Ramiz Sevdimalıyev: Beynəlxalq erməni terrorizminin formalaşması və inkişafı: tarixi baxış (IV hissə)

“Azərbaycanda erməni qırğınları və deportasiyaları” haqqında baxışların tənqidi təhlili
Ermənistan simasızlıq böhranından necə xilas ola bilər?
Xocalı faciəsi üzrə Beynəlxalq Tribunalın təsis edilməsi zərurətinə dair
(Son)
Əlbəttə, XIX-XX əsrlərin sərhəddində erməni terrorizminin səciyyəvi xüsusiyyətlərı yeni yaranmış erməni terror təşkilatlarına da məxsus idi. Eyni zamanda XX əsrin ikinci yarısı və XXI əsrin əvvəllərində erməni terrorizmi öz sələflərinin “zəngin” təcrübəsinə söykənərək aşağıda göstərilmiş bəzi əhəmiyyətli səbəblər sayəsində daha genişmiqyaslı oldu və stabil olaraq inkişaf edərək, dünyanın bütün regionlarını bürüdü.
1. Erməni terrorizmi, beynəlxalq terrorizm olaraq, həmişə kilsədən hərtərəfli dəstək alıb və almaqda davam edir. O başqa xalqlara qarşı nifrət və dözümsüzlük formalaşdırmaqda mühüm rol oynayır.
Yuxarıda qeyd edildiyi kimi, erməni terror təşkilatlarının meydana gəlməsi və formalaşması tarixində kilsə əhəmiyyətli rol oynayıb. Bu, xüsusilə, çar Rusiyası, Fransa və İngiltərənin regionun gələcəyilə bağlı geostrateji planlarının olmasından doğmuşdu. Digər tərəfdən, məlum olduğu kimi, Osmanlı dövləti çərçivəsində ermənilər xristian azlığı təşkil edirdilər. Erməni xristianlığı dünyanın başqa xristian qruplarından onunla fərqlənirdi ki, erməni kilsəsi Roma kilsəsinin hakimliyini tanımırdı, papa hakimiyyətinə heç bir maraq göstərmirdi, öz qriqorianlıq inamına üstünlük verirdi. Təbii ki, Roma kilsəsinin nöqteyi-nəzərindən öz ideyaları və inamı olan xristian qrupunun mövcudluğu faktı bütün xristian dünyası üçün təhlükəli idi. Buna görə Roma kilsəsinin əsas vəzifələrindən biri ermənilərin arasına nifaq salmaq və onun hakimliyini tanıyan müxtəlif erməni dini qruplarının yaradılması idi. Bu məqsəd Fransa, İngiltərə və Rusiyanın Osmanlı dövlətinin erməni icması daxilində bu və ya digər əlaqədar tərəfin maraqlarına xidmət edəcək müxtəlif qrupların yaradılması planlarına uyğun idi. Beləliklə, geostrateji planlarının reallaşdırılmasında dini amildən istifadə edilməsi əlaqədar dövlətlərin siyasətində əhəmiyyətli yer tuturdu. Bu ona gətirib çıxartdı ki, ilk terror aktları dönüklərin qaytarılması üçün erməni kilsələri tərəfindən planlaşdırılır və həyata keçirilirdi. Eyni zamanda Osmanlı dövlətinin əsasını dağıtmağa çalışan Fransa, İngiltərə və Rusiya müxtəlif erməni qruplaşmalarına mənəvi və maliyyə dəstəyi göstərirdi. Məhz belə tarixi şəraitdə kilsənin bilavasitə iştirakı ilə erməni terrorizmi yarandı və daha da inkişaf etdi.
