Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib

İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşü olub
Prezident İlham Əliyev “Zəngilan” tankerinin istismara verilməsi mərasimində iştirak edib
“Şərur şəhər və ətraf kəndlərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsinin birinci mərhələsinin açılışı olub

Oktyabrın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı iclası giriş nitqi ilə açdı.

Prezident İlham Əliyevin giriş
nitqi

-Bu gün biz ilin 9 ayının yekunlarını müzakirə edəcəyik, ilin sonuna qədər görüləcək işlər haqqında danışacağıq. Deməliyəm ki, 2018-ci il ölkəmiz üçün uğurlu il olmuşdur. İlin əvvəlindən qarşımıza qoyduğumuz bütün vəzifələr uğurla və vaxtında icra edilir. Azərbaycan 2018-ci ildə də öz dinamik inkişafını təmin etmişdir və ölkəmiz əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşamışdır.

Bugünkü dünyada vəziyyəti nəzərə alsaq, deməliyik ki, bu gün sabitlik, təhlükəsizlik hər bir ölkə üçün əsas amillərdən biridir. Azərbaycanda isə təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Sabitliyin, uğurlu inkişafımızın təməlində bizim düşünülmüş siyasətimiz dayanır, eyni zamanda, xalq tərəfindən bizim siyasətimizə göstərilən dəstək dayanır. Dünyada və xüsusilə yaşadığımız bölgədə vəziyyət gərgin olaraq qalır, yeni qarşıdurma, münaqişə ocaqları yaranır. Əvvəlki illərdə yaranmış gərgin vəziyyət, əfsuslar olsun ki, aradan qaldırılmır. Belə olan vəziyyətdə biz əlbəttə ki, özümüzü mümkün olan xarici risklərdən daha da ciddi qorumalıyıq və qoruyuruq. Bir daha qeyd etmək istəyirəm, Azərbaycanda daxili risklər mənbəyi yoxdur və biz öz siyasətimizlə, görülən işlərlə özümüzü mümkün olan təhlükələrdən qoruyuruq və qoruyacağıq. Azərbaycan xalqının rahat həyatını təmin edirik və edəcəyik.

Bu istiqamətdə bir çox addımlar atılır, o cümlədən xarici siyasətlə bağlı addımlar. Deyə bilərəm ki, 2018-ci ildə Azərbaycanın beynəlxalq mövqeləri daha da möhkəmlənib. Mənim həmkarlarımla həm ikitərəfli, həm çoxtərəfli formatlarda bir çox görüşlərim olub. Doqquz ay ərzində mən 12 xarici səfər etmişəm və 15 dövlət və hökumət başçısı Azərbaycana səfərlər etmişdir. Bu, onu göstərir ki, Azərbaycanın çox çevik və çoxşaxəli xarici siyasəti vardır. İkitərəfli formatda əldə edilmiş razılaşmalar icra edilir, Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır və bizim sözümüzə inanırlar. Çünki sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur.

Hesab edirəm ki, bu il qonşu ölkələrlə əlaqələrimiz yeni pilləyə qalxıbdır. Mənim qonşu ölkələrin dövlət, hökumət başçıları ilə çoxsaylı görüşlərim olub. Əldə edilmiş razılaşmalar həm ikitərəfli əlaqələrimizi möhkəmləndirir, eyni zamanda, regionda sabitliyin, təhlükəsizliyin, əməkdaşlığın inkişafına xidmət göstərir. Müsəlman ölkələri ilə bizim əlaqələrimiz həmişə olduğu kimi diqqət mərkəzindədir. Bu, bizim xarici siyasətimizin prioritet məsələlərindən biridir. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının fəal və dəyərli üzvüdür və bütün beynəlxalq təşkilatlarda, beynəlxalq tədbirlərdə biz İslam həmrəyliyini göstəririk və bunu təbliğ edirik. Təsadüfi deyil ki, keçən il bizdə “İslam Həmrəyliyi İli” elan olunmuşdur. Azərbaycanda, İslam aləmində birliyin, həmrəyliyin möhkəmləndirilməsi işində bizim fəaliyyətimiz müsəlman dünyasında çox yüksək qiymətləndirilir. İslam Əməkdaşlıq Təşkilatı bizim fəaliyyətimizi yüksək qiymətləndirir. Biz bu istiqamətdə səylərimizi davam etdiririk və etdirəcəyik. Təsadüfi deyil ki, bu il Azərbaycanın ikinci şəhəri, Bakıdan sonra bu dəfə Naxçıvan şəhəri İslam Mədəniyyətinin Paytaxtı adına layiq görüldü. Biz bunu bütün müsəlman aləminin bizə olan hörmətinin təzahürü kimi qəbul edirik, qiymətləndiririk. Eyni zamanda, əlbəttə ki, bu qərar bizim İslam aləmində oynadığımız müsbət rol ilə bağlıdır və biz bu istiqamətdə səylərimizi davam etdirəcəyik. İslam aləmində həmrəyliyin, birliyin möhkəmlənməsi üçün səylərimizi davam etdirəcəyik, eyni zamanda, İslam dəyərlərini dünyaya çatdırmaq üçün bundan sonra da addımlar atılacaqdır. Bildiyiniz kimi, Azərbaycanda multikulturalizmlə bağlı bir çox tədbirlər keçirilmişdir və həm İslam aləmində, həm Avropada bizim bu səylərimiz yüksək qiymətləndirilir, bu səylərin gözəl nəticələri vardır.

Eyni zamanda, bu il bizim iştirakımızla bir neçə önəmli beynəlxalq hadisə baş vermişdir. Onların arasında Xəzər dənizinin hüquqi statusuna dair Konvensiyanın qəbul edilməsini mən xüsusilə qeyd etmək istərdim. Hesab edirəm ki, bu, tarixi sənəddir və bu sənəddə Azərbaycanın milli maraqları tam şəkildə öz əksini tapıb. Xəzəryanı beş ölkə uzun danışıqlardan sonra razılığa gəlibdir. Yəni, bu, onu göstərir ki, bütün ölkələrin maraqları bu Konvensiyada təmin edilib. Hesab edirəm ki, bu, bölgənin, regionun inkişafı, iqtisadi imkanlarının genişləndirilməsi üçün çox önəmli bir sənəddir, çox ciddi hüquqi sənəddir.

Bu il Azərbaycanda Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük konfransı keçirilmişdir. Azərbaycan bu təşkilatda uğurla fəaliyyət göstərir və gələn ildən başlayaraq bu təşkilata, dünyanın ən böyük təşkilatlarından biri olan Qoşulmama Hərəkatına sədrlik edəcəkdir. Bakıda Qoşulmama Hərəkatının Zirvə görüşü keçiriləcəkdir. Biz bu il Avropa İttifaqı ilə əlaqələrimizin inkişafı istiqamətində növbəti ciddi addım atdıq. Bu ilin yayında Avropa İttifaqı ilə Azərbaycan arasında “Tərəfdaşlıq prioritetləri” sənədi imzalanmışdır və hesab edirəm ki, bu, çox önəmli addımdır, önəmli sənəddir. Bu sənəddə bir çox önəmli məsələlər öz əksini tapır. O cümlədən bu sənəddə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı olan müddəalar həm ədalətlidir, həm də bizim mövqeyimizi və maraqlarımızı tam şəkildə ifadə edir. Bu sənəddə göstərilir ki, Azərbaycanın suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü Avropa İttifaqı tərəfindən dəstəklənir. Eyni zamanda, NATO-nun Zirvə görüşünün yekununda qəbul edilmiş bəyannamədə Azərbaycanın ərazi bütövlüyünə dəstək bir daha ifadə edilmişdir. Bütün bu sənədlər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli işində bizim mövqeyimizi daha da möhkəmləndirir. Onsuz da münaqişənin həlli üçün kifayət qədər geniş hüquqi baza vardır, eyni zamanda, yeni addımlar, xüsusilə ölkəmizin suverenliyi, sərhədlərinin toxunulmazlığı, ərazi bütövlüyü ilə bağlı mötəbər beynəlxalq təşkilatların qərar və qətnamələri, sazişlərdə əks olunan müddəalar bizim mövqeyimizi daha da möhkəmləndirir.

Münaqişə ilə bağlı danışıqların indiki mərhələsi ictimaiyyət üçün bəllidir. Ermənistan tərəfinin cəhdləri nəticə vermədi, Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı danışıqların formatı dəyişməz olaraq qalır. Bu danışıqlar Ermənistan və Azərbaycan arasında aparılıb, aparılır və aparılmalıdır. İki ölkənin xarici işlər nazirlərinin iki görüşü bunu bir daha sübut edir. Son vaxtlar baş vermiş digər hadisələr onu göstərir ki, danışıqlar formatı dəyişməz olaraq qalır və bu münaqişə tezliklə beynəlxalq hüququn norma və prinsipləri əsasında, ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqların predmeti olmayıb, bu gün də deyil və heç vaxt olmayacaq. Ona görə biz bundan sonra da öz prinsipial mövqeyimizdə qalacağıq. Ümid edirəm ki, Ermənistanın yeni rəhbərliyi öz siyasətində konstruktivlik nümayiş etdirəcək və torpaqlarımız tezliklə işğalçılardan azad olunacaqdır.

Bununla yanaşı, əlbəttə ki, biz öz hərbi qüdrətimizi artırırıq və artıracağıq. Azərbaycan Ordusu dünya miqyasında 50 ən güclü ordu sırasındadır və beynəlxalq reytinqlər də, həyat da bunu göstərir, bizim hərbi uğurlarımız da buna dəlalət edir. Eyni zamanda, bu il Bakıda iki dəfə möhtəşəm hərbi parad keçirilmişdir və bu paradlarda bizim hərbi qüdrətimiz həm xalqımıza, həm dünyaya nümayiş etdirilmişdir. Bu gün Azərbaycan Ordusu ən müasir silahlarla, texnika ilə təchiz edilib, bu proses davam etdirilir. Biz bundan sonra da ən müasir hərbi texnikanı alacağıq, yeni kontraktlar imzalanır. Əvvəlki illərdə imzalanmış kontraktlar əsasında ən müasir silahlar ölkəmizə gətirilir, onların bir hissəsi hərbi paradlarda göstərilib, bir hissəsi göstərilməyib. Demək olar ki, biz bu gün öz hərbi potensialımızı maddi-texniki təchizat baxımından tam təmin etmişik. Biz bundan sonra yalnız ən müasir texnikanı, silahları almaq fikrindəyik və bu texnikanı bizə satmaq istəyən ölkələrin sayı artır. Onsuz da bu məsələ ilə bağlı heç bir çətinlik yoxdur. Əvvəlki illərlə müqayisədə bu gün biz seçim edirik, nəinki hansısa bir təchizatçıya bağlıyıq. Ona görə biz bu gün bir çox ölkələrdən hərbi təyinatlı məhsullar alırıq. Bu il Bakıda üçüncü müdafiə sənayesi sərgisi uğurla keçirilmişdir. Bir çox aparıcı şirkətlər öz məhsullarını nümayiş etdirmişlər. Azərbaycan öz hərbi-texniki potensialını ortaya qoydu. Bu gün biz hərbi texnikanın istehsalı işində uğurla inkişaf edirik. Azərbaycanda mindən çox adda hərbi təyinatlı məhsul istehsal olunur. Hərbi texnikanın, sursatların istehsalı ilə bağlı bizim yeni planlarımız var və biz onları da həyata keçirəcəyik. Bir sözlə, bu gün ölkəmizin hərbi potensialı ən yüksək səviyyədədir. Ordumuzun döyüş qabiliyyəti də yüksək səviyyədədir. Bizim ordumuz bunu döyüş meydanında da göstərib və nümayiş etdirib.

Əlbəttə, bizim bütün planlarımızı həyata keçirmək üçün iqtisadiyyatımız uğurla inkişaf etməlidir və bu istiqamətdə ardıcıl addımlar atılır. Əgər bizim güclü iqtisadi imkanlarımız olmasaydı, heç bir planımızı icra etmək mümkün olmazdı. Bizim iqtisadiyyatımız siyasi maraqlarımızı təmin edir. İqtisadi müstəqillik imkan verir ki, biz beynəlxalq müstəvidə də müstəqil siyasət aparaq. Əgər biz iqtisadi cəhətdən kimdənsə asılı olsaydıq, belə imkanlar məhdud ola bilərdi. Biz isə iqtisadi cəhətdən heç kimdən asılı deyilik. Hesab edirəm ki, bu, bizim tarixi nailiyyətimizdir.

Eyni zamanda, 2018-ci ildə iqtisadi sahədə islahatların dərinləşməsi işində çox önəmli addımlar atılmışdır. Hesab edirəm, bu ilin doqquz ayının göstəriciləri deməyə əsas verir ki, biz istədiyimizə nail oluruq. İqtisadi göstəricilərə gəldikdə isə deməliyəm ki, bu ilin doqquz ayında bizim iqtisadiyyatımız, yəni, ümumi daxili məhsul 0,8 faiz artmışdır. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artmışdır. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.

Bildiyiniz kimi, son illərdə kənd təsərrüfatının inkişafına, xüsusilə bölgələrdə məşğulluğun artırılmasına böyük diqqət, qayğı və dəstək göstərilir. Biz kənd təsərrüfatının ardıcıl artımını görürük. Ümid edirəm ki, növbəti illərdə bu artım daha da böyük olacaq. Kənd təsərrüfatı doqquz ayda 4,3 faiz artıb. Hesab edirəm ki, bu da kifayət qədər yaxşı göstəricidir.

İnflyasiya cəmi 2,6 faizdir, əhalinin gəlirləri isə 9,5 faizdir. Yəni, gəlirlər inflyasiyanı üstələyir. İnflyasiyanın aşağı səviyyədə olması, il ərzində daha da düşməsi göstərir ki, bizim maliyyə vəziyyətimiz çox sabitdir və makroiqtisadi vəziyyət möhkəmdir.

Bu ilin doqquz ayında ölkə iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyulmuşdur. Sevindirici hal ondan ibarətdir ki, bu vəsaitin 5,6 milyard dolları qeyri-neft sektoruna qoyulub. Bu, iqtisadiyyatımızın bundan sonra da şaxələndirilməsinə xidmət göstərəcəkdir.

Valyuta ehtiyatlarımız artır. Bu gün bizim valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb. İlin əvvəlindən bəri biz əlavə 3 milyard dollar yığmışıq. Bu, bir daha onu göstərir ki, biz öz vəsaitimizə böyük qənaətlə yanaşırıq. Həm ölkə qarşısında duran vacib məsələləri həll edirik, investisiya layihələrini, infrastruktur layihələrini icra edirik, sosial məsələlərin həllini təmin edirik, eyni zamanda, ehtiyatlarımızı da artırırıq və əminəm ki, ilin sonuna qədər daha da artacaq. Bu, bizim bundan sonra da uğurlu inkişafımız üçün çox önəmli amildir.

Doqquz ayda xarici ticarət dövriyyəsi 37 faiz artıb. İxrac da təxminən bir o qədər artıb. Bu da çox müsbət haldır. Qeyri-neft ixracı isə təxminən 14 faiz artıb. Hesab edirəm ki, bu da çox gözəl göstəricidir. Bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılmışdır.

Bax, budur, sosial-iqtisadi inkişafımızın əsas göstəriciləri. İstənilən mötəbər beynəlxalq maliyyə qurumu bu nəticələri görərkən bir qənaətə gələ bilər ki, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir. Azərbaycanda çox düşünülmüş iqtisadi siyasət aparılır. Azərbaycan iqtisadiyyatı qarşısında gələcəkdə heç bir ciddi problem yoxdur. Sadəcə olaraq, biz gərək bu sahədə öz islahatlarımızı davam etdirək. Bu barədə bu gün danışılacaq ki, öz iqtisadi potensialımızdan maksimum istifadə edə bilək.

