PAŞAYEV Baxşeyiş Xanəhməd oğlu

İBRAHİMOV Mirələkbər Mirələsgər oğlu
ƏMİROV Faiq İsfəndiyar oğlu
ƏLİYEV Ehtiram İsrayıl oğlu

(1.5.1936, Ağdam r-nunun Əhmədavar k. – 12.7.1992, Xocalı r-nunun Xanabad k.) – Azərbaycanın Milli Qəhrəmanı (7.12.1992, ölümündən sonra).

Ağdam Kənd Təsərrüfatı Texnikumunu bitirib (1954). Ağdam Arıçılıq Sovxozunda mexanizator, sonralar isə sürücü işləyib. 1988 ildə xalq hərəkatına qoşulub. Erməni basqınının qarşısının alınmasında, ayrı-ayrı kəndlərə ərzaq çatdırılmasında fəal iştirak edib. “Qarabağ müdafiə şahinləri” dəstəsinin ən fəal döyüşçüsü, mahir atıcı və gözəl kəşfiyyatçı olub. Dəfələrlə Aranzəmin, Naxçıvanik, Xanabad kəndlərinə kəşfiyyata gedib, onun məlumatları əsasında aparılan hücum əməliyyatları uğurla nəticələnib. 10 aprel 1992 ildə Şuşakənddə ermənilərin çox mühüm döyüş nöqtələrini sıradan çıxartmaq üçün vertolyotçularımıza bələdçilik edib. Xocalı faciəsi zamanı əhalinin çıxarılmasında böyük fədakarlıq göstərib. 1992 iyulun 12-də düşmən Xanabad kəndinə hücuma keçəndə onun dəstəsi cavab olaraq ermənilərin 7 postunu ələ keçirib. Bu döyüşdə qəhrəmancasına həlak olub. Ailəli idi. Doqquz övladı var.
Ağdam rayonundakı Şəhidlər Xiyabanında dəfn edilib.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 237

***

Qarabağ qazisi, Qarabağ müharibəsi Veteranları, Əlilləri və Şəhid ailələri İctimai Birliyinin Abşeron filialının sədr müavini Xudakərim Əhmədovun dediklərindən:
“Rus ordusundan tərxis olunduqdan sonra xidmətimi Milli Ordu sıralarında davam etdirdim. O zaman bizim kimi peşəkar zabitlərə böyük ehtiyac var idi. Bizi ilk dəfə Ağdama göndərdilər. Elə Baxşeyişi də məhz o zaman tanıdım. “Qarabağ müdafiə şahinləri” dəstəsində Baxşeyiş sürücü kimi çalışırdı. Hündür cüssəli bir insan idi.  Bir neçə dəfə döyüşlərə birgə getmişik. Düzdür, Baxşeyiş peşəkar hərbçi olmasa da, güclü idarəçiliyi vardı. Döyüşçüləri ələ almağı  yaxşı bacarırdı. O, mahir atıcı, həm də gözəl kəşfiyyatçı idi. Dəfələrlə kəşfiyyatdan bizə mühüm məlumatlar çatdırmışdı. Fərrux yüksəkliyində apardığımız uğurlu əməliyyat məhz Baxşeyiş Paşayevin ötürdüyü mühüm məlumatlar sayəsində baş tutmuşdu.”
Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 132