Digər tərəfdən, pravoslav və katoliklərin dönük hesab etdikləri erməni qriqorian kilsəsi V əsrdə Bizans və Roma kilsələrindən qopdu, həmçinin Roma kilsəsi tərəfindən udulmaq qorxusuna görə, 1441-ci ildə erməni qriqorian kilsəsi katolikosunun iqamətgahı Kilikiyadan Eçmiədzinə köçürüldü. Buna görə o vaxtlar, erməni kilsəsi erməniləri başqa xristianlarla birləşdirən amil deyil, ayıran amil oldu. Təmiz erməni kilsəsi olmaqla özünü təcrid etmənin, qapalılığın amili oldu, sonrakı etnik və dini dözümsüzlük, həmçinin ekstremizm və separatizm üçün özül qoydu.
Erməni kilsəsi həmişə siyasətdə fəal iştirak edib və ermənilərin qonşularına qarşı nifrət hissini qızışdırmaqda xüsusi rol oynayıb. Bu barədə S.Uims yazır ki, xristian ermənilərin və müsəlman Osmanlıların arasında yaranan nifrətin kökündə erməni kilsəsinin əməyi və səyləri durur. Baş keşiş Gevond Turyan 1917-ci ildə İstanbulda dərc edilmiş kitabında erməni terror təşkilatlarının formalaşmasında kilsənin rolunu açmışdır. Bu kitab, bir növ erməni kilsəsinin etirafıdır, onun “çox qiymətli”  fəaliyyətinə işıq salır və erməni ictimai şüurunun formalaşmasında və erməni terror təşkilatlarının yaradılmasında erməni patriarxiyasının həqiqi mahiyyətini açır. Məsələn, Turyan yazır ki, “uzun müddət dini icmalar erməni inqilabçı partiyalarının mərkəzi idi, burada ən dəhşətli proqramlar hazırlanmışdı… Dini mərkəzlər danışıqlarla və yazıyla xalqı üsyana çağırırdı. Çıxışlarda yüksək sözlər və İncilin doktrinaları xatırlanmırdı. Sədaqət və düzgünlük yerinə üsyana, insanlıq yerinə nifrətə və qisasa, əxlaq yerinə alçaqlığa və rüsvayçılığa çağırışlar eşidilirdi”. Sonra o yazırdı ki, komitələr tərəfindən təşkil edilmiş bütün yığıncaqlar və başqa tədbirlər dini liderlərin rəhbərliyi altında keçirilirdi və nə ermənilərin ən yüksək dini lideri — Eçmiədzin katolikosu, nə başqa erməni kilsələrinin başçıları, nə inqilabçı partiyaların rəhbərləri, nə başqa ermənilər dərk edə bilmədilər ki, “ermənilər 600 ildən çox, türklərlə bərabər sosial və dini azadlıqdan istifadə edərək, onlarla yanaşı Türkiyə torpaqlarında yaşayırdılar” və komitələr bu həqiqəti inkar edərək, nifrət və dözümsüzlük toxumu yayırdılar. Gözlənildiyi kimi, erməni kilsəsi və erməni terror təşkilatları baş keşiş Gevond Turyana “cəsarətli” açıqlamalarını bağışlaya bilmədi və o, 1933-cü il dekabrın 24-də Nyu-Yorkda erməni kilsəsində “Daşnaksütyun” terrorçuları tərəfindən, prixoda mənsub yüzlərlə adamın gözləri önündə öldürüldü. Turyan keçidlə getdiyi zaman bir qrup kişi onun yolunu kəsir, bıçaqlar parıldayır və o ölür. Turyanın qətlinin bütün şahidləri istintaq zamanı iddia etdilər ki, hücum edənləri görməyiblər və ifadə verməkdən imtina etdilər. Baş keşişin qətlini araşdıran Nyu-York dairə prokuroru deyirdi ki, “xəfiyyələr sükut divarı ilə rastlaşırlar ki, bu sirli qətlin açılması üçün yaxşı olmayan proqnozdur. Ya bu ermənilər qisası özlərinə məxsus daxili qanlı çəkişmə ilə ayırd etmək istəyirdilər, ya da onlar şəxsi təhlükəsizlikləri üçün çox qorxduqlarından bildiklərini açmaq istəmirdilər”. Bəzi məlumatlara görə, Gevond Turyanın qətlini Qaregin Njde həyata keçirtmişdi, lakin o, bu cinayətdə iştirakını inkar edirdi. Njdenin dediyinə görə, Gevond Turyanın qətli (burada qurbanın soyadı Duryan kimi göstərilir — qeyd. R.S.) “Daşnaksütyun”un başqa rəhbərləriylə birlikdə Ruben Ter-Minasyan tərəfindən təşkil edilmişdi.

