Prezident seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə treninq təşkil edib

Türkdilli Dövlətlərin PR Mütəxəssislərinin Birinci Bakı Forumu keçirilib
Dövlət Sosial Müdafiə Fondunun gələn il üzrə büdcəsi məlum olub
“Made in Azerbaijan” brendli məhsullar Tbilisidə ənənəvi xeyriyyə yarmarkasında təmsil olunacaq

2018-ci il aprelin 11-nə təyin edilmiş Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyası Xarici İşlər Nazirliyi ilə birgə treninq təşkil edib.

AZƏRTAC xəbər verir ki, Xarici İşlər Nazirliyinin Konsulluq İdarəsinin rəisi səfir Faiq Bağırov qeyd edib ki, prezident seçkiləri ilə əlaqədar Seçki Məcəlləsindən və Konsulluq haqqında Əsasnamədən irəli gələrək Azərbaycanın xarici ölkələrdəki səfirlik və konsulluqlarında hazırlıq işləri görülür. Xarici işlər naziri Elmar Məmmədyarovun 21 fevral tarixli əmrinə əsasən, nazirliyin müvafiq idarələrinin əməkdaşlarından ibarət işçi qrup təşkil olunub. Xaricdəki konsulluqlarımızda 50-dən artıq vətəndaşımız qeydiyyatdadırsa həmin ölkədəki səfirlik və konsulluqlarımızda seçki məntəqələri yaradılır. Artıq 32 xarici ölkədəki səfirlik və konsulluqlarda 41 seçki məntəqəsi yaradılıb. Mərkəzi Seçki Komissiyasının köməyi ilə xarici ölkələrdə yaşayan hər bir vətəndaşımız konstitusion hüququndan istifadə edərək səs verəcək.

Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri Rövzət Qasımov Xarici İşlər Nazirliyinin ölkədən kənarda yaşayan vətəndaşlarımızın səsvermə hüququndan istifadə etmələri üçün yaratdığı şəraitə görə minnətdarlığını bildirib. O deyib ki, dünyanın əksər ölkələrindən fərqli olaraq Azərbaycan hökuməti təkcə ölkə daxilində yaşayan vətəndaşlarının deyil, xarici ölkələrdə yaşayan vətəndaşlarının da səsvermə hüquqlarını təmin edir. Xarici İşlər Nazirliyi bu sahədə böyük təcrübəyə malikdir. Hər seçkidə olduğu kimi, 11 aprel prezident seçkilərində də xarici ölkələrdəki diplomatik nümayəndəliklərimizdə məntəqələr yaradılıb. Səfirlik və konsulluqlarımızda yaradılan 29 məntəqənin nəticələri 17 saylı Yasamal üçüncü, 12 məntəqənin nəticələri isə 16 saylı Yasamal ikinci seçki dairələrinin nəticələri ilə qəbul olunacaq. Bu proses Mərkəzi Seçki Komissiyasının müvafiq qərarı ilə icra olunur.

Mərkəzi Seçki Komissiyasının Xarici İşlər Nazirliyi ilə səmərəli əməkdaşlığı və əvvəlki seçkilərdə əldə olunmuş uğurlu nəticələr onu deməyə əsas verir ki, bu il də xarici ölkələrdə yaşayan soydaşlarımızın səsvermə hüquqlarının təmin olunması üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün layihələr vaxtında və yüksək səviyyədə gerçəkləşdirilərək, vətəndaşlarımızın öz seçki hüquqlarından azad və sərbəst şəkildə istifadə etmələrinə geniş imkanlar yaradılacaq.