Prezident İlham Əliyev Fransanın sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb

İkinci mərhələdə Cocuq Mərcanlı kəndinə 50-dən çox ailə köçürülüb
Elxan Süleymanov daha 250 ailəyə yardım etdi:bu dəfə Göyçayda
Horadiz əməliyyatı Azərbaycan tarixinin şanlı səhifələrindəndir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 15-də ölkəmizdə səfərdə olan Fransa Respublikasının sabiq Prezidenti Nikola Sarkozi ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Nikola Sarkozi bir neçə il bundan əvvəl Azərbaycana səfərindən ötən dövr ərzində Prezident İlham Əliyevin rəhbərliyi ilə Bakıda həyata keçirilən böyük quruculuq və abadlıq işlərinin şahidi olduğunu dedi və bütün bu inkişaf proseslərinin onda dərin təəssürat yaratdığını qeyd etdi.

Prezident İlham Əliyev xoş sözlərə görə minnətdarlığını bildirdi.

Söhbət zamanı Nikola Sarkozinin 2007-2012-ci illərdə Fransanın Prezidenti olduğu dövrdə Azərbaycan-Fransa münasibətlərinin möhkəmləndiyi vurğulanıb, bir çox sahələrdə əlaqələrimizin böyük inkişaf yolu keçdiyi qeyd edilib. Azərbaycan Prezidenti və Nikola Sarkozi öz aralarında keçirilən görüşləri məmnunluqla xatırlayıblar. Qeyd olunub ki, həmin dövrdə təhsil sahəsində əməkdaşlığın yeni çərçivələri məhz Prezident İlham Əliyev və Nikola Sarkozinin birgə səyləri nəticəsində mümkün olub. Bakıda hər iki Prezidentin iştirakı ilə Fransız liseyinin təməlinin qoyulması əlamətdar hadisə kimi dəyərləndirilib. Həmin illərdə yüksək səviyyəli siyasi əlaqələrin möhkəmlənməsi nəticəsində bir çox fransız şirkətləri Azərbaycanda fəaliyyətə başlayıb və ya öz fəaliyyətini genişləndiriblər.

Nikola Sarkozi ona göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. Prezident İlham Əliyev, öz növbəsində, Nikola Sarkozini yenidən Azərbaycanda görməyindən məmnun olduğunu ifadə edib.