Terror qruplaşmalarına himayədarlıq, sıravi erməniləri “soyqırım”a görə qisasa təhrik etmək, erməni terror qruplaşmaları tərəfindən törədilən cinayətlərin planlarının tərtib edilməsi, “ali məqsəd” və “günahsız öldürülmüş ermənilər”in qisası naminə ianə yığılmasının təşkili, tarixi hadisələrin saxtalaşdırılması, erməni xalqının “qədimliyi” və “əzabkeşliyi” haqqında yeni miflərin yaradılması erməni kilsələrinin fəaliyyətində xüsusi yeri tutur.
Erməni kilsəsi erməni terror təşkilatlarına daim maddi və mənəvi dəstək göstərirdi. 1983-cü il noyabrın 21-də Kaliforniyada erməni kilsəsi katolikos E.Tabakyanın başçılığı ilə “Xampiq axşamı” keçirdir. Axşam Livan ermənisi terrorçu Xampiq Sasunyana həsr edilmişdi. O, 1982-ci il yanvarın 28-də Los-Ancelesdə türk konsulu K.Arikanı öldürmüşdü və bu cinayətə görə məhkum edilmişdi. 1982-ci ildə Los-Ancelesdə erməni terrorçusu X. Sasunyan tərəfindən Türkiyənin baş konsulu K.Arikananın qətlindən sonra, ” Erməni soyqırımına görə ədalət Kommandosu” bildirmişdi ki, “bizim yeganə hədəfimiz – türk diplomatları və türk təsisatlarıdır”.
Qeyd edək ki, məşhur terrorçulara erməni kilsəsi tərəfindən bu cür ehtiramın göstərilməsi təsadüfi hadisə deyil. Belə ki, erməni terrorçuları Yeganyan, Daqleyan, Krcleyan, Acemyan və Abramyan 1983-cü il iyulun 27-də Lissabonda (Portuqaliya) türk səfirliyinin binasını tuturlar. “Lissabon beşliyı” adını almış bu terror qrupu “Daşnaksütyun”a ən yaxın terror təşkilatı “Erməni inqilabçı ordusu”- nun tərkibinə daxil idi. Polisin hücumu zamanı onlar özlərini partladırlar və bu zaman səfirin arvadı da həlak olur. 1984-cü ilin yanvar ayı ərzində erməni kilsələri “Daşnaksütyun”un köməkliyi ilə ABŞ-ın bir neçə ştatında “Lissabon beşliyi”nin xatırə günlərini keçirir. Xüsusilə, yanvarın 12-də Vaşinqton yaxınlıqda erməni kilsəsində, yanvarın 21-də İllinoys ştatı Qlenidə Müqəddəs Peyğəmbərlər erməni kilsəsində, yanvarın 22-də Rod-Aylenddə Müqəddəs Vartanyans erməni kilsələrində və yanvarın 29-da Nyu-Cersidə və b. xatirə günləri keçirilmişdi.
1987-ci ildə Eçmiədzində erməni kilsəsinin katolikosu I Vazgen ABŞ-a və Kanadaya səfər edib. Nyu-York, San-Fransisko və Los-Ancelesdə, həmçinin Kanadada etnik ermənilərlə görüşləri zamanı katolikosun çıxışlarının əsas leytmotivi “Böyük Ermənistan” naminə bütün ermənilərin birləşməsinə çağırış idi. O həmçinin dünya ermənilərini bütün vasitə və metodlarla qondarma “erməni soyqırımı”nın Avropa Parlamentinin ardınca Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmasına nail olmağa çağırırdı. Onun fikirincə bu “xristian hərəkatının və xristian ədalