Parlament payız sessiyasının ilk iclasında Azərbaycan xalqının Vətən müharibəsinin ildönümü ilə əlaqədar Bəyanat qəbul edib

“Mühacirət irsimizdən: Məhəmmədəmin Rəsulzadənin otuz məktubu”
Prezident İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
Ceyhun Bayramov: “Səmərəli və etibarlı tranzit marşrutlarının inkişafı dəhliz ölkələrinin geniş əməkdaşlığını tələb edir”

Milli Məclis Azərbaycan xalqının Vətən müharibəsinin ildönümü ilə əlaqədar Bəyanat qəbul edib.

Parlamentin sentyabrın 30-da keçirilən payız sessiyasının ilk iclasında Bəyanat qəbul edilib.

Bəyanatda bildirilir ki, Azərbaycanın beynəlxalq miqyasda tanınmış ərazisinin Ermənistan tərəfindən işğalına son qoyulmasını, dövlətimizin ərazi bütövlüyünün bərpasını təmin etmiş 44 günlük Vətən müharibəsinin başlanmasından 1 il keçir.

Azərbaycanın əzəli tarixi torpağı olan Qarabağ əsarətdən azad edilməsi son iki yüz ilə yaxın dövrdə xalqımızın məruz qaldığı torpaq itkiləri, etnik təmizləmələr və deportasiya silsiləsinə son qoymuş və onun tarixində yeni dövr açıb.

Qeyd olunur ki, Ermənistanın heç bir tarixi və hüquqi fakta söykənməyən əsassız ərazi iddiaları və təcavüzkarlıq siyasəti ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan ərazisinin 20 faizinin işğalına gətirib çıxarıb. Ermənistanda və Azərbaycanın işğal olunmuş ərazisində qəddarcasına etnik təmizləmə aparılıb, 1 milyon azərbaycanlı ata-baba yurdlarından qovulub. Azərbaycanlılara qarşı milli nifrət və düşmənçilikdən qaynaqlanan dəhşətli cinayət aktları həyata keçirilib, XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı, bir sıra digər soyqırımı əməlləri törədilib.

Dörd ilə yaxın davam edən Birinci Qarabağ müharibəsinin gedişində Ermənistan silahlı qüvvələri tərəfindən 20 minə yaxın azərbaycanlı qətlə yetirilib, 50 mindən çox adam yaralanıb və ya şikəst edilib. 4750 nəfər əsir və itkin düşüb, girov götürülüb. 877 şəhər, kənd və qəsəbə talan edilib, dağıdılıb və yandırılıb. İşğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, milli və mədəni irsi amansızlıqla məhv edilib.

BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrdə, eləcə də BMT Baş Assambleyasının 2008-ci ildə qəbul etdiyi 62/243 nömrəli qətnamədə, bir sıra nüfuzlu beynəlxalq təşkilatların aktlarında Azərbaycanın ərazi bütövlüyü və suverenliyi təsdiq edilib, Ermənistan silahlı qüvvələrinin işğal etdikləri ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarılması tələb olunub, daimi yaşayış yerlərindən didərgin düşmüş insanların öz geri dönməsi hüququ təsdiqlənib. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin dövlət başçıları dəfələrlə bəyan ediblər ki, status-kvo qəbuledilməzdir, dəyişməlidir və məsələ tezliklə öz həllini tapmalıdır. Təəssüf ki, münaqişənin həll edilməsi üçün Minsk qrupunun və digər beynəlxalq təşkilatların göstərdikləri səylər Ermənistanın qeyri-konstruktiv və pozucu mövqeyi üzündən heç bir səmərə verməyib.

Beynəlxalq təşkilatların qətiyyətsizliyindən istifadə edən Ermənistan tərəfi 2016-cı ilin aprelində, 2020-ci ilin iyul və avqust aylarında Azərbaycan Silahlı Qüvvələrinin ön mövqelərinə hücum etmiş və dinc yaşayış məntəqələrini iriçaplı toplardan, raket qurğularından, zirehli texnikadan və atıcı silahlardan atəşə tutub. Bu təxribatlara cavab olaraq Azərbaycanın gördüyü tədbirlər Ermənistan ordusunun canlı qüvvə və hərbi texnika sarıdan böyük itkilər verməsinə gətirib çıxarıb. 2020-ci il sentyabrın 27-də növbəti təxribatdan sonra Azərbaycan Respublikası BMT-nin Nizamnaməsinin verdiyi özünümüdafiə hüququndan istifadə edib və təcavüzkarı sülhə məcbur etmək, Azərbaycan torpaqlarının işğalına son qoymaq məqsədi ilə əks-hücum əməliyyatına başlayıb. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ilk günlərdən Ermənistan silahlı birləşmələrini ağır məğlubiyyətlərə uğradıb.

