Prezident VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş idmançıların mükafatlandırılması haqqında Sərəcam imzalayıb

Üçüncü ölkələrdən Azərbaycan və Türkiyəyə səfər zamanı pasportdan istifadə məcburi olacaq
Bakı şəhər DYPİ və AYNA birgə məlumat yayıb
Aprel döyüşlərinin iştirakçıları: “Düşmənin əsgərləri silahı, texnikanı, postları və meyitlərini qoyub geri qaçırdılar”

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyad şəhərində keçirilən VI İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələr göstərmiş Azərbaycan Respublikası idmançılarının, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə 1 900 000 (bir milyon doqquz yüz min) manat vəsait ayrılsın.

2. Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi:

2.1. idmançılar arasında rəqabətin səviyyəsi, ən yüksək nəticələrə görə medalların sayı, fərdi və ya komanda yarışlarında iştirakı nəzərə alınmaqla idmançıların, onların məşqçilərinin və idmançıların oyunlara hazırlığı prosesində iştirak etmiş digər mütəxəssislərin mükafatlandırılması üçün nəzərdə tutulmuş vəsaitin bölgüsünə, habelə vəsaitin ödənilməsinə dair qaydanı 10 (on) gün müddətində hazırlayıb təsdiq etsin;

2.2. bu Sərəncamın 1-ci hissəsi ilə ayrılmış vəsaitin həmin Sərəncamın 2.1-ci bəndində nəzərdə tutulmuş qaydaya uyğun olaraq ödənilməsini təmin etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 26 noyabr 2025-ci il.

President.az