ATƏT-ə üzv olan bəzi ölkələrdə də prezidentlik müddəti ilə əlaqədar məhdudiyyət yoxdur” ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Yanes Lenarçiçin (Janez Lenarcic) APA-ya müsahibəsi
– Azərbaycanda insan hüquqlarına dair vəziyyəti necə qiymətləndirərdiniz?
– ATƏT-ə üzv dövlət kimi, Azərbaycan insan hüquqları və demokratiya sahəsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirməyə razılıq verib. Bu öhdəliklərin bəzilərinin yerinə yetirilməsini oktyabr ayında keçirilmiş prezident seçkilərini müşahidə edərkən qiymətləndirmişik. Belə qənaətə gəldik ki, sonuncu seçkilər zamanı, əsasən, seçkilərin administrasiyasına dair bəzi texniki aspektlərdə beynəlxalq standartlara doğru əhəmiyyətli irəliləyiş qeydə alınıb. Lakin biz, həmçinin, sağlam rəqabətin çatışmamasını, kifayət qədər fəal siyasi müzakirələrin olamamasını, eləcə də media mühitinin məhdudluğunu qeyd etmişik. Belə məsələlər mənalı və plüralist demokratik seçkilər üçün önəmlidir. Biz də öz növbəmizdə bu sahələrdə irəliləyişə nail olmaq üçün Azərbaycan hökumətinə konkret tövsiyələr vermişik. Bu tövsiyələrin yerinə yetirilməsində Azərbaycan hökuməti ilə birgə işləməyə hazırıq.
– Azərbaycanda son illər ərzində demokratiya, insan hüquqları, tolerantlıq və ayrı-seçkilik sahələrində irəliləyişin olub-olmamasına dair hansı fikirdəsiniz?
– ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosunun direktoru vəzifəsində yalnız ötən ilin yayından çalışdığımı nəzərə alsaq, bu cür qiymətləndirmə aparmaq mənim üçün bir qədər tezdir. Bizim və ATƏT-in digər strukturlarının bəzi narahatlıqları var və biz bunu Azərbaycan rəhbərliyi ilə bölüşmüşük. Lakin eyni zamanda bəzi ümidverici əlamətlər də mövcuddur. Jurnalistlər və insan hüquqları müdafiəçilərinin ictimaiyyəti narahat edən məsələlərə dair fikirlərini azad ifadə edə bilmələri çox vacibdir. Azərbaycanlı həmkarlarımızla konkret layihələr üzrə işlərimizdə biz entuziazm və ATƏT-in önəm verdiyi dəyərlərə sadiqliyin şahidi oluruq.
– DTİHB bu məsələdə Azərbaycana hansı köməklikləri etməyi planlaşdırır?
– DTİHB-nin əsas vəzifələrindən biri ATƏT-ə üzv dövlətlərə onların insan hüquqları, demokratiya, qanunun aliliyi, tolerantlıq və ayrı-seçkilik sahələrində götürdükləri öhdəlikləri yerinə yetirməkdə kömək göstərməkdir. Biz Azərbaycanın seçki strukturunun təkmilləşdirilməsi istiqamətində öz köməyimizi təklif etmişik, bir sıra layihələrin icrasında iştirak etmişik. Bunlardan qadınlara qarşı ailədaxili zorakılıq hallarına qarşı mübarizəyə dair hüquq mühafizə orqanlarının şəxsi heyəti, eləcə də hökumət, Ombudsman institutu və vətəndaş cəmiyyəti arasında dialoqun təşviqinə dair treninq keçirdiyimizi qeyd edə bilərəm. Fəal vətəndaş cəmiyyəti istənilən demokratiyanın mühüm hissəsidir. Məni daha da həvəsləndirən bu yaxınlarda QHT-lərə dövlət dəstəyi Şurasının sədri Azay Quliyevlə görüşüm oldu. Həmin görüşdə Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafına dair konkret təkliflər səslənib. Hazırda biz həmin təklifləri öyrənir, DTİHB-nin həmin məsələlərə necə köməklik edə biləcəyini nəzərdən keçiririk. Ümumiyyətlə, ATƏT-in Bakı Ofisinin gördüyü mükəmməl işə əlavə olaraq, mən Azərbaycan hökumətini DTİBH-nin də göstərə biləcəyi köməkdən tam yararlanmağa çağırıram.
– Azərbaycan Konstitusiyasına təklif olunan dəyişikliklər DTİHB-nin demokratiya və insan hüquqları prinsiplərinə uyğun gəlirmi?
– Konkret götürsək, prezidentlik müddətinin məhdudlaşdırılmasına dair ATƏT-in öhdəlikləri neytraldır. ATƏT-ə üzv olan bəzi ölkələrdə də prezidentlik müddəti ilə əlaqədar məhdudiyyət yoxdur. Lakin ATƏT-in öhdəlikləri açıq-aydın göstərir ki, vətəndaşların vaxtaşırı və tamamilə demokratik seçkilər yolu ilə iradələrini azad şəkildə ifadə etmələrinə ehtiyac var. Bu, demokratiyanın fundamental prinsiplərindən biridir. Bu prinsipin təmin olunduğu təqdirdə, prezidentlik müddətinin limitinə dair məsələ ikinci dərəcəli olur. Mövcud limitin aradan qaldırılmasının yaxşı ideya olub-olmadığına dair qərarı qarşıdan gələn referendumda Azərbaycan vətəndaşları verməlidirlər. Referendum zamanı vətəndaşların bu məsələ ilə bağlı iradələrini azad şəkildə bildirməsini təmin etmək də çox önəmlidir.
– DTİHB martın 18-də Azərbaycanda keçiriləcək referenduma texniki dəstək göstərəcəkmi?
– Biz referendumu müşahidə etmirik. Amma prosesinin izlənilməsində və ATƏT-in müvafiq strukturlarının məlumatlandırılmasında ATƏT-in Bakı Ofisinə dəstək məqsədilə bir neçə mütəxəssisimizi Azərbaycana göndərəcəyik.
– DTİHB Azərbaycanda qarşıdan gələn bələdiyyə seçkilərini izləyəcəkmi?
– Biz bələdiyyə seçkilərini izləməyi planlaşdırmırıq. Çünki, biz adətən yerli idarəetmə orqanlarına olan seçkiləri izləmirik.
– Azərbaycana yaxın zamanlarda səfər etməyi planlaşdırırsınızmı?
– Mən Azərbaycana bir müddət əvvəl, 2008-ci ilin oktyabrında keçirilmiş prezident seçkiləri zamanı səfər etmişdim. DTİHB-nin direktoru təyin olunandan sonra ATƏT-ə üzv olan dövlətlərə ilk səfərlərimdən biri məhz Azərbaycana olmuşdu. Hazırda DTİHB-nin fəal olduğu ATƏT-in digər ərazilərinə səfərlər edirəm. Bununla belə, əminəm ki, yaxın zamanlarda Azərbaycana yenidən gəlmək üçün daha bir imkan ələ düşəcək. Mən böyük səbirsizliklə həmin günü gözləyirəm. /APA/