QƏNBƏROV Ramiz Bulud oğlu

İSMAYILOV İnqilab Ələkbər oğlu
MƏMMƏDOV Kazım Ərşad oğlu
MÜSLÜMOV Valeh Əlizaid oğlu

(2.7.1962, Şuşa ş.– 30.4.1992, Şuşa) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).2 iyul 1962-ci ildə qədim Şuşa şəhərində doğulmuşdur. 1979-cu ildə Hacıyev adına 4 saylı Şuşa şəhər orta məktəbini bitirdikdən sonra Kolxozlararası Tikinti İdarəsində əmək fəaliyyətinə başlamışdır. 1980-ci ildə hərbi xidmətə çağırılmışdır. 1982-ci ildə ordudan tərxis olunur və doğma Şuşaya qayıdır. Əmək fəaliyyətinə fəhləlikdən başlasayan Ramiz sonradan çalışdığı idarəyə mühəndis təyin edilir. 1986-cı ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna daxil olur, işləyə-işləyə ali təhsilini davam etdirir.

R.Qənbərov 1988-ci ildə Xalq Hərəkatına qoşulur və erməni təcavüzünə qarşı ilk mübarizə aparanlardan biri olur. Ramizin qəlbinə bu müqəddəs fıkir hakim kəsilmişdi; Millət! Vətən! Torpaq! Azadlıq! Elə bu məqsədlə Moskvada Azərbaycan həqiqətlərinin dünya xalqlarına çatdırılmasında fəal iştirak edir, imperiyanın ədalətsiz qərarlarına qarşı çıxaraq öz haqq səsini ucaldırdı. Bəzən haqsız təzyiqlərə, təqiblərə məruz qalsa da, yolundan dönmür, ölümün gözünə belə dik baxırdı.

O, Azərbaycana qarşı erməni təcavüzünün ilk illərindən torpaqlarımızın müdafiəsinə qalxanların ön sıralarında idi. R.Qəmbərov 1992-ci ildə könüllülərdən ibarət batalyon yaradır və özü də həmin batalyona başçılıq edir. Cəsur döyüşçü batalyonu ilə Şuşa şəhərinin, eləcə də Kərkicahan, Kosalar, Nəbilər, Qaybalı, Malıbəyli, Quşçular, Göytala kəndlərinin müdafiəsində mərdliklə vuruşur, quldur yuvalarının darmadağın edilməsində əsl qəhrəmanlıq nümunələri göstərirdi.

Erməni yaraqlıları 29 aprel 1992-ci ildə Kosalar və Kərkicahan kəndləri yaxınlığındakı postlara hücuma keçirlər. R. Qənbərov batalyonu ilə köməyə gedir. Düşmənin dörd postu ələ keçirilmişdi. Axırıncı post uğrunda mübarizə gedirdi. Düşmən xeyli itki versə də, geri çəkilmək istəmirdi. Ramiz yaraqlıların mövqeyini öyrənmək üçün irəli atılır. Artıq igid komandir ermənilərin hədəfində idi. Bu qeyri-bərabər döyüşdə atılan güllələrdən biri igid komandiri ağır yaralayır. Bir gün sonra, 1992-ci il aprelin 30-da o, gözlərini əbədi yumur.

Subay idi.

Azərbaycan Respublikası Prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Qənbərov Ramiz Bulud oğluna ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adı   verilmişdir.

Şuşa şəhərirində dəfn edilib.

Bakı şəhərindəki küçələrdən biri onun adını daşıyır.

Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 159-160