Parlamentarizmin tarixi SSRİ dönəmində

Birinci vitse-prezident Mehriban Əliyeva uşaqları təbrik edib
Sosial psixoloji xarakterli təzyiqə məruz qalan insanlarla bağlı paylaşımlarda qanunun tələblərinə əməl edilməlidir
“İnsan Hüquqları XXI əsr–Azərbaycan” Fondu kimsəsizlərə hüquqlarını öyrədəcək

1921-ci ildən yerlərdə fəhlə və kəndli deputatları sovetləri “seçilməyə” başladı. Respublikada 30.000 deputatı olan 1400 yerli kənd soveti təşkil edildi. Şəhər sovetlərinə hər 1000 nəfərdən biri, kənd sovetlərinə isə hər 5000 nəfərdən biri deputat seçilirdi. Elə bu qayda ilə seçilən I Ümumazərbaycan Sovetlər qurultayı 1921-ci ilin mayında işə başladı. Deputatların əsasən yoxsul və təbii ki, hazırlıqsız fəhlə və kəndlilərdən, kommunistlərdən seçilməsi parlamentin şaquli idarə edilməsini asanlaşdırırdı. I Ümumazərbaycan Sovetlər qurultayında Azərbaycan SSR-in ilk Konstitusiyasının qəbulu ilə Azərbaycanda sovetlərin hakimiyyətinə hüquqi status verildi. Əvvəl ali hakimiyyət orqanı olan Ümumazərbaycan Sovetlər qurultayına seçkilər keçirildi, sonra qurultay qanunvericilik orqanı olan Mərkəzi İcraiyyə Komitəsini, o isə özünün Rəyasət Heyətini seçdi.
1922-ci il dekabrın 10-da keçirilən I Zaqafqaziya Sovetlər qurultayında ZSSRFİ-ni Zaqafqaziya Sovet Federativ Sosialist Respublikası (ZSFSR) əvəz etdi. 1922-ci il dekabrın 10-13-də keçirilən I Zaqafqaziya Sovetləri qurultayında Azərbaycandan 175 deputat iştirak edirdi. Bu qurultayda Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsi (150 üzv və 50 namizəd) seçildi. 1922-ci il dekabrın 30-da Moskvada keçirilən I Ümumittifaq Sovetlər qurultayı SSRİ-nin yaranması ilə bağlı qərar verdi.
1927-ci ilin martında V Ümumazərbaycan Sovetlər qurultayı Rusiya Konstitusiyası nümunəsində hazırlanmış Azərbaycan SSR-nin Konstitusiyasını qəbul etdi.
1937-ci ildə Azərbaycan IX Fövqəladə Sovetlər qurultayında Azərbaycan SSR-nin növbəti formal Konstitusiyasının qəbulu ilə qanunverici orqan yeni mərhələyə qədəm qoydu. Yeni qəbul edilən Konstitusiyaya əsasən Azərbaycanın qanunvericilik orqanı yeni formatda – respublikanın Ali Soveti kimi təşkil olundu. Lakin bu, adi forma dəyişikliyi deyildi. Deputatların tərkibi, kimlərin seçilməsi, parlamentdə neçə nəfər fəhlə, kolxozçu, qulluqçu, qadın, gənc, bitərəf və s. olmasını yeganə fəaliyyət göstərən kommunist partiyası müəyyən edirdi.

Müstəqil Azərbaycanın parlamenti

Azərbaycan Respublikasının hazırkı parlamenti 1991-ci il 18 oktyabr tarixli Müstəqillik haqqında Konstitusiya Aktı ilə ayrıca hakimiyyət qolu statusunu əldə etdi. Bu dövrdə iqtidarla müxalifət arasında razılaşmanın nəticəsində Azərbaycan Ali Soveti bir çox səlahiyyətlərini öz üzvlərindən seçdiyi 50 nəfərlik Milli Şuraya, sonar isə Milli Məclisə verdi.
Bu gün Azərbaycan Respublikasının Parlamenti hakimiyyət funksiyalarını daşıyan ali nümayəndəli və qanunverici dövlət orqanıdır. Hakimiyyət bölgüsü sistemində Milli Məclisin əsas funksiyası qanunvericilik fəaliyyətidir. Beləliklə, Milli Məclis dövlət hakimiyyətinin vahid sisteminin tərkib hissəsi olaraq hakimiyyət idarəetməsinin bir qolunun funksiyalarını həyata keçirən nümayəndəli dövlət orqanıdır. Təbiidir ki, dövlət hakimiyyətinin vahidliyi onun yeganə mənbəyinin xalqın olması ilə əsaslandırılır. Dövlət hakimiyyəti vahiddir, onun hakimiyyət qolları isə bir-biri ilə daimi təmasdadır. Bu qarşılıqlı münasibət ümumilikdə dövlət funksiyalarının effektiv icrasına təminat yaradır.
Bu gün Azərbaycan Parlamenti dövlət orqanları sistemində nümayəndəlik funksiyalarını daşıyır. Azərbaycanda hüquqi, dünyəvi və demokratik quruculuq prosesində nümayəndəlik funksiyaları olduqca vacibdir. Parlament müxtəlif sosial qrupların, siyasi partiyaların, vətəndaş cəmiyyətinin digər subyektlərinin maraqlarını toplayır, onları ifadə edir və hakimiyyət iradəsinə çevirir. Ona görə də, demokratik yolla inkişaf edən, açıq vətəndaş cəmiyyəti formalaşan Azərbaycanda parlamentarizm ənənələrinin qorunması ümumilikdə cəmiyyətin və dövlətin marağındadır.