Əlbəttə, qeyd etdiyim kimi, ölkəmizin uğurlu inkişafı üçün yerli istehsalın artması ən önəmli amillərdən biridir. Dövlətin dəstəyi ilə bu istiqamətdə bir çox layihələr icra edilir. O cümlədən dövlətin birbaşa maliyyə dəstəyi ilə böyük, nəhəng müəssisələr yaradılır. Misal üçün, bu il polipropilen zavodunun açılışı, hesab edirəm ki, çox əlamətdar hadisədir. Bu zavodun açılışında İtaliya Prezidenti mənimlə birlikdə iştirak etmişdir. İlin sonuna qədər “SOCAR Polymer”in ikinci layihəsi – yüksəksıxlıqlı polietilen zavodu da istifadəyə veriləcək. Bu zavodlara qoyulan sərmayənin həcmi 800 milyon dollardan çoxdur. Əlbəttə, bizim qeyri-neft sənayemizin inkişafı üçün bu zavodların böyük əhəmiyyəti olacaq. Ölkəmizə böyük həcmdə valyuta gələcək. İlin sonuna qədər azot gübrəsi zavodu istifadəyə verilməlidir. Orada da sərmayələr yüz milyonlarla dollar həcmindədir.

Yaxın gələcəkdə Azərbaycanın Türkiyədəki “Star” neftayırma zavodu istifadəyə veriləcək. Biz bu zavoda çox böyük sərmayə – 6 milyard dollardan çox vəsait qoymuşuq. Biz oradan hər il yüz milyonlarla dollar gəlir götürəcəyik. Yəni, həm ölkə daxilində, həm xaricdə qoyulan sərmayələr gələcəkdə bizə böyük xeyir gətirəcək və ölkəmizin dayanıqlı inkişafını təmin edəcək. Bu il bir çox sənaye müəssisələri açılmışdır və bu proses davam etdiriləcək.

2018-ci il bizim enerji siyasətimizin inkişafı üçün önəmli il olmuşdur. Bu ilin may ayında biz Bakıda Cənub Qaz Dəhlizinin rəsmi açılışını qeyd etdik. Bu, tarixi hadisədir. Ondan bir ay sonra Türkiyədə TANAP layihəsinin açılışını etdik və “Cənub Qaz Dəhlizi” layihəsi uğurla icra edilir. Bütün bu dörd layihənin hamısında çox gözəl nəticələr var. Bu il biz qaz hasilatımızı artıracağıq, artıq “Şahdəniz-2”dən qaz gəlir. Gələn il, ondan sonrakı illərdə daha da artacaq. Yəni, biz tam hədəfə çatmaq üçün bütün işləri görürük və mənə verilən son məlumatlara görə, Cənub Qaz Dəhlizinin son hissəsi olan TAP layihəsinin icrası ilə bağlı da heç bir problem yoxdur.

Cənub Qaz Dəhlizinin uğurla başa çatması bizim üçün yeni imkanlar, yeni üfüqlər açacaq. Biz bir çox ölkələrin bazarlarına öz resurslarımızla çıxacağıq. Ondan sonra bunu nəzərə alaraq, biz o ölkələrdə yeni infrastruktur layihələri icra edə bilərik. Bu barədə danışıqlar gedir və əvvəlcədən bir şey demək istəmirəm. Amma hesab edirəm ki, biz, sadəcə olaraq, digər ölkələrə qazı təchiz edən ölkə kimi yox, ondan sonra qaz təsərrüfatının idarə edilməsi ilə bağlı da məşğul olmaq istəyirik. Bu, səmərəliliyi, gəlirimizi daha da artıracaq və çalışacağımız ölkələrdə də yeni infrastruktur yaradılmasına gətirib çıxaracaq.

Əlbəttə ki, ilin doqquz ayının yekunları haqqında danışarkən Ələt Beynəlxalq Dəniz Ticarət Limanını qeyd etməmək mümkün deyil. Bu da tarixi layihədir, Xəzər dənizinin ən böyük limanıdır. Liman may ayında istifadəyə verildi. Beləliklə, Şərq-Qərb nəqliyyat dəhlizinin uğurlu fəaliyyəti üçün çox önəmli infrastruktur layihəsi həyata keçirildi. Bundan sonra biz əlbəttə ki, öz tranzit imkanlarımızı artıracağıq. Bu gün biz nəinki Şərq-Qərb, eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizinin fəal iştirakçısıyıq. Bu dəhliz vasitəsilə göndərilən yüklərin həcmi artır. Mən bu rəqəmi səsləndirmişdim, bir daha demək istəyirəm ki, ilin əvvəlindən Şimal-Cənub nəqliyyat dəhlizi ilə Azərbaycan ərazisindən daşınan yüklərin həcmi yüz dəfədən çox artmışdır. Bu, hələ başlanğıcdır. Biz indi tərəfdaş ölkələrlə bu layihənin tam həyata keçirilməsi üçün çox ciddi danışıqlar aparırıq. Azərbaycanın həm texniki təcrübəsi, həm də mütəxəssisləri və maliyyə resursları var. Azərbaycan ərazisində bütün işləri biz özümüz gördük və başqa yerlərə də öz maliyyə imkanlarımızı cəlb edə bilərik ki, bu dəhliz tam gücü ilə işləsin və ölkəmizə əlavə valyuta gətirsin. Bizim əsas məqsədimiz budur. Əlbəttə ki, tranzit ölkələrin siyasi çəkisi də, siyasi imkanları da artır. Regionda əməkdaşlığın inkişafı üçün o ölkələrin rolu artır. Biz istəyirik ki, bizim rolumuz artsın. Biz istəyirik ki, Azərbaycan ilə daha çox hesablaşsınlar. Biz istəyirik ki, Azərbaycandan daha çox məsələlər asılı olsun və buna nail oluruq.

Regionda baş verən hadisələr, bizim təşəbbüsümüzlə icra edilən nəhəng enerji, nəqliyyat layihələri, digər sahələrdə apardığımız işlər siyasi çəkimizi böyük dərəcədə artırıb. Bu gün Azərbaycan çox dəyərli, böyük hörmətə, yüksək beynəlxalq nüfuza malik olan bir ölkədir. Təkcə bizim yaratdığımız imkanlara görə yox, eyni zamanda, bəlkə də, ilk növbədə, ona görə ki, bizim sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Biz prinsipial siyasət aparırıq. Bütün prinsipial məsələlərlə bağlı öz mövqeyimizi ortaya qoyuruq, ölkəmizin milli maraqlarını layiqincə yerinə yetiririk və bundan sonra da bu yolla gedəcəyik.

Sonra vergilər naziri Mikayıl Cabbarov, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə və “Azərxalça” Açıq Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Vidadi Muradov çıxış etdilər.

Dövlətimizin başçısı iclasda yekun nitqi söylədi.

Azərbaycan Prezidenti İlham Əliyevin yekun

nitqi

-İlin sonuna üç aydan az vaxt qalır. Əminəm ki, biz ilin sonuna qədər nəzərdə tutduğumuz bütün işləri görəcəyik, o cümlədən Dövlət İnvestisiya Proqramı tam icra ediləcəkdir. Mənə bu yaxınlarda məruzə edildi, Dövlət İnvestisiya Proqramının icrası ilə bağlı vəziyyət yaxşıdır. Cədvəl üzrə nəzərdə tutulmuş bütün layihələr icra edilir.

Bir neçə ay bundan əvvəl biz büdcəyə dəyişiklik etdik. Çünki əlavə vəsait daxil edildi. Hesab etdik ki, bu il görülə biləcək işlərin icrası üçün əlavə vəsait ayıraq, o cümlədən sosial məsələlərin həlli üçün. Dürüstləşmə edildi və büdcəmizin həcmi artırıldı. Bu, özlüyündə bir göstəricidir, onu göstərir ki, bizim maliyyə vəziyyətimiz daha da yaxşılaşır. Elə imkanlar yaranıb ki, biz il ərzində büdcəyə dəyişiklik edərək büdcəmizin həcmini artıra bilərik. Dünya miqyasında belə hallara çox da tez-tez rast gəlinmir. Azərbaycan iqtisadiyyatı istənilən dövrdə öz dayanıqlılığını nümayiş etdirir. Hətta bir neçə il bundan əvvəl dünyanı bürümüş maliyyə-iqtisadi böhranının ikinci dalğası dövründə də Azərbaycan iqtisadiyyatı dayanıqlılığını təmin etmişdir.

Gələn ilin büdcəsi ilə bağlı ilkin məruzələr edildi. Gələn ilin büdcəsi həm investisiyayönümlü, həm də sosialyönümlü olacaqdır. Bütün sosial layihələr icra ediləcək. Eyni zamanda, dövlət kapital qoyuluşu üçün kifayət qədər vəsait də nəzərdə tutulur. Əsas məsələ ondan ibarətdir ki, biz bu vəsaitdən səmərəli şəkildə istifadə edək, ölkə qarşısında duran əsas məsələlərin həllini təmin edək, prioritetləri düzgün seçək. Dövlət İnvestisiya Proqramımız iqtisadiyyatın real sektoruna xidmət göstərməlidir, eyni zamanda, bu günə qədər öz həllini tapmayan infrastruktur layihələrinin icrasına da istiqamətləndirilməlidir.

Bu il iqtisadi sahədə köklü islahatlar davam etdirilir. Biz bu islahatların nəticələrini görürük. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar böyük dəyişikliyə, müsbətə doğru dəyişikliklərə səbəb olur. İslahatlar davam etdirilməlidir. Bu gün sahibkarları, ictimaiyyəti narahat edən vergi və gömrük sahəsində işlərlə, məsələlərlə bağlı bütün lazımi addımlar atılmalıdır ki, bu xoşagəlməz hallara son qoyulsun.

Gömrük orqanları bu il 800 milyon manatdan çox əlavə vəsait toplamışlar. Mən bunu yüksək qiymətləndirirəm. Əminəm ki, ilin sonuna qədər bu məbləğ daha da artacaq. Bu, onu göstərir ki, ilk növbədə, Azərbaycan iqtisadiyyatı uğurla inkişaf edir, idxal artır və idxalın artımı da sənayenin inkişafı ilə bağlıdır. Nəzərə alsaq ki, ixrac idxalı böyük dərəcədə üstələyir, biz idxalın artımına müsbət hal kimi yanaşmalıyıq. Bizim xarici ticarətimizin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edir. Bilirəm, bəziləri hesab edirlər ki, idxalın artımı müəyyən problemlər yarada bilər. Təbii ki, bu, belədir. Amma o təqdirdə ki, ixracımız artmasın. İxracımız idxaldan daha yüksək templərlə artır. Əgər doqquz ay ərzində 6,5 milyard dollar müsbət saldomuz varsa, deməli, ilin sonuna qədər bu, daha da artacaq. İdxalın artımı sənayenin inkişafı ilə bilavasitə bağlı olan məsələdir, insanların rifah halının yaxşılaşması ilə bağlıdır. Gömrük rüsumlarının artırılmasının səbəblərindən biri də məhz idxalın artımıdır. Ancaq, eyni zamanda, deməliyəm ki, digər amillər də müsbət rol oynayır. O cümlədən struktur islahatları, şəffaflıq, korrupsiyaya, rüşvətxorluğa qarşı ciddi mübarizə gömrük orqanlarında 800 milyon manatdan çox əlavə vəsaitin toplanmasına səbəb olubdur.

Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq.

Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, – nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, – vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik.

Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir.

İqtisadiyyatın rəqabətliliyinin artırılması üçün biz bundan sonra da fəal işləyəcəyik. Bildiyiniz kimi, Azərbaycanın bu sahədəki reytinqləri ən yüksək səviyyədədir. Mən bunu dəfələrlə demişəm və bir daha qürur hissi ilə deyə bilərəm ki, Davos Forumunun hesablamalarına əsasən biz iqtisadi rəqabətliliyə görə dünyada 35-ci yerdəyik. Ancaq onu da bilməliyik ki, biz daha da qabağa getməliyik. Ona görə Davos Forumunun hesabatı tam təhlil edilməlidir və təhlil edilir. Bəzi müddəalar var ki, biz orada geridə qalmışıq. Biz onlara mütləq baxmalıyıq və iqtisadiyyatın rəqabətliliyini daha da artırmalıyıq.

Qeyri-neft sektorunun inkişafı üçün çox böyük işlər görülür, addımlar atılır. Xüsusilə son dövrdə qəbul edilmiş qərarlar çox böyük canlanmaya gətirib çıxarıb. Təkcə onu demək kifayətdir ki, investisiya təşviqi sisteminin tətbiqindən sonra 300-dən çox investisiya təşviqi sənədi verilmişdir. Bu layihələrin icrası nəticəsində 20 min iş yeri yaradılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. Əgər biz bu sistemi tətbiq etməsəydik, heç kim gəlib bu vəsaiti Azərbaycana qoymazdı. Baxın, bir ciddi islahatın aparılması ilə təxminən 3 milyard manat investisiya cəlb etmişik, 20 min insan üçün isə iş yeri yaratmışıq.

Mən giriş sözümdə sənaye istehsalı ilə bağlı bəzi məsələləri qeyd etdim. Xüsusilə bu yaxınlarda orbitə çıxarılmış “Azerspace-2” peykini qeyd etmək istərdim. Bu, böyük nailiyyətdir. Bu, kosmik dövlət kimi Azərbaycanın mövqelərini daha da möhkəmləndirir. Bizim indi 3 peykimiz var. “Azerspace-2” peykinin orbitə çıxarılması bizim böyük qələbəmizdir. Eyni zamanda, bu sahədə görüləcək işlər bizə əlavə vəsait gətirəcək. Onu da qeyd etməliyəm ki, peykin imkanlarının demək olar yarısı, bəlkə də yarıdan çoxu artıq satılıb. Bundan sonra qalan təqribən 40 faiz hələ ki, bölüşdürülməyib. Peykin xidmət potensialı, o da bölüşdürüləcək. Bu, kommersiya baxımından çox əlverişli layihədir, özünü tam doğruldacaq və bizə böyük həcmdə valyuta gətirəcək. Bu, bir ixrac növüdür. Eyni zamanda, kadr hazırlığı, texnologiyaların inkişafı baxımından çox önəmli layihədir. Biz haqlı olaraq fəxr edə bilərik ki, bizim indi 3 peykimiz vardır.

Bakıda neftayırma zavodunun yenidən qurulması, modernləşdirilməsi prosesi gedir. Bu da çox önəmli sənaye layihəsidir. Bu, bizə imkan verəcək ki, daha keyfiyyətli neft məhsulları istehsal edək. Yenidənqurma başa çatandan sonra Azərbaycanda istehsal olunacaq benzin “Avro-5” standartına cavab verəcək. Bu da ölkəmizin ekoloji vəziyyətinə müsbət təsir göstərəcəkdir. Eyni zamanda, bu zavodun yenidən qurulması, modernləşdirilməsi bizə böyük iqtisadi səmərə verəcək.

Neftçala Sənaye Parkında “Xəzər” adlı avtomobillər artıq istehsal olunur. Bu da çox gözəl hadisədir. Mənə verilən məlumata görə, 300-ə yaxın avtomobil istehsal olunub. Onların böyük hissəsi, 200-dən çoxu artıq satılıb. Bu zavodun illik istehsal gücü 10 min ədəd avtomaşındır. Əgər daxili tələbat və ixrac tələbatı olarsa, zavod bu səviyyəyə qalxa bilər.

Sənaye parkları ilə bağlı qeyd etməliyəm ki, Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələr yaradılır. Orada da 2 milyard dollardan çox sərmayə nəzərdə tutulur. Gələn il bir neçə önəmli, vacib müəssisə açılacaqdır.

Mingəçevir Sənaye Parkında 2 böyük iplik fabriki işləyir. Orada 750 insan işlə təmin olunub. Orada işləyənlər əsasən qadınlardır. Bu iplik fabriklərinə 80 milyon dollar sərmayə qoyulub. Bu, bizim ixrac imkanlarımızı genişləndirir və biz mahlıcı orada ipə çevirərək artıq daha da valyutatutumlu məhsul ixrac edirik. Bu prosesin davamı olmalıdır ki, biz artıq hazır məhsula da nail ola bilək.

Bu il mənim iştirakımla Masallı Sənaye Parkının açılışı olmuşdur. Hacıqabul və Sabirabad rayonlarında sənaye məhəllələrinin yaradılması prosesi davam edir.

Sahibkarlara bundan sonra da dövlət öz dəstəyini göstərəcək. Bu günə qədər Sahibkarlığın İnkişafı Fonduna 2,2 milyard manat vəsait ayrılmışdır. Bu proses davam etdirilir. Mənə verilən məlumata görə, bu il də kreditləşmə uğurla gedir, tələbat çoxdur. Bu, çox sevindirici haldır. Əminəm ki, Sahibkarlığın İnkişafı Fondunun fəaliyyəti nəticəsində gələn il də ölkəmizdə minlərlə iş yeri yaradılacaq.

Mən giriş sözümdə qeyd etdim ki, kənd təsərrüfatının inkişafı daim diqqət mərkəzindədir. 4,3 faiz artım müsbət haldır. Amma əminəm ki, kənd təsərrüfatı sahəsində aparılan islahatlar daha da böyük nəticələrə çatmağa imkan verəcəkdir. Doqquz ayda 5700 kənd təsərrüfatı texnikası alınıbdır. Texnika ilə təminat böyük dərəcədə yaxşılaşıb. Kənd Təsərrüfatı Nazirliyi indi çox ciddi islahatlar aparır. Mənə məruzə edildi, mən bu islahatları dəstəklədim. Hesab edirəm ki, bu islahatlar nəticəsində kənd təsərrüfatının uzunmüddətli, dayanıqlı inkişafı təmin ediləcək, düşünülmüş, sistemli qaydada, torpaqların münbitliyini nəzərə alaraq, əkin sahələrinin səmərəliliyini təmin edərək və ilk növbədə, məhsuldarlığı artıraraq biz mövcud olan torpaq fondumuzdan istifadə edərək istehsalı böyük dərəcədə artıra bilərik. Eyni zamanda, kənd təsərrüfatının ekstensiv inkişafı da nəzərdə tutulmalıdır. Biz bir çox meliorasiya layihələrimizi icra etmişik və icra edəcəyik. 192 min hektar sahədə 45 aqroparkın yaradılması nəzərdə tutulur. Onların 4-ü mənim iştirakımla açılıb. Verilən məlumata görə, ilin sonuna qədər açılan aqroparkların sayı 13-ə çatacaqdır.

İri fermer təsərrüfatlarında, taxılçılıqda nəticələr çox yaxşıdır. Təqribən hektardan orta hesabla 50 sentner məhsul götürülür. İri fermer təsərrüfatlarında tətbiq olunan texnoloji prosesi də biz bütün təsərrüfatlara yaymalıyıq. Belə olan halda, biz mövcud əkin sahəsindən daha çox məhsul yığa bilərik. Bu il taxılçılıqda artım olub, 3 milyon ton taxıl tədarük edilibdir. Buğda yığımında məhsuldarlıq 30 sentnerə çatıb. Pis nəticə deyil. Amma hesab edirəm ki, daha da artmalıdır və artacaq.

Pambıqçılıqda gələn ilin proqramı ilə bağlı məruzə edildi. Biz pambıqçılığı daha səmərəli şəkildə inkişaf etdirməliyik. Məhsuldarlıq artmalıdır. Keçən ilin məhsuldarlığı bizi heç cür qane edə bilməzdi. Bunun bir çox səbəbləri vardır və göstəriş verilmişdir, səbəblər araşdırılsın ki, biz pambıqçılığı məhsuldarlıq hesabına inkişaf etdirək.

Eyni zamanda, əgər biz statistikaya baxsaq görərik ki, 2016-cı ildə Azərbaycanda 90 min ton pambıq tədarük edilmişdir, – 2015-ci ili mən demirəm, o illərdə, ümumiyyətlə, məhsuldarlıq çox aşağı idi, – keçən il 207 min ton, yəni, 2 dəfədən çox. Bu il təqribən 250-260 min ton pambığın tədarükü nəzərdə tutulur. Yəni, artım dinamikası çox müsbətdir. Onu da qeyd etməliyəm ki, hazırda ölkəmizdə pambıqçılıqda 190 mindən çox insan işləyir. Bax, biz pambıqçılığı inkişaf etdirməyə başlayandan sonra bu insanlar işlə təmin olundular. Biz pambığın alış qiymətini bir neçə dəfə artırmışıq. Bu yaxınlarda son dəfə artırdıq ki, pambıqçılıqla məşğul olanlar daha çox pul qazansınlar. Bu gün 190 min insanın işi var.

İndi müasir texnologiyalar tətbiq edilir. Burada da elmi yanaşma tətbiq olunur. Əminəm ki, biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik. Məhsuldarlıq hektardan minimum 20 sentner olmalıdır. Ancaq indi biz bilirik ki, müasir texnologiyaların tətbiq olunduğu, düzgün aqrotexniki xidmət göstərildiyi bir vaxtda məhsuldarlıq daha da artır. Mən rəqəm səsləndirmək istəmirəm, ancaq hesab edirəm ki, burada inkişaf üçün çox böyük potensial var.

Üzümçülüklə bağlı işlər yaxşı gedir. Bu il biz yeni üzüm bağlarının salınmasını müşahidə etmişik. Mənim iştirakımla ən yüksək beynəlxalq standartlara cavab verən yeni şərab zavodu fəaliyyətə başladı və bu zavodun çox böyük ixrac potensialı var. Biz üzümçülüyün, şərabçılığın şöhrətini bərpa edirik, qaytarırıq. Bu, fermerlər üçün çox gəlirli bir sahədir. Biz bu sahəni bərpa etməklə həm öz ixrac imkanlarımızı genişləndiririk, həm də kəndlilərə, fermerlərə gözəl şərait yaradırıq. Eyni zamanda, üzümçülük mənzərəni də gözəlləşdirir. Mən bu il Şamaxı rayonunda böyük üzüm bağları ilə tanış olarkən gördüm ki, bu bağlar, həmçinin şərab zavodunun açılışı bölgəyə tam yeni bir mədəniyyət gətirir.

Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda, bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi – həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər.

Xüsusilə nəzərə alınmalıdır ki, dövlət öz dəstəyini göstərir. İxrac missiyalarını dövlət təşkil edir, şərab evlərinin yaradılmasını dövlət təmin edir, ixracla bağlı danışıqları dövlət aparır. Mən şəxsən bir neçə həmkarımla Azərbaycanın qeyri-neft ixracının artırılması ilə bağlı danışıqlar aparmışam və biz nəticəyə gəlmişik. Bütün bunları biz edirik, sahibkarlar da öz məsuliyyətini dərk etməlidirlər.

Mən regional inkişafla bağlı konfransların birində bəzi kənd təsərrüfatı məhsullarının istehsalını, istehlakını sadalayarkən özüm də o arayışı görəndə təəccüb etdim ki, biz xaricdən zeytun idxal edirik. O zeytun ki, bizdə, Abşeron yarımadasında hər tində bitə bilir. Ona görə, çox ciddi göstəriş verildi ki, yeni zeytun bağları salınsın, onların suvarılması təmin edilsin və Azərbaycanda zeytun yağı istehsalı təşkil olunsun. Bu günə qədər olan istehsal bizi qane edə bilməzdi. Mənim bu istiqamətdə göstərişlərim yerinə yetirilir və son bir neçə il ərzində yeni zeytun bağları salınıb. Yüzlərlə, bəlkə də minlərlə hektar sahələrdə yeni zeytun bağları salınır. Bizim istehsalımız artır, zeytun yağı istehsalı artır, ixrac etməyə başlamışıq. Özü də çox keyfiyyətli zeytun yağıdır. Biz zeytunçuluğun inkişafı, zeytun yağının ixracı ilə bağlı dünya miqyasında öz dəyərli yerimizi tuturuq.

Mənim iradlarımı tütünçülüyə də aid etmək olar. Bu sahə də demək olar ki, batıb gedirdi. Heç bir dövlət dəstəyi göstərilmirdi. Ancaq biz bu məsələ ilə məşğul olmağa, qurutma kameralarının yaradılmasına, tütün istehsalının təşviqi üçün addımlar atmağa başlayanda dərhal gözəl nəticələri görürük. Biz tütün istehsal edə-edə xaricdən siqaret alırıq. Elə ölkələr var ki, orada tütün, ümumiyyətlə, bitmir, onlar bizə siqaret ixrac edirlər. Bu, absurddur, dözülməzdir. Sadəcə, ona görə ki, bu məsələ ilə məşğul olmurdular və bu sahəni başlı-başına buraxmışdılar. Bəlkə hesab edirdilər ki, belə də olmalıdır. Amma biz indi vəziyyəti tam dəyişdiririk. Azərbaycanda yeni siqaret fabrikləri yaradılır. Biz özümüzü siqaretlə böyük dərəcədə təmin edəcəyik, ixrac potensialı yaradılır. Tütünçülükdə vəziyyət necədir? Əgər 2015-ci ildə 3400 ton quru tütün istehsal olunubsa, bu il 6 min ton quru tütün istehsalı nəzərdə tutulur, təxminən iki dəfə çox. Doqquz min insan tütünçülükdə işləyir, yaxşı pul qazanır. Bax, görülən işlərin nəticəsi budur.

Tərəvəzçilik ənənəvi ixrac sektorumuzdur. Ancaq biz burada da işlərimizi təkmilləşdirməliyik. Deməliyəm ki, Rusiyaya pomidor ixracında Azərbaycan birinci yerdədir. Biz çalışmalıyıq ki, bu birinciliyi saxlayaq. Onu da qeyd etməliyəm ki, Azərbaycanda bir çox istixanalar salınır. Son məlumata görə, təqribən 400 hektar sahədə yeni istixanalar salınır, onların da böyük əksəriyyəti pomidor istehsalına hesablanıb. Ona görə, baxmalıyıq ki, nə qədər əlavə bazar bizim istehsalımızı həzm edə bilər. Eyni zamanda, biz gərək pomidorun emalını təmin edək ki, məhsulumuz xaricə daha da böyük qiymətə satıla bilsin.

Meyvəçilik sahəsində də müsbət irəliləyiş var. Qeyd etməliyəm ki, bizdə xurma ixracı 2 dəfə artıb, narçılıq inkişaf edir. Mən fındıqçılıqla bağlı xüsusi müşavirə də keçirmişdim və nəticələr göz qabağındadır. 2016-cı ildə fındıq bağlarının sahəsi təqribən 30-35 min hektar idi. Bu gün yeni bağların salınması hesabına bu rəqəm 70 min hektara çatıb və qarşıya hədəf qoyulub ki, 2020-ci ildə 83 min hektara çatacaq. Bu, məşğulluqdur, gəlirdir, valyutadır. Bu, ölkəmizə bəlkə də yüz milyonlarla dollar gətirəcək. Ölkəmizə deyəndə, fermerlərə, onlar da onu xərcləyəcəklər, onlar da öz güzəranını yaxşılaşdıracaqlar, daha yaxşı yaşayacaqlar və bizim tədiyə balansımıza da bunun müsbət təsiri olacaq. Hazırda fındıqçılıqda 17 min insan işləyir, yaxşı gəlir götürür.

Baramaçılıqda, ümumiyyətlə, vəziyyət, bəlkə ən acınacaqlı idi. Biz demək olar ki, bu sahəni tamamilə itirmişdik. 2015-ci ildə məlumat verildi ki, cəmi 236 kiloqram barama istehsal olunub və baramaçılar heç bilmirdilər ki, onu hara versinlər. Bütün bir zəncir sistemi yaratdıq – həm stimullaşdırma, həm maarifləndirmə, həm tinglərin gətirilməsi, indi Qaxda barama mərkəzinin yaradılması. Bütün bu işlər gözəl nəticə verir və bu il 500 tondan çox barama tədarük edilib. Əgər keçən il 10 min insan bu işlərə cəlb olunubsa, 2016-cı ildə 3 min, bu il 22 min insan. Beləliklə, bu insanlar 30-40 günə o qədər də böyük əziyyət çəkmədən yaxşı pul qazanır və Şəki ipək kombinatı da daha böyük həcmlə işləyir. Orada da yüzlərlə iş yeri yaradılıb. Əlbəttə ki, biz Şəki ipək kombinatının modernləşdirilməsi ilə məşğuluq. Həm iş yerlərinin artırılması, həm ixrac imkanlarının genişləndirilməsi istiqamətində işlər aparılacaq.

Mən kənd təsərrüfatı ilə bağlı yekun olaraq demək istəyirəm ki, ilk növbədə, biz daxili tələbatı təmin etməliyik, məhsuldarlığı artırmalıyıq, elmi yanaşmanı tətbiq etməliyik və ixrac imkanlarımızı genişləndirməliyik.

Bu sahədə kiçik sahibkarlıq da öz rolunu oynayır və oynayacaq. İndi “ABAD” – “Ailə Biznesinə Asan Dəstək” mərkəzləri yaradılır. Mən bunu alqışlayıram. Bu, daha da geniş vüsət almalıdır. Müşavirələrin birində mən özəl sektora müraciət etmişdim. Demişdim ki, onlar da bu təşəbbüsü dəstəkləsinlər və özəl şirkətlər “ABAD” mərkəzləri ilə müqavilələr bağlayıb sponsorluq edirlər. Bir neçə milyon manat dəyərində sponsorluq ki, fermerə, ailə təsərrüfatlarına dəstək olsunlar.

Əlbəttə ki, kənd təsərrüfatının inkişafı, o cümlədən özünüməşğulluq sisteminin tətbiqi ilə də bağlı olacaq. Bu sistem əlbəttə ki, təkcə kənd təsərrüfatı sahəsini əhatə etməyəcək. Burada da hər il 6 min, 7 min iş yeri yaradılmalıdır. Özünüməşğulluq proqramı işsizliyin, xüsusilə bölgələrdə işsizliyin, yoxsulluğun aradan qaldırılması üçün çox önəmli bir vasitə, alət olacaq. Eyni zamanda, bu gün dövlətdən sosial yardım alan ailələr dövlət tərəfindən, dövlət dəstəyi ilə onlara lazımi vəsait veriləndən sonra öz həyatlarını özləri quracaqlar və öz maliyyə imkanlarını böyük dərəcədə artırmış olacaqlar.

“ASAN xidmət” mərkəzlərinin inşası davam etdirilir. İlin sonuna qədər iki şəhərdə – İmişli və Şəkidə yeni mərkəzlər açılacaq və gələn il 4-5 mərkəzin açılması nəzərdə tutulub. Son məlumata görə, “ASAN xidmət” mərkəzlərinə 24 milyon müraciət olmuşdur. Demək olar ki, müraciət edənlərin təxminən 100 faizi göstərilən xidmətlərdən razıdırlar və məmnundurlar.

Sosial sahədə ciddi islahatlar aparılır. Nazirliyin yeni rəhbərliyinə mənim tərəfindən çox ciddi tapşırıqlar verildi ki, sosial ədaləti pozanlara qarşı çox ciddi tədbirlər görülsün. Bu sahədə rüşvətxorluğa, korrupsiyaya qarşı mübarizə çox ciddi aparılmalıdır və hazırda aparılır, şəffaflıq təmin edilir, bu sahədə yol verilmiş pozuntular aradan qaldırılır. İnzibati və institusional yollarla bu sahədə də ən müasir elektron texnologiyalar tətbiq olunmalıdır ki, şəffaflıq və ədalət tam təmin edilsin. Mənə görülən işlərlə bağlı müntəzəm olaraq məlumat verilir. Sosial sahədə biz “ASAN xidmət”in analoqunu yaradırıq – Dayanıqlı və Operativ Sosial Təminat mərkəzləri, bunun adı da yaxşıdır – DOST mərkəzləri, mənası da yaxşıdır. Hesab edirəm ki, bu sahədə vətəndaşlar yaxın gələcəkdə müsbət dəyişiklikləri görəcəklər, artıq görürlər. İndi yerlərdən məlumat gəlir, ancaq biz hələ islahatların birinci mərhələsindəyik.

Eyni zamanda, şəhid ailələri, Qarabağ müharibəsi əlilləri üçün evlərin tikintisi daha da sürətlə gedəcək. Mən bu il bir evin açılışında iştirak edərkən bildirdim ki, bu sahədə işləri sürətləndirmək üçün əlavə vəsait veriləcək. Ondan sonra bu il bu məqsədlər üçün Prezidentin ehtiyat fondundan 20 milyon manat ayrıldı ki, şəhid ailələrinə, müharibə veteranlarına, əlillərinə yüzlərlə mənzil və maşın verilsin.

Məcburi köçkünlərin problemləri daim diqqət mərkəzindədir. Deyə bilərəm ki, artıq 100-dən çox şəhərcik salınıb. Bu il əlamətdar hadisə baş verib, ilk dəfə olaraq özəl sektor məcburi köçkünlər üçün böyük şəhərcik salıb, Qobu qəsəbəsində mindən çox mənzil özəl sektor tərəfindən inşa edilib və köçkünlərə təqdim olunub. Mən bunu çox alqışlayıram. Hesab edirəm ki, bu proses Azərbaycanda vüsət almalıdır. Bizim iri şirkətlərimiz, böyük maliyyə imkanlarına malik olan şirkətlər var. Onlar gərək sosial məsuliyyətlərini göstərsinlər.

Bu il Sumqayıt şəhərində, Kürdəxanı, Mehdiabad, Ramana, Masazır qəsəbələrində, Abşeron, Tərtər, Qaradağ rayonlarında məcburi köçkünlər üçün binalar, evlər tikilir və onların sərəncamına verilir. Doqquz ayda 2900 məcburi köçkün ailəsi evlərlə, mənzillərlə təmin olunub. İlin sonuna qədər əlavə 2800 ailə evlərlə, mənzillərlə təmin ediləcək. Beləliklə, bu il 5700 ailə – təxminən 25 min insan evlərlə, mənzillərlə təmin olunacaq. Bax, bu, görülən işlərin nəticəsidir. Belə olan halda, ilin sonuna qədər evlərlə, mənzillərlə təmin edilmiş məcburi köçkünlərin sayı 300 minə çatacaq.

Bundan sonra da, gələn il də bu məqsədlər üçün kifayət qədər vəsait nəzərdə tutulacaq. Amma, eyni zamanda, biz bu sahədə də çox ciddi islahatlar aparmalıyıq, uçot aparılmalıdır, şəffaflıq təmin edilməlidir. Çünki əfsuslar olsun ki, bu gün belə deyil. Bəzi hallarda köçkün olmayan vətəndaş gedib yalandan öz adını yazdırır, sonra dövlətdən mənzil alır. Belə hallar var və köçkünlər xoşagəlməz hallarla üzləşirlər. Növbə ilə bağlı məsələlər var. Yəni, ədalətsizliklər aradan qaldırılmalıdır və pozuntulara yol açan boşluqlar da bağlanmalıdır. Növbədə dayanan, ən ağır vəziyyətdə yaşayan vətəndaş, ilk növbədə, mənzil almalıdır, belə göstəriş verilib. Mənzil ancaq köçkünə verilməlidir. Bəzi hallarda məlumat gəlir ki, köçkünlər üçün tikilmiş evlərdə başqa vətəndaşlar yaşayır. Bəzi hallarda biləndə ki, misal üçün, ev söküləcək, yeni evə köçürüləcəklər, yerli icra orqanları, digər qurumlar gedib oraya pul müqabilində köçkün olmayan adamların adlarını yazdırırlar. Bu, ən böyük vicdansızlıqdır. Köçkünlərin vəziyyətindən istifadə edib əsassız imtiyaz, gəlir əldə etmək ən böyük günahdır, vicdansızlıqdır. Bunu edənlərin vicdanı, imanı yoxdur. Ona görə, bunlara qarşı çox ciddi mübarizə aparılır və aparılacaq, onlar eşitsinlər. Burada çox ciddi şəffaflıq və uçot təmin edilməlidir və ediləcək.

İnfrastruktur layihələri ilə bağlı ilin sonuna nəzərdə tutulan bütün məsələlər öz həllini tapır. Qazlaşdırma 94 faizə çatıb, hədəf 95 faiz idi, ilin sonuna qədər biz buna nail olacağıq. Bu ilin sonuna qədər “Şimal-2” elektrik stansiyasının istifadəyə verilməsi nəzərdə tutulur. Bu, bizim sistemimizə əlavə 400 meqavat enerji verəcək. Bu, çox böyük gücdür. Eyni zamanda, enerji sistemimizdə çox ciddi islahatlar, təhlil aparılır. Yay ayında baş verən o qəzanın səbəbləri tam araşdırılıb və müvafiq inzibati ölçülər götürülüb. İnvestisiya qoyuluşu, bizim enerji təsərrüfatının texniki vəziyyəti ilə bağlı çox ciddi addımlar atılıb, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilib. Biz bu il və gələn il bu sahəyə əlavə vəsait ayıracağıq ki, həm generasiya güclərinin yaradılması, ötürücü xətlərin, yarımstansiyaların tam dayanaqlılığı təmin edilsin. Eyni zamanda, mövcud stansiyaların generasiya güclərinin artırılması üçün əlavə addımlar atılacaq. Çünki vaxtilə tikilmiş stansiyalar tam gücü ilə işləmir. Mənə məlumat veriləndə cədvələ baxıram ki, 80 meqavat nəzərdə tutulub, cəmi 15 meqavat işləyir. Bunları belə səmərəsiz şəkildə istismar ediblər ki, onların bəziləri demək olar ki, öz potensialını itirib. Biz bunları bərpa edəcəyik. Təbiidir, müəyyən qədər vaxt lazım olacaq. Ancaq bu sahədə tam yeni bir yanaşma olmalıdır. Biz bu gün də elektrik enerjisini ixrac edirik, bizdə kifayət qədər potensial var. Gələcəkdə özümüzü perspektivləri nəzərə alaraq təmin etməklə ixracımızı da artıracağıq.

Digər infrastruktur layihələri ilə bağlı işlər qrafik üzrə gedir. Bu il 1200 kilometr yol çəkilib. Hədəf 2000 kilometr idi. Biz bu hədəfə çatacağıq. Bu il 600 kəndin yolları abadlaşdırılır. İçməli su layihələri, meliorativ tədbirlər uğurla icra edilir. Bu il biz 100 min hektar torpağa su gətirmişik, 270-dən çox subartezian quyusu qazılıb, hələ ilin sonuna qədər 30-u da qazılacaq.

Mən burada bəzi layihələri səsləndirmək istərdim, meliorativ tədbirlərlə bağlı konkret hansı addımlar atılıb. Yuxarı Mil kanalının tikintisi nəticəsində 1900 hektar, Hacıqabul rayonunun Muğan, Padar qəsəbələrində, Qarasu kəndində görülən işlər 2720 hektar, Abşeron yarımadasında Abşeron magistral kanalında yenidənqurma işlərinin aparılması nəticəsində 7 min hektar, Şəmkir-Samux-Goranboy suvarma kanalının ikinci növbəsi təxminən 12 min hektar, Neftçala magistral kanalının nasos stansiyasının birlikdə tikintisi 12 min 500, Araz çayının yeni qolunun beton üzlüyə alınması 13 min 100, Şabran rayonu 1700, Qax rayonu 900 hektara yaxın, Xəzər, Pirallahı, Xızı rayonlarında meyvə bağlarının salınması 1600, Xəzər rayonunun Qoşaqışlaq ərazisində 750, Sabirabad, Salyan rayonlarında yerləşən qış otlaqlarında 11 min, Sabirabad rayonunun Sarxanbəyli, Moranlı, Bala Həşimxanlı, Əlilənbəyli kəndinin əkin sahələrinin təminatının yaxşılaşdırılması üçün “H” kanalının yenidən qurulması 7500, Qazax rayonunun Xanlıqlar, Kəmərli, Aslanbəyli, Qaymaqlı, İkinci Şıxlı kəndlərinin əkin sahələrinin su ilə təminatı üçün 500, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin suvarılması ilə bağlı 280, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması nəticəsində Xızı, Siyəzən, Şabran rayonlarında 20 minə hektara yaxın və digər layihələr, o cümlədən subartezian quyular 8700 hektar. Cəmi bir il ərzində, bax, bu qədər torpaq su ilə təmin edilib. Əlbəttə ki, biz məhsuldarlığı da artıracağıq. Artıq təkliflər hazırlanır, gələn il biz bu istiqamətdə əlavə işlər görəcəyik.

Sosial infrastrukturla bağlı bir neçə kəlmə demək istərdim. Bu il Bakıda iyirmiyə yaxın məktəb əsaslı təmir edilib, tikilib. Bölgələrdə yüzlərlə məktəb təmir edilib, o cümlədən 137 modul tipli məktəbin tikintisi nəzərdə tutulur. 42 tibb müəssisində təmir-tikinti işləri aparılmışdır.

Ölkəmizin ekoloji vəziyyətinin yaxşılaşdırılması üçün işlər görülür, təhlil aparılır. İlk növbədə, neftlə çirklənmiş ərazilər təmizlənir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müvafiq göstəriş verilib, vəsait ayrılıb. Abşeron yarımadasında neftlə çirklənmiş yerlər tam təmizlənəcək, həmin yerlərdə bağlar, yaşıllıqlar, göllər salınacaq. Bu işlər gedir, gələn il də nəzərdə tutulur. Xəzərin sahilində yeni təmizləyici qurğuların yaradılması istiqamətində işlər gedir. Burada da vəziyyət bizi tam qane edə bilməz. Havanı çirkləndirən məişət obyektlərinə ciddi xəbərdarlıq edilib. Axsam saatlarında Bakı şəhərini tüstü bürüyür. Şadlıq evlərində tüstü təmizlənmədən havaya sovrulur. Ona görə, çox ciddi xəbərdarlıq edilib, kim əməl etməyəcəksə, o şadlıq evinin, məişət obyektinin qapısı bağlanacaq. Mən tapşırmışam ki, bunun üçün hüquqi əsaslar hazırlansın. Bildiyimə görə, birinci xəbərdarlıqdan sonra bir çox məişət obyektləri təmizləyici qurğuları quraşdırmağa başlayıblar. Onların hamısına məsləhətim ondan ibarətdir ki, bu işi tezləşdirsinlər. Çünki ikinci xəbərdarlıq olmayacaq, bir də görəcəklər ki, əldən çıxdı. Ona görə, tezliklə bütün böyük-kiçik məişət obyektlərində havanı çirkləndirən, havaya tüstü, kanserogen buraxan obyektlərdə təmizləyici qurğular quraşdırılmalıdır, müvafiq qurumlar monitorinq aparmalıdır. Mən Bakı Şəhər İcra Hakimiyyətinə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə göstəriş verdim ki, mənə dərhal məlumat verilsin və dərhal ölçü götürüləcək.

Ağacların kəsilməsi halları azalıb, amma tam aradan qaldırılmayıb. Bir daha demək istəyirəm ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəyi olmadan əgər kimsə bir ağac kəsirsə, onda özündən küssün.

Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq Sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə, bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır.

Şəhər nəqliyyatı sahəsində də irəliləyiş var. Biz şəhər nəqliyyatının təkmilləşdirilməsi işində islahatlar aparırıq, həm yol-nəqliyyat hərəkətinin tənzimlənməsi, eyni zamanda, yeni yolların açılması, nəqliyyat vasitələrinin alınması istiqamətində. Bu il şəhərimizə əlavə 300 yeni müasir avtobus gətiriləcək. Mən göstəriş vermişəm, gələn il də, minimum 300, əgər maliyyə imkanımız olsa, 500 yeni avtobus gətirilməlidir. Dövlət bu sahədə öz liderliyini göstərməlidir. Çünki son vaxtlar baş vermiş dəhşətli qəzalar bizim hamımızı çox üzür və bu, vətəndaşlar üçün çox böyük faciədir, böyük itkidir. Nəyə görə? Çünki sükan arxasında oturan öz məsuliyyətini dərk etmir. Onun psixoloji, narkoloji durumuna, peşəkarlığına lazımi qaydada nəzarət olunmur, sadəcə olaraq pul naminə. Şirkətə pul lazımdır. Ona görə də bədbəxt hadisələr baş verir. Avtobus qatara çırpılır, günahsız insanlar həlak olur. Mühafizə orqanları belə hallara çox ciddi reaksiya verməlidir və belə hallar nəzarətdə olmalıdır. Çünki bəzi hallarda bu hadisəni törədənlər müəyyən müddətdən sonra məsuliyyətdən yayınırlar. Ona görə, buna son qoymaq üçün müvafiq qurumlar tərəfindən çox ciddi təftiş aparılmalıdır. Avtobusları idarə edən şirkətlər çox ciddi nəzarətə götürülməlidir. Avtobusların texniki parametrləri ilə bağlı çox ciddi təftiş aparılmalıdır. Mən bir daha demək istəyirəm, əfsuslar olsun ki, özəl sektor bu sahədə istədiyimizə nail ola bilmədi. Bu sahə, ümumiyyətlə, özəl sektorun ixtiyarına buraxılmışdı. Belə bir fikir var idi ki, onlar bunu yaxşı idarə edəcəklər, məsuliyyətlə. Amma biz nəyi görürük? Gedirlər sıradan çıxmış, sınıq-salxaq avtobusları gətirib salırlar bizim küçələrimizə. Həm insanlar, həm hava üçün təhlükədir, həm də ümumiyyətlə, heç bir normaya sığmır. Ona görə, bizim dövlət qurumumuz var – “Bakubus” şirkəti. Onların xətti ilə biz bu işi davam etdirməliyik. Əgər özəl şirkətlər bu sahədə işləmək istəyirlərsə, öz işlərində çox ciddi dəyişiklik etməlidirlər və dövlət orqanları onlara çox ciddi nəzarət etməlidir.

Mən məişət tullantıları ilə bağlı müvafiq göstəriş vermişəm. Bu sahə Bakı şəhərində lazımi səviyyədə tənzimlənmir. Ona görə, vahid bir zəncir yaradılmalıdır – qapıdan ta Balaxanı məişət tullantılarının emalı zavoduna qədər. Ona görə, indi müvafiq qurumlar bu məsələ ilə bağlı təkliflər hazırlayır. Mən göstəriş vermişəm ki, bu işlərə beynəlxalq məsləhətçilər cəlb edilsin, bu sahədə də dünyanın aparıcı şəhərlərinin mövcud təcrübəsi Azərbaycanda tam tətbiq olunsun.

Eyni zamanda, Bakı Şəhər İcra Hakimiyyətinə göstəriş vermişəm ki, binaların həyətləri abadlaşdırılsın, orada həm yaşlı insanlar, həm də uşaqlar üçün şərait yaradılsın, həyətlər bütün qanunsuz tikililərdən təmizlənsin, lift təsərrüfatı təzələnsin, harada ki, ehtiyac var yeni liftlər qoyulsun. Yəni, mənzil-kommunal təsərrüfatının yeniləşməsi istiqamətində çox ciddi addımlar atılacaq. Bakı şəhərində isə yeni parklar, bulvarlar salınır. Bakı indi gözəl parklar, xiyabanlar şəhəridir. Köhnə, yararsız vəziyyətdə olan sənaye müəssisələri şəhərin mərkəzindən çıxarılır, yeni gözəl parklar salınır. Bu il də onlardan biri Babək prospektində, Heydər Əliyev Mərkəzinin aşağısında, Yusif Səfərov küçəsində salınıb və vətəndaşların sərəncamına verilib. Biz bu istiqamətdə işlərimizi davam etdirəcəyik.

Dəmir yolu ilə bağlı bəzi layihələri qeyd etmək istərdim. Mən ilin əvvəlində demişdim ki, bu ilin sonuna qədər Bakı-Gəncə sürət qatarının işə salınması prosesi başa çatmalıdır. İlin sonuna artıq az vaxt qalıb. Yəqin ki, biz bunu görəcəyik. Hər halda, kifayət qədər vəsait ayrılıb. Digər istiqamətlər üzrə – Bakı-Yalama dəmir yolunun yenidən qurulması istiqamətində, Bakı-Qəbələ dəmir yolunun çəkilişi ilə bağlı işlər gedir. Eyni zamanda, Bakı dairəvi avtomobil yolunun tikintisi davam edir. Bu da şəhər nəqliyyatı üçün çox önəmli bir layihə olacaq və bunu biz metro tikintisi ilə uzlaşdırmalıyıq. Onu da qeyd etməliyəm ki, bu ilin Dövlət İnvestisiya Proqramında metro tikintisi üçün də kifayət qədər vəsait ayrılmışdır.

Gələn ilin əvvəlində biz növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramını qəbul edəcəyik. Bu il üçüncü proqramın icrası başa çatır. Proqram demək olar ki, artıqlaması ilə icra edilib. İndi dördüncü proqram hazırlanır, son mərhələdədir. Dördüncü proqramda bu gün hələ də görə bilmədiyimiz işlər öz əksini tapmalıdır ki, qarşımızda duran bütün vəzifələr icra edilsin. Sağ olun.