Döyüş meydanında aciz durumda qalan Ermənistan silahlı qüvvələri beynəlxalq hüquq normalarını və prinsiplərini, o cümlədən 1949-cu il 12 avqust tarixli Cenevrə konvensiyalarını kobudcasına pozaraq dinc əhaliyə qarşı dəhşətli cinayətlər törədiblər. Cəbhə xəttindən uzaqda yerləşən Gəncə, Mingəçevir, Bərdə, Tərtər, Qəbələ şəhərlərinə, Siyəzən, Xızı rayonlarına, digər yaşayış məntəqələrinə ballistik raketlər, habelə qadağan olunmuş ağ fosforlu və kaset tipli mərmilər ilə edilən hücumlar müharibə cinayətləri və insanlıq əleyhinə cinayətlərdir. Dinc yaşayış məntəqələrinə 227 raket və 30 minə yaxın mərmi atılmış, nəticədə 100-dən çox dinc sakin, o cümlədən 11 uşaq qətlə yetirilib, 450-dən çox insan yaralanıb. Azərbaycan ərazisində 12 min mülki infrastruktur obyekti, o cümlədən fərdi evlər və çoxmənzilli yaşayış binaları dağıdılmış və ya onlara ciddi ziyan vurulub.

Diqqətə çatdırılır ki, bu qanlı hücumlar və vəhşilik əməlləri Azərbaycanı öz məqsədindən geri döndərə bilmədi. O dəhşətli günlərdə bütün xalqımız, o cümlədən Ermənistanın dövlət terrorizmi aktlarına məruz qalan dinc şəhərlərin sakinləri Ali Baş Komandanın ətrafında daha sıx birləşdilər.

Müharibə cinayətlərinin və insanlıq əleyhinə cinayətlərin qarşısının alınması üçün Azərbaycan Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar işğalçı qüvvələrə sarsıdıcı zərbələr endirilməsinə, onların minlərcə canlı qüvvəsinin, çoxlu sayda hərbi texnikasının və silahlarının məhv edilməsinə və ya qənimət götürülməsinə gətirib çıxardı. Ölkəmizin işğal altında olan ərazisinin böyük hissəsi, o cümlədən Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Şuşa şəhəri, Suqovuşan və Hadrut qəsəbələri, ümumən 300-ə yaxın yaşayış məntəqəsi azad edildi.

Vurğulanır ki, döyüş meydanında qazanılmış parlaq və möhtəşəm Qələbə siyasi müstəvidə əldə edilən uğurlar ilə möhkəmləndirildi. 2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistan baş nazirinin imzaladıqları üçtərəfli Bəyanat 30 ildən çox davam edən münaqişəyə son qoyaraq, Cənubi Qafqaz bölgəsinin gələcək inkişafına yönələn fəaliyyətin yeni formatını təqdim edib. Bəyanatın müddəalarına uyğun olaraq, Kəlbəcər, Ağdam və Laçın rayonları dinc yolla Azərbaycana qaytarılıb.

Azərbaycan BMT-nin, digər beynəlxalq təşkilatların münaqişəyə dair sənədlərinin icrasını faktiki təmin edərək, ərazi bütövlüyünün bərpasına nail olub, Cənubi Qafqaz bölgəsində yeni geosiyasi reallıq yaradıb. Azərbaycanın əzəli və tarixi torpağı olan Qarabağın həyatında yeni dövr – bərpa və quruculuq dövrü başlanıb.

Otuzillik işğal dövründə vandalcasına viran qoyulmuş torpaqlarda yaşayış məntəqələrinin bərpası layihələri həyata keçirilir, infrastruktur obyektləri qurulur, hava limanları, yollar, körpülər, tunellər, digər obyektlər inşa olunur, elektrik, su xətləri çəkilir. Məcburi köçkünlərin mümkün qədər tez müddətdə doğma yurdlarına qayıtması üçün şərait yaradılır.

Həmçinin qeyd edilir ki, Ermənistan tərəfi işğal olunmuş Azərbaycan ərazilərində yüz minlərcə tank və piyada əleyhinə minalar basdırıb və israrlı tələbələrdən sonra minalanmış sahələrin kiçik bir hissəsinin xəritəsini verib. Lakin həmin xəritə real vəziyyətin yalnız 25 faizini düzgün əks etdirir. Minalanmış bütün ərazilərin düzgün xəritələrini verməkdən imtina edilməsi Ermənistanın törətdiyi çoxsaylı müharibə cinayətlərindən biridir. Hərbi əməliyyatların başa çatmasından sonrakı dövrdə 159 insan, o cümlədən mülki şəxslər Ermənistan silahlı qüvvələri tərəfindən basdırılmış minaların partlaması nəticəsində həlak olmuş və yaralanıblar.

Bildirilir ki, Azərbaycan qədim tolerantlıq ənənələrinə malik olan çoxmillətli unitar dövlətdir və burada bütün etnik qrupların nümayəndələri bərabərlik və qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu ölkə bütün Azərbaycan vətəndaşlarının ümumi və bölünməz vətənidir. Qarabağda yaşayan ermənilər Azərbaycanın digər vətəndaşları ilə eyni hüquq və azadlıqlara malikdirlər.

Milli Məclis ümid edir ki, uzun illər ərzində qanlı münaqişədən əziyyət çəkmiş Azərbaycan ilə Ermənistan arasında daim sülhün bərqərar edilməsi, sivil dövlətlərarası münasibətlərin qurulması, bu dövlətlərin ərazisində Azərbaycan və erməni xalqlarının nümayəndələrinin dinc yanaşı həyatının təmin edilməsi üçün yaranmış tarixi imkan lazımınca dəyərləndiriləcək. Azərbaycan bölgənin bütün etnik qrupların nümayəndələrinin firavanlıq şəraitində yaşadıqları sülh, sabitlik və inkişaf məkanına çevrilməsi üçün özündən asılı olan bütün tədbirləri görməkdə davam edəcək.

AZƏRTAC