QULİYEV Aqil Sahib oğlu

TEYMUROV Rizvan Rəhman oğlu
ALICANOV Rafiq Cəfər oğlu
SEYİDOV Mirəsgər Mirabdulla
(19.9.1963, Ermənistan SSR, Sisyan r-nunun Urud k. – 25.2.1992, Xocalı ş.) – Azərbaycanın Milli Qəhrəmanı (7.6.1992, ölümündən sonra).

19 sentyabr 1963-cü ildə Qərbi Azərbaycanın Sisyan rayonunun Urud kəndində doğulmuşdur. 1980-ci ildə orta məktəbi bitirib, Azərbaycan Neft Akademiyasının axşam şöbəsinə daxil olur. Üçüncü kursda oxuyanda hərbi xidmətə çağırılır. Əsgəri xidmətini başa vurduqdan sonra yarımçıq qalmış təhsilini davam etdirmək fikrindən daşınır. Çünki onun marağı artıq başqa bir sahəyə yönəlmişdi. O, 1982-ci ildə Xarkov Ali Milis Məktəbinə daxil olur. 1986-cı ildə həmin məktəbi fərqlənmə diplomu ilə bitirərək orada müəllimlik etməyə başlayır. İki il sonra Aqilin həyatında ən üzüntülü günlər başlayır.

1988-ci ildə Dağlıq Qarabağda baş verən hadisələr, digər tərəfdən isə valideynlərinin erməni şovinistləri tərəfindən doğma yurdlarından vəhşicəsinə qovulması onu bərk narahat edirdi. O, nigarançılığa son qoymaq üçün ailəsini də götürüb Bakıya gəlir. Ailəsinə müvəqqəti sığınacaq tapır və sonra təzəcə yaranmaqda olan Milli Ordunun qərargahına gələrək cəbhəyə göndərilməsini xahiş edir. Bu müraciətdən sonra onu 45 nəfər döyüşçü ilə birlikdə Ağdam bölgəsinə göndərirlər. Leytenant A.Quliyev rota komandiri təyin edilir. Vətən müdafiəçiləri sırasında onun kiçik qardaşı Nəsimi də var idi. Nəsimi isə kəşfiyyat qrupuna başçılıq edirdi. Bölük Ağdama çatanda Xocalı artıq düşmən mühasirəsindəydi. Aqil vaxt itirmədən öz dəstəsilə ilə Xocalıya yolanır. Əhali dəstənin gəlişini səbirsizliklə gözləyirdi. Güman edirdilər ki, dəstə onları mühasirədən qurtaracaq. Lakin döyüşçülərin sayca az olması və silah-sursatın çatışmaması mühasirəni yarmağa imkan vermədi. 366-cı motoatıcı alay Xocalıya doğru irəliləyirdi. Aqil Quliyev dinc əhalinin müdafiəsini təşkil eləmək üçün var gücü ilə çalışırdı.

1992-ci ilin fevral ayı… Artıq Xocalı mühasirədə idi. Erməni yaraqlıları 366-cı alayın köməyinə arxalanaraq insanları vəhşicəsinə qırırdılar. Aqil öz rotası ilə düşmənə bir neçə dəfə sarsıdıcı zərbə endirdi. 1992-ci il fevralın 18-dən 25-nə qədər davam edən döyüşlərdə rota komandiri böyük rəşadətlə döyüşdü, onlarla erməni faşistini məhv etdi. O, bu döyüşlərin birində – “Qaz kontoru” deyilən yerdə hər iki ayağından yaralandı.

Fevralın 25-i… Bu tarix qanla yazılan səhifələrimizdəndir. Döyüş dostları onu təhlükəsiz yerə aparmağa cəhd göstərirlər. Lakin amansız ölüm onları haqlayır. Kətik kəndi yaxınlığında güllələrdən biri onun ürəyinə sancılır. Aqilin də ömrü burda qırılır. Onun cəsədini faciədən 5 gün sonra hadisə yerindən götürmək mümkün olur.
Ailəli idi. Bir qızı yadigar qalıb.
Azərbaycan Respublikası Prezidcntinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Quliyev Aqil Sahib oğluna ölümündən onra “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmişdir.
Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Bakının Bayıl qəsəbəsindəki küçələrdən biri onun adını daşıyır. Yaşadığı binanın önündə xatirə lövhəsi vurulub.
Əd.: Vüqar Əsgərov “Azərbaycanın Milli Qəhrəmanları” (Yenidən işlənmiş II nəşr), Bakı, 2010, səh. 163-164
Qardaşı Nəsimi Quliyevin dediklərindən:
“Biz 45 nəfər döyüşçü ilə Ağdama gəlmişdik. Silah-sursatımız yox idi.  Bakıya qayıtmalı oldum. Burada bir sıra danışıqlardan sonra ruslara məxsus hərbi hissələrin birindən 1 ədəd qrad qurğusu ələ keçirə bildik.  Qrad qurğusunu Ağdama gətirdik. Bizim ora gəlişimiz fevralın 17-nə təsadüf edirdi.  Sabahısı günü Həsənabad kəndində əməliyyat keçirdik. Həmin vaxtlar Xoclı artıq mühasirədə idi. Bu əməliyyatı keçirməkdə əsas məqsəd düşmənin günü gündən artan mühasirə həlqəsinin az da olsa qarşısını almaq idi. Xocalı faciəsində  bizim rotanın 45 döyüşçüsündən 11-i: Aqil Quliyev, İlqar Musayev, Tofiq Bədirov, Cəbrayıl Rəcəbov, Hafiz Nuriyev, Fikrət Əzimov, Mübariz Şaxmurov, İlham Mehdiyev, Mikayıl Əliyev, Elçin Quliyev və Elçin Şəmiyev şəhid oldu. Hikmət Nəzərli isə itkin düşdü. Bu il biz Xocalı faciəsinin 25 illiyini qeyd edirik. Mənim fikrimcə, neçə ki, torpaqlarımız işğal altındadır, şəhidlərimizin qanı alınmayıb, boş durmamalıyıq. Allah şəhidlərimizə rəhmət eləsin!”

Əd.: “Xocalı yaddaşı”, Bakı, 2017, s. 126