Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Quba rayonuna səfər ediblər

Prezident “Diqlas”la bağlı məsələni nəzarətə götürüb, sahibkarlara kompensasiya veriləcək
Müdafiə naziri: “Münaqişə tezliklə ədalətli həll olunmazsa, düşmən Ordumuzun gücünü öz üzərində hiss edəcəkdir”
“Bu, asan olmayan imtahan idi, üzüağ çıxdıq” – AVCİYA prezidenti Elxan Süleymanov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da Quba rayonuna səfər ediblər.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ulu öndər Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 6-da Quba-Qonaqkənd avtomobil yolunun açılışını edib.

46 kilometrlik Quba-Qonaqkənd avtomobil yolunun istismara verilməsi ilə 68 min nəfərin rahat gediş-gəlişi təmin olunur.

Bu yol uzun illər əsaslı təmir olunmadığı üçün hərəkət hissəsində qabarmalar, çalalar əmələ gəlmişdi. Bu isə yolda nəqliyyatın hərəkətini çətinləşdirirdi.

Qeyd edək ki, ərazinin özünəməxsus relyefi tikinti işlərinin gedişinə də birbaşa təsir göstərib. Bəzi yerlərdə dağ yamaclarının qaya süxurları kəsilib, qrunt sularının axıdılması təmin edilib. Bir sözlə, dövlətimizin başçısının sərəncamı ilə vətəndaşların rahatlığının təmin olunması üçün çox əhəmiyyətli işlər görülüb.

Onu da deyək ki, Quba-Qonaqkənd yolunun yenidən qurulması həm də əhalinin tədarük etdiyi kənd təsərrüfatı məhsullarını, meyvə-tərəvəzi qısa vaxtda istədikləri ünvana çatdırmağa imkan yaradır, həmçinin turizm imkanlarını daha da genişləndirir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva dekabrın 6-da “Quba ABAD Factory” qablaşdırma vasitələrinin istehsalı müəssisəsinin açılışında iştirak ediblər.

AZƏRTAC xəbər verir ki, “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev müəssisədə görülən işlər barədə məlumat verdi.

Bildirildi ki, “ABAD Factory” bir neçə ildir, qubalı mikro və kiçik sahibkarlara qida istehsalı müəssisəsi kimi tanış idisə, artıq həm də qablaşdırma vasitələrinin istehsalı müəssisəsi kimi onlara yardımçı olacaq.

Yerli sakinlər müəssisənin yerləşdiyi yeri uzun illər əsaslı təmirə ehtiyacı olan və istifadəsiz qalan binanın mövcudluğu ilə xatırlayırlar. Memarlıq elementləri qorunmaqla tamamilə yenilənən binada artıq kartondan müxtəlif qablaşdırma vasitələri, kağız və etiketlərin istehsalı, promo məhsulların hazırlanması, eyni zamanda, tullantı kağızların preslənməsi nəzərdə tutulur.

Xatırladaq ki, “ABAD” Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Fərmanla yaradılıb. Statistik göstəricilər onu deməyə əsas verir ki, “ABAD” fəlsəfəsi əsaslı reallaşmaqdadır. İlin 10 ayının yekununda “ABAD” 500 ailəyə dəstək göstərib. Nəticədə “ABAD”çıların minlərlə çeşiddə sənətkarlıq, kənd təsərrüfatı və digər növ məhsulları satışa çıxarılıb. Ümumilikdə 5,5 milyon manat dəyərində məhsulun “ABAD” vasitəsilə satışı həyata keçirilib.

Müəssisənin açılışı ilə ilkin mərhələdə 20, sonrakı mərhələdə isə 50 nəfərin işlə təminatı reallaşacaq.

Qeyd olundu ki, bu müəssisə vasitəsilə həm “ABAD”çıların qablaşdırma vasitələrinə olan tələbatı ödəniləcək, həm də digər kiçik və mikro sahibkarların ehtiyacları qarşılanacaq.

AZƏRTAC