qurumlarından əldə olunan məlumat əsasında layihənin hədəf qrupları müəyyənləşdirilib.

Aparılan ilkin qiymətləndirilmənin, o cümlədən maraqlı tərəflərlə keçirilən müzakirələrin nəticəsində layihə çərçivəsində əldə olunmuş ərzaq kuponlarının Bakı şəhəri Nəsimi rayonu Mərdanov qardaşları 119 ünvanında (keçmiş Volodarski adına tikiş fabrikinin sanatoriya-profilaktoriya binasında) məskunlaşan 170 məcburi köçkün ailəsinə təqdim edilməsi qərara alınıb. Ərzaq kuponlarını alacaq şəxslərin siyahıları dəqiqləşdirildikdən və maraqlı tərəflərin iştirakı ilə müvafiq qaydada siyahılar üzrə monitorinqlər aparıldıqdan sonra kuponların paylanılması prosesinə başlanıb.

Ərzaq kuponları alıcılara Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Katibliyinin ictimai təşkilatlar tərəfindən layihə çərçivəsində ediləcək birdəfəlik yardımların verilməsi ilə bağlı müəyyənləşdirdiyi təlimata uyğun olaraq, “Azərpoçt” MMC-nin struktur bölmələri vasitəsilə çatdırılıb. Ayrı-ayrılıqda zərflərlə qoyulmuş 170 kupon və layihə ilə bağlı zəruri məlumat həmin ünvanda yaşayan məcburi köçkünlərə qısa müddətdə təqdim edilib. Ümumilikdə, layihənin icrasından 320-si qadın və 280-ni kişi olmaqla 600 məcburi köçkün faydalanıb.

Ərzaq kuponlarının paylanıldığı ünvanda fəaliyyət göstərən “Məcburi Köçkünlərin Nəsimi İcması” İcma İnkişaf Şurası üzvlərinin adından layihənin icra qrupuna göndərdiyi təşəkkür məktublarında əhalinin bu kateqoriyasına aid edilən şəxslərə göstərilən diqqət və qayğıdan məmnunluqlarını ifadə ediblər. Məcburi köçkünlər layihənin icrasında zəhməti keçən dövlət qurumlarına, ictimai təşkilatlara dərin minnətdarlıqlarını bildiriblər.

Layihə fəaliyyətlərinin həyata keçirilməsində Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin müvafiq struktur bölmələrinin əməkdaşları, DMX yanında İctimai Şuranın Qaçqın və məcburi köçkünlərlə iş üzrə işçi qrupunun üzvləri və məcburi köçkünlərin yerli icma nümayəndələri yaxından iştirak ediblər.