Prezident İlham Əliyev Hacı Cavad məscidinin yeni binasının açılışında iştirak edib

Azərbaycanda iri ticarət mərkəzlərinin fəaliyyəti bərpa olunacaq
Prezident İlham Əliyevin yanında respublikanın hüquq–mühafizə orqanları rəhbərlərinin iştirakı ilə iclas keçirilib
Qaragöl şivəni və icra olunmayan Sərsəng qətnaməsi

Aprelin 12-də Bakının Yasamal rayonunda Hacı Cavad məscidinin yeni binasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılış mərasimində iştirak ediblər.

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi.

Azərbaycan Prezidentinin tapşırığı ilə Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi 1 ünvanında Hacı Cavad məscidinin yeni binasının tikintisinə 2017-ci il iyulun 2-də başlanılmışdı. Prezident İlham Əliyev məscidin yeni binasının tikintisini daim diqqət mərkəzində saxlayıb, burada həyata keçirilən inşaat işlərinin gedişi ilə maraqlanıb, görülən işlərlə bağlı müvafiq tapşırıqlarını verib.

Hacı Cavad məscidinin yeni binası 1200 kvadratmetr ərazini əhatə edir. Yalnız ibadət zalının sahəsi 400 kvadratmetrə yaxındır. Milli memarlıq üslubunda və zövqlə inşa olunan ibadət evinin günbəzinin hündürlüyü 18, minarənin hündürlüyü isə 33,7 metrdir. Məscidin daxilində xüsusi bəzək elementlərindən istifadə olunub, günbəzin kənarlarına Quran ayələri yazılıb. Məscidin müqəddəs Qurani-Kərimdən surələr yazılmış divar və sütunları isə Azərbaycan nəqqaşlıq məktəbinin və Şərq ornamentlərinin nadir nümunələrindən istifadə olunaraq dini rəmzlərlə bəzədilib.

Eyni vaxtda 500-dən çox insanın ibadət edə biləcəyi məscidin birinci mərtəbəsi kişilər, ikinci mərtəbəsi isə qadınlar üçün nəzərdə tutulub. Döşəməyə xüsusi olaraq Hacı Cavad məscidi üçün toxunan yeni “Namazgah” xalı döşənib. Məscidin daxilində müasir texnologiyalarla işləyən havalandırma sistemləri quraşdırılıb.

Prezident İlham Əliyevin maddi-mədəniyyət abidələrimizin, müqəddəs ocaqlarımızın bərpası ilə bağlı imzaladığı fərman və sərəncamlar, verdiyi tapşırıqlar sırasında Hacı Cavad məscidinin yeni binasının inşası da əksini tapıb. Son illərdə bütün dini ocaqlarda həyata keçirilən bərpa və yenidənqurma işləri, yeni dini ocaqların inşası dövlətimizin başçısının xalqımızın milli mənəvi dəyərlərinə, mədəni və tarixi zənginliyinə verdiyi qiymətin gözəl nümunəsidir.

Dövlətimizin başçısı Hacı Cavad dini icmasının üzvləri ilə görüşdü.

Prezident İlham ƏLİYEV görüşdə çıxış edərək dedi:

– Hacı Cavad məscidinin yeni binasının açılışı münasibətilə sizi təbrik edirəm. Bu, çox gözəl hadisədir, çox gözəl məsciddir. Azərbaycanın ənənəvi memarlıq üslubunda tikilmiş məsciddir. Daxili tərtibatı, xarici görünüşü göz oxşayır.

Siz Hacı Cavad məscidi icmasının nümayəndələri yaxşı bilirsiniz ki, məscidin əvvəlki binası artıq yararsız vəziyyətdə idi. Məscidin ətrafında gedən quruculuq işləri, ictimai zonaların, yol qovşaqlarının yaradılması zamanı bu məsələ üzə çıxdı ki, məscid yararsız, demək olar ki, qəzalı vəziyyətdədir. Mən bunu biləndən sonra dərhal göstəriş verdim ki, tezliklə həmin Hacı Cavad məscidinin yaxınlığında məscid üçün yeni bina tikilsin və yeni binaya Hacı Cavad adı verilsin. Çünki bu məscid Hacı Cavad məscididir. Sadəcə olaraq onun yeni binasıdır.

Qısa müddət ərzində məscid tikildi və bu gün sizin sərəncamınıza verilir. Çox gözəl memarlıq abidəsidir. Minarə tikilib. Əvvəlki məsciddə minarə yox idi. İdarə üçün inzibati bina tikilib, ətraf abadlaşdırılıb. Mənə verilən məlumata görə, məsciddə eyni vaxtda 500, bəlkə də 600 insan ibadət edə bilər.

Məscid dövlət vəsaiti hesabına tikilib. Bildiyiniz kimi, son vaxtlar bizim bütün tarixi məscidlərimiz dövlət tərəfindən əsaslı şəkildə təmir edilib və yeni məscidlər tikilib. Onların arasında Bibiheybət məscidi, Təzəpir məscidi var. İndi Təzəpir məscidinin ətrafında böyük quruculuq işləri aparılır. Siz də bunu yaxşı bilirsiniz. Çünki Hacı Cavad məscidi elə o ərazidə yerləşirdi. Onun qabağı açılır, böyük park salınacaq, yol infrastrukturu yaradılacaq. Digər tarixi məscidlərimiz əsaslı şəkildə təmir olunmuşdur: Əjdərbəy məscidi, ondan sonra Şamaxı Cümə məscidi, hansı ki, Qafqazın ən qədim məscidlərindən biridir, 743-cü ildə tikilmişdir. Şamaxı rayonunda daha bir qədim məscid bu yaxınlarda əsaslı şəkildə təmir olunmuşdur, Dəmirçi kəndində. O da eyni vaxta təsadüf edir. İmamzadə Tarixi-Dini Kompleksinin tamamilə yenidən qurulması böyük tarixi layihə idi. Biz qədim ibadət yerini qorumaqla yeni məscid tikdik. Orada da ictimai binalar tikilibdir, ətraf abadlaşdırılıbdır. Heydər məscidi mənim təşəbbüsümlə bir neçə il bundan əvvəl Bakıda tikilmişdir, gözəl, əzəmətli məsciddir. Cocuq Mərcanlı işğaldan azad olunandan sonra biz bu kənddə Şuşa məscidinin bənzəri olan məscid tikdik. Mən bu məscidin açılışında iştirak etmişəm. Demək olar ki, bizim son vaxtlar tikdiyimiz və əsaslı şəkildə bərpa etdiyimiz bütün məscidlərin açılışlarında mən şəxsən iştirak etmişəm.

Dövlət tərəfindən bu işlərin görülməsi dövlət-din münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bu münasibətlər Azərbaycanda nümunəvi xarakter daşıyır. Bildiyiniz kimi, dünən prezident seçkiləri keçirilmişdir və seçkilərdən sonra birinci tədbir, bax, bugünkü tədbirdir. Bu da dövlət-din münasibətlərinin bariz nümunəsidir, onun təzahürüdür. Mən çox şadam ki, son illər ərzində Azərbaycanda bizim dini-mədəni abidələrimiz qorunur, bərpa olunur. Bu, bizim tariximizdir.

Dini dəyərlər bizim milli mənəvi dəyərlərimizin tərkib hissəsidir. Azərbaycan xalqı öz köklərinə, öz ənənələrinə sadiq olan xalqdır. Təsadüfi deyil ki, keçən il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunmuşdur. İl ərzində nəinki ölkəmizdə, demək olar ki, bütün dünyada biz konfranslar, tədbirlər keçirmişik. Ötən ilin sonunda Bakıda böyük yekun konfrans keçirilmişdir və dünyanın diqqətini cəlb etdi. İslam Həmrəyliyi Oyunları Bakıda keçirilmişdir. Bütün müsəlman aləmini biz Bakıda qonaq etdik, onlara öz qonaqpərvərliyimizi göstərdik.

Yəni, İslam həmrəyliyi üçün Azərbaycan çox böyük işlər görür. Bu işlər bütün İslam aləmində yüksək qiymətləndirilir. Azərbaycan müsəlmanları bunu yüksək qiymətləndirirlər. Bizim siyasətimiz əməli işlərdə özünü göstərir. Bax, bu gözəl memarlıq abidəsi bu gün Hacı Cavad məscidinin icmasına təhvil verilir. Mən sizi bu gözəl hadisə münasibətilə təbrik edirəm. Sizə uğurlar arzulayıram.

Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlığını bildirən Yasamal rayon sakini Xanmirzə BAĞIROV dedi:

-Cənab Prezident, icazə verin, Sizi yenidən Prezident seçilməyiniz münasibətilə təbrik edək və Azərbaycan Respublikasının bütün vətəndaşlarının, o cümlədən biz dindarların hüquqlarının müdafiəsi istiqamətindəki fəaliyyətinizdə Sizə uğurlar arzulayaq.

Cənab Prezident, hamımıza məlumdur ki, Hacı Cavad məscidinin yenidən daha da müasir və möhtəşəm memarlıq kompleksi kimi inşa edilməsi bilavasitə Sizin xüsusi Sərəncamınızla mümkün olub. Qısa bir zamanda bu gözəl məscidin dindarların istifadəsinə verilməsi Sizin və Mehriban xanımın diqqətinin nəticəsidir. Ona görə də biz, cənab Prezident, dindarlara yaradılan bu şəraitə görə icma adından, ağsaqqallar adından Sizə və Mehriban xanıma dərin minnətdarlığımızı bildiririk.

Prezident İlham ƏLİYEV: Çox sağ olun.

İcmanın nümayəndələri: Çox sağ olun.

Prezident İlham Əliyevə Quran hədiyyə edildi.

Milli mənəvi və dini dəyərlərimizə göstərdiyi qayğıya görə dövlətimizin başçısına təşəkkür edən rayon sakini Əbdüləhəd TAĞIYEV dedi:

– Arzu edirik, inşallah, o günlər olsun ki, Sizin rəhbərliyiniz altında bu dəfə seçildiyiniz müddətdə bizim hamımızın arzusu olan Qarabağ işğaldan azad edilsin, oradakı məscidlər bərpa olunsun və orada bu cür görüşlər keçirək. Bu, ən böyük arzumuzdur. Sağ olun. Sizi Prezident seçilməyiniz münasibətilə bir daha təbrik edirik.

Prezident İlham Əliyev: İnşallah. Çox sağ olun.

X X X

Xatırladaq ki, 2017-ci ilin aprel ayında Prezident İlham Əliyev Yasamal rayonun “Sovetski” adlanan ərazisində Hacı Cavad məscidinin sökülməsini dayandırmış, məsələnin hərtərəfli və obyektiv araşdırılması üçün müvafiq komissiyanın yaradılması barədə göstəriş vermişdi. Komissiyanın qənaətinə uyğun olaraq, Prezident İlham Əliyev yerli icmanın da rəyi nəzərə alınmaqla yeni məscidin tikilməsi və yalnız bundan sonra Hacı Cavad məscidinin sökülməsi məsələsinə baxılması barədə qərar vermişdi. Bundan sonra dövlətimizin başçısının tapşırığına uyğun olaraq, Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində daha geniş, gözəl və müasir məscidin tikilməsi üçün yer və vəsait ayrılmış və tikinti işlərinə başlanılmışdı.

Məscidin ərazisində, həmçinin imam, dərs, kitabxana, qadın və kişilər üçün dəstəmaz otaqları və köməkçi tikililər inşa olunub. Məscid üçün içməli su anbarı, ayrıca qazanxana da tikilib. Burada, həmçinin ayrıca parkinq sahəsi yaradılıb.

Hacı Cavad məscidinin tarixini əks etdirən daş kitabələr yaxın vaxtlarda yeni ünvana gətiriləcək. Beləliklə, dini etiqad azadlığına və milli mənəvi dəyərlərimizə Prezident İlham Əliyevin göstərdiyi böyük qayğının təzahürü olan bu məscid milli memarlığımızın zəngin ənənələrini özündə ehtiva etməklə Azərbaycan dindarlarına gözəl töhfədir.

Sonda xatirə şəkli çəkdirildi.