Prezident tariximizi saxtalaşdırmaq istəyən özümüzünkülərə sərt mesaj verdi

Prezident İlham Əliyev “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” Forumunda iştirak edib
Əsəd Təhləli ilə Gürcüstan azərbaycanlılarının etnik mədəniyyəti və məişəti (tarixi-etnoqrafik aspektlər) barədə söhbət- III Hissə
Talış kəndinə köçürülən sakinlərdən artıq 40 nəfərin məşğulluğu təmin olunub

“…Mən demişəm, bir daha demək istəyirəm ki, tariximizin həqiqətə uyğun olması ilə bağlı bizim alimlər, bizim mütəxəssislər gərək dolğun məlumat versinlər, tariximizi malalamasınlar. Bizə saxta tarix lazım deyil. Sovet dövründə nə qədər saxta tarixlə üzləşmişdik. Bizim qəhrəmanlarımız düşmən kimi göstərilirdi.

Xalqımızın düşmənləri, qaniçənlər qəhrəman kimi göstərilirdi. 26 Bakı komissarı – o erməni-bolşevik quldur dəstəsi qəhrəman kimi göstərilirdi. Ancaq onlara qarşı vuruşan milli vətənpərvər insanlar düşmən kimi göstərilirdi. Biz bunu görmüşük. Bizim nəsil bunu görüb, saxta tarix nədir. İndi yenə kimsə saxta tarix yaratmaq istəyir. Yenə kimsə hansısa fərarinin, satqının, qorxağın günahlarını yumaq istəyir. Biz buna imkan verə bilmərik. Hər kəs bilməlidir, torpaqları satan kimdir, torpaqları əsarətdən qurtaran kimdir…”. Bunu Prezident İlham Əliyev yanvarın 27-də Aydın Kərimovu Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən deyib.

Məhərrəm Zülfüqarlı: “Prezidenti dəstəkləyirəm, tariximiz saxtakarlıqlardan təmizlənməli, real sənədlər, faktlar əsasında yazılmalı, bütün gerçəkliklər əks olunmalıdır”

Tarix elmləri doktoru, professor Məhərrəm Zülfüqarlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Prezident olduqca aktual bir məsələni gündəmə gətirib. M.Zülfüqarlı hesab edir ki, Prezidentin bu mesajından gerçək tariximizi saxtalaşdıran alimlər nəticə çıxarmalıdırlar. Bu gün həqiqətən də Azərbaycanda hələ də tariximizi saxtalaşdıranlar var. “Prezidentin səsləndirdiyi bu fikirlər daim aktual olub. Çünki tarix siyasi elmdir. Hələ qədim dövrlərdən, orta əsrlərdən hər bir hökmdarın yanında tarixçi olub və tarixi də həmin hökmdara uyğun yazıb, onun qələbələrini şərh edib.

Yəni tarixin birtərəfli yazılışı tarixən olub. Biz bunun xoşagəlməz nümunələrini xüsusilə də Çar Rusiyası və Sovet dövründə görmüşük. Həm Çar Rusiyası, həm də Sovet dönəmində Azərbaycan tarixi kütləvi şəkildə saxtalaşdırılıb. Məsələn, bizə “26 Bakı komissarı” kimi əfsanələr, miflər yaradıb yazıblar. Amma sular durulandan sonra məlum oldu ki, heç “26 Bakı komissarı” olmayıb, cəmi 12 komissar olub. Çox təəssüflər olsun ki, Sovet dövründən qalan o xoşagəlməz ənənələr müstəqillik dövründə də bəzi tarixçilər tərəfindən davam etdirildi. Yəni bəziləri Sovet dövründə saxta tarix yazıb yüksək elmi adlar almışdılar, sonradan da yazdıqları saxta tarixdən əl çəkə bilmədilər, özlərini sübut etməyə çalışdılar. Təəssüf ki, belə tarixçilərin çoxu səlahiyyətli vəzifələrdə işləyənlər olub. Yəni onlar səlahiyyət sahibi olduqları üçün onları tənqid etmək çox çətin olub. Məsələn, mən Azərbaycan tarixinin saxtalaşdırılmasını aradan qaldırmaq üçün mübarizə aparanların, saxta tarixi tənqid edərək obyektiv tarix yazanların ön sırasında birinci olaraq akademik Ziya Bünyadovun adını qeyd etmək istəyirəm. Baxmayaraq ki, Sovet İttifaqı Qəhrəmanı, akademik idi, amma həmişə ağrılı yerlərə toxunur, Azərbaycan tarixini saxtalaşdıranlara qarşı hər zaman mübarizə aparırdı. Hətta Sumqayıt hadisəsi baş verərkən, Moskvada-mərkəzdə oturan ermənilər bu hadisəni saxtalaşdırarkən ilk dəfə rus dilində “Niyə Sumqayıt?” adlı məqalə yazdı və sübut etdi ki, Sumqayıt hadisələrini törədənlər ermənilər özləri olub. Bu baxımdan, mən Prezidentin fikirlərini dəstəkləyirəm. Doğrudan da  Azərbaycan tarixinin obyektiv yazılmasına ciddi ehtiyac var. Hesab edirəm ki, savadlı, obyektiv tarixçilərin üzləşdiyi maddi problemlər var, onlar aradan qaldırılmalı, bu tarixçilərin sosial müdafiəsi gücləndirilməlidir.

Prezidenti dəstəkləyirəm, tariximiz saxtakarlıqlardan təmizlənməli, real sənədlər, faktlar əsasında yazılmalı, bütün gerçəkliklər əks olunmalıdır. Əlbəttə, bizə saxta tarix lazım deyil, bizim heç ona ehtiyacımız da yoxdur. Tarixçilərimiz tariximizi obyektiv yazmalıdırlar ki, gələcək nəsillər bizim gerçək tariximizi olduğu kimi öyrənsinlər, təbliğ etsinlər” – deyə M.Zülfüqarlı qeyd etdi.

  • Qasım Hacıyev: “gerçəkliklərə göz yumanlar nəticə çıxarıb gerçəyi yazmalıdırlar”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun şöbə müdiri, professor Qasım Hacıyevin fikrincə də Azərbaycan tarixi obyektiv yazılmalı və indiyə qədər baş verən saxtalaşdırmalardan təmizlənməlidir: “Azərbaycan xalqının ən ağır problemi olan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll edilməsi, buna nöqtə qoyulması göstərir ki, biz tarixdə baş verənlərə çox diqqətlə yanaşmalıyıq. Hərə yaxasını bir kənara çəkib öz bildiyi ilə məşğul olsa, biz tariximizə lazımi şəkildə yanaşa bilmərik. Görünür, buna da ehtiyac varmış ki, belə bir məqam gəlib yetişsin və dünya diplomatiyasının bilicisi, Azərbaycan xalqını və Vətənini ürəkdən sevən bir dövlət xadimi öz xalqının xilaskarı kimi özünü bütün dünyada təsdiqləsin. Cənab Prezident öz qüdrəti, diplomatik, siyasi bacarığı və Ali Baş Komandanı olduğu müzəffər ordunun gücü ilə torpaqlarımızı işğaldan azad etdi, dövlətçilik tariximizə müzəffər Ali Baş Komandan olaraq adını əbədi olaraq yazdı. Biz tarixçilər tariximizə düzgün yanaşmalı, onu obyektiv yazmalıyıq. “Palaza bürün, ellə sürün”lə iş keçmir. Mən müxtəlif dövrlərdə bir neçə akademikimizin Azərbaycan tarixinə dair yazdığı kitablara rəy yazmışam, bu rəylər qəzet və jurnallarda nəşr olunub. Mən fikirləşirəm ki, bu gün tariximizin saxtalaşdırılmasına yol vermək olmaz, təəssüf ki, buna yol verənlər var. Onsuz da Sovet dövründə tariximiz kifayət qədət saxtalaşdırılıb, qara ləkələrlə doldurulub və xalqı, gələcək nəsli aldatmaqla məşğul olunub, buna görə də indi bunlara son qoymaq lazımdır. Az miqdarda hadisələrin üstünü malalamaqla, “sığallayıb” düzəltməklə iş keçmir, tariximizə böyük diqqətlə, həm də obyektiv yanaşmaq lazımdır. Vətənimizin tarixini saxtalaşdıran yadellilərin, düşmənlərimizin və öz içimizdə olanların yazdıqlarını da saf-çürük etməliyik. Bilirsiniz, tarixi saxtalaşdıranlar bu saxtakarlığı həyata keçirirsə, ona göz yumanlar da onlara şərik olmuş olurlar. Etiraf edim ki, biz indiyə qədər başqalarının, düşmənlərimizin yazdıqlarına cavab vermişik, amma bizim özümüzlə bir sırada olan və tariximizi bilərəkdən saxtalaşdıran “alim”lərimizin yazdıqlarına çox da diqqət yetirməmişik. Nə qədər namizdəlik, doktorluq dissertasiyasına rəy vermişəmsə, heç birində saxtakarlığa yol verməmişəm, onları düzgün qiymətləndirmişəm. Mənim vicdanım rahatdır. Elə tarixi saxtakarlıqla dolu elmi işlər olub ki, onlar bizim komissiyanın müdafiə şurasından keçməyib, bizə heç müraciət etməyiblər, amma istədikləri kimi tarixi saxtalaşdırıblar, saxta tarix yazıblar, xalqın gözünə kül üfürməklə məşğul olublar. Adlarını “tarixçi” qoyan həmin şəxslər ən azı bizim müasir dövrdə şahidi olduğumuz tarixi hadisələri saxtalaşdırmaqdan çəkinməyiblər. Vaxtilə Sovet tarixçiləri cənab Prezidentin də dediyi kimi, 26-ları “qəhrəman” kimi təqdim edib, tarixi saxtalaşdırıb, Şaumyana əsərlər həsr edib, “26 Bakı komissarı”nı Azərbaycanın “xilaskarı” kimi qələmə veriblər, onlara və digər düşmənlərimizə heykəllər qoymuşuq. Amma görünür ki, artıq bunların hamısını, onlar haqqnda yazılan kitabları da, məqalələri də tarixdən süpürüb atmağın vaxtı çatıb. Eyni zamanda, bu dövrümüzdə gözümüzün qabağında baş verənlərə laqeyd yanaşmamalıyıq. Bizim tarixçilər bəzilərini öz adları ilə çağırmamaqda səhv edirlər. Açıq deyim, Prezidentimiz hər dəfə öz fikrini deyir, amma tarixçilərimiz arasında bunu cəsarətlə açıb ortaya qoyanı hələ tapmırıq. Çünki hərə bir tərəfdə öz işi ilə məşğuldur. Təbii, hamını nəzərdə tutmuram, amma belələri az deyil. Bir Tarix İnstitutunun keçmiş rəhbərliyi ancaq adını-sanını, özünün şöhrətini qaldırmaq, medallar, ordenlər, mükafatlar, fəxri adlar almaqla məşğul olubsa, hər şeyin üstündən üstüörtülü keçibsə, bunun da üstü açılacaq. Amma şahidi olduğumuz bu hadisələri gizlədiriksə, demək, biz də onunla şərik oluruq. 1990-cı ilin yanvar hadisəsi də, 1991-ci ildə ermənilərin qondarma “DQR” elan etməsi də (indi o qondarma qurum artıq yoxdur – Q.H.), Azərbaycanda buna qarşı gedən mübarizə də çox yaxşı yadımdadır. O da yaxşı yanımdadır ki,  o dövrdə ölkəmizi səriştəsiz, başıpozuq şəxslər idarə edirdi, heç bir hərbi təlim görməmiş, hərbi ilə əlaqəsi olmayan, beş-on nəfər hərbçiyə rəhbərlik etməyən bir adam Azərbaycanda müdafiə naziri idi. Belə səriştəsiz rəhbərlərlə müharibədə düşmənə qalib gəlmək olardı? Qətiyyən olmazdı. AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkəmizə səriştəsiz, yarıtmaz adamlar rəhbərlik edirdi. Bu adamların səriştəsizliyini, yarıtmazlıqlarını, ölkəmizi hansı bəlalara düçar etdiyini bilən, onun şahidi olan tarixçilərimiz bu adamlar barədə hansı müsbət fikir söyləyə bilər? Yalanlarla, eyforiyalı sözlərlə baş qatmaq istəyən, “Şuşa getsə, başıma bir güllə çaxacağam” deyən bir müdafiə nazirinin cinayətkar fəaliyyətinə tarixçilər diqqətlə fikir verməli, bunu əks etdirməlidirlər. O dövrdə öz yalanları ilə camaatın başına oyun açan, pafoslu, yalan dolu çıxışlarla məşğul olan, səriştəsiz, bacarıqsız hökumətin, onun satqın, səriştəsiz, ordumuzu qalibiyyətə aparmaq üçün heç bir planı, bacarığı olmayan nazirlərinin yarıtmaz fəaliyyətinə qiymət versək, onların yarıtmazlığı indiki dövrlə müqayisə edirlərmi? AXC-Müsavat cütlüyü dönəmində tarixi, siyasi, hərbi biliyi olan peşəkar adamların kənara qoyulmasını, öz qohumlarını komandir təyin edənləri, döyüşə getməyib, qaçıb gizlənən, fərarilik edənləri bəzi tarixçilər görmürlərmi? Xatırlasınlar ki, Birinci Qarabağ müharibəsində müharibənin getdiyi dövrdə komissiya yaratdılar və o komissiyanın apardığı müşahidələri protokollaşdırdılar, amma o heç yerdə çap olunmadı. Bunları tarixçilər arxivdən çıxarıb araşdırmalı, qiymət verməlidirlər. Yaxşı yadımdadır, o komissiyanın rəhbəri ilə söhbət edəndə o, çox maraqlı bir şey dedi. Dedi ki, bəy, Azərbaycanda bütün nazirliklər müharibə ilə məşğul imiş, amma təkcə müdafiə nazirliyindən başqa. Mən məəttəl qaldım, dedim ki, bu nə demək istəyir. Yəni demək istəyirdi ki, bütün nazirliklər pul qazanmaqla məşğuldur, onlar müharibədən pul qazanırlar, qidalardan tutmuş, təchizata, silahlara qədər hər şeyə pul mənbəyi kimi baxıblar. Dövlətimizə, xalqımıza xəyanət edən, torpaqlarımızı alver predmetinə çevirən insanların çoxu həbs edildi. Onların xəyanətkar əməlləri ilə bağlı məndə kifayət qədər fakt var, amma onlar mənim sahəm olmadığı üçün yazmamışam. Amma Dağlıq Qarabağın tarixi, Qarabağ problemi, onun nəticələri haqqında çox yazmışam. Tarixçilərimiz bütün bu faktların hamısını yazmalıdır, bu reallıqlar tariximizdə əks olunmalıdır, gənclərimiz, gələcək nəsillər bilməlidir ki, torpaqlarımızın 28-30 il müddətində işğalda qalmasının baiskarı kimlər olub.  Bu adamların səriştəsiz, satqın fəaliyyəti tariximizin böyük qara ləkəsidir”.

Q.Hacıyev bildirdi ki, Ali Baş Komandanımızın rəhbərliyilə müzəffər ordumuz öz içimizdəki xəyanətkar qüvvələrin satqınlığı nəticəsində düşmən işğalına düşən torpaqlarımızı işğaldan azad edib. “Müzəffər Ali Baş Komandanımızın rəhbərliyilə torpaqlarımız işğaldan azad edilib. Milli satqınlarımızın düşmən əsarətinə saldığı tarixi torpaqlarımızı Ali Baş Komandan İlham Əliyev işğaldan azad edib, onun rəhbərlik etdiyi müzəffər ordu düşməni ərazilərimizdən qovub çıxarıb. Vicdanı olan tarixçi ağı ağ, qaranı qara yazmalıdır, kimin satqın, kimin xilaskar olduğunu açıq şəkildə tarix kitablarında əks etdirməlidir. İlham Əliyev tariximizə bir xilaskar kimi adını yazdı. Bunu təkcə biz demirik, bunu bütün dunya deyir. Cənab Prezidentin dedikləri tamamilə həqiqətdir, bizə saxta tarix lazım deyil. Cənab Prezidentin vurğuladığı məsələlərdən tariximizi saxtalaşdıranlar, öz çirkin əməllərini indiyə qədər davam edənlər, gerçəkliklərə göz yumanlar nəticə çıxarıb gerçəyi yazmalıdırlar. Tariximizi saxtalaşdıranlar bilməlidirlər ki, onların bu əməlləri xalqa, dövlətə, dövlətçiliyə böyük zərər vurur. Hər bir tarixçinin borcudur ki, gerçək tariximizi yazsın” – deyə Q.Hacıyev bildirdi.

Bakı-Xəbər