Prezidentliyə namizədlərin imza vərəqələrinin yoxlanılması prosesi KİV-ə və ictimaiyyətə tam açıqdır

Bakıda Azərbaycan Gənc Alimlərinin I Qurultayı keçirilir
Azərbaycanda yeniyetmələrin vaksinasiyası mərkəzləşdirilmiş şəkildə aparılacaq
Hikmət Hacıyev: Azərbaycanın xaricdəki diplomatik nümayəndəliklərinin rəhbərləri ölkənin rəsmi mövqeyinə zidd olan özbaşına açıqlamaların verilməsindən çəkinməlidirlər

Aprelin 11-də keçiriləcək Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar prezidentliyə namizədlərin səlahiyyətli nümayəndələri tərəfindən təqdim edilən imza vərəqələri və digər seçki sənədlərinin işçi qrup tərəfindən yoxlanılması prosesi davam edir.

AZƏRTAC xəbər verir ki, bu fikri jurnalistlərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının üzvü və işçi qrupun rəhbəri Etibar Quliyev deyib. O bildirib ki, proses kütləvi informasiya vasitələrinə, siyasi partiyaların üzvlərinə, ictimaiyyətə tam açıqdır. Bundan əvvəlki seçkilərdə olduğu kimi, bu seçkilərdə də maraqlı tərəflərin namizədlərin imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanması prosesini müşahidə etmələrinə şərait yaradılıb. Səlahiyyətli nümayəndələr, siyasi partiyaların təmsilçiləri, beynəlxalq təşkilatların və KİV-lərin nümayəndələri, ümumiyyətlə, istənilən maraqlı şəxs prosesi müşahidə edə bilər. İndiyə qədər təsdiqlənmiş yeddi namizədin imza vərəqələri və digər seçki sənədləri təqdim olunub.

Etibar Quliyev qeyd edib ki, imzaların və digər sənədlərin yoxlanılması prosesindəki işçi qrupuna Ədliyyə, Maliyyə, Daxili İşlər nazirliklərinin, Hesablama palatasının, Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin peşəkar mütəxəssisləri cəlb olunublar. Yoxlamanın nəticəsində ekspert rəyi verilir və sonda protokol tərtib edilərək Mərkəzi Seçki Komissiyası üzvlərinin müzakirəsinə göndərilir. Yoxlamalar zamanı aşkar olunan çatışmazlıqlar barədə Seçki Məcəlləsinin müvafiq maddələri əsasında 48 saat ərzində namizədlərə və səlahiyyətli nümayəndələrə məlumat verilib.

Mərkəzi Seçki Komissiyasında namizədlər tərəfindən təqdim olunmuş imza vərəqələrinin və digər seçki sənədlərinin yoxlanılması prosesi hər zaman açıq və şəffaf olub. 2018-ci il aprelin 11-nə təyin edilmiş prezident seçkiləri ilə əlaqədar namizədliyi irəli sürülmüş şəxslərin imza vərəqələri Mərkəzi Seçki Komissiyasına təqdim olunandan sonra bütün maraqlı tərəflər, həm namizədlərin səlahiyyətli nümayəndələri, həm siyasi partiyaların və KİV-lərin təmsilçiləri mütəmadi şəkildə Komissiyaya gələrək imza vərəqələrinin və digər sənədlərin yoxlanılması prosesində tam şəffaf şəkildə iştirak ediblər.

Proses martın 12-si saat 18.00-dək davam edəcək.