Prezident İlham Əliyevin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib

Prezident İlham Əliyev Bakıda Aşıq Ələsgərin abidəsinin açılışında iştirak edib
2022-ci ilin dövlət büdcəsi xərclərinə bir sıra maddələrdə dəyişikliklər edilib
Bakıda “2030 Gündəliyinin ətraf mühit aspektləri” mövzusunda Milli Gənclər Forumu keçirilib

Türkiyə Respublikasının Prezidenti Zati-aliləri cənab Rəcəb Tayyib Ərdoğana

Hörmətli cənab Prezident,

Əziz Qardaşım,

Türkiyə Respublikasının milli bayramı – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

Siyasi, iqtisadi, hərbi cəhətdən qüdrətli və sabit Türkiyə Respublikası bu gün beynəlxalq arenada olduqca əhəmiyyətli yerə malikdir. Sizin rəhbərliyiniz altında icra olunan irimiqyaslı proqramlar, layihələr qardaş ölkənizin hərtərəfli tərəqqisinə və yüksəlişinə xidmət edir. Şübhəsiz, xalqın Sizə olan böyük inam və etimadı həyata keçirdiyiniz strateji inkişaf xəttinin uğurunu təmin edən ən mühüm amildir.

Xalqlarımızın ortaq tarixi və milli-mənəvi dəyərləri kimi möhkəm təməllər üzərində dayanan Azərbaycan-Türkiyə dostluq və qardaşlıq əlaqələri birliyimizin və həmrəyliyimizin bariz ifadəsidir. Hazırda bu əlaqələrin tarixi dövrünə şahidlik edirik. Şuşa Bəyannaməsində müəyyənləşdirdiyimiz hədəflərə və istiqamətlərə uyğun olaraq müttəfiqlik münasibətlərimiz gündən-günə genişlənməkdə və yeni məzmunla zənginləşməkdədir.

Azərbaycanın öz torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə şəxsən Sizin, qardaş Türkiyə dövləti və xalqının qəti, birmənalı siyasi və mənəvi dəstəyi böyük rol oynamışdır. Azərbaycan-Türkiyə həmrəyliyini bir daha bütün dünyaya nümayiş etdirmiş bu dəstəyi xalqımız heç zaman unutmayacaq.

Əminəm ki, “Bir millət iki dövlət” şüarına uyğun olaraq birliyimizin, bütün sahələrdə səmərəli və fəal əməkdaşlığımızın daha da möhkəmləndirilməsi və inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, qardaş Türkiyə xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram.

Hörmətlə,

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 oktyabr 2021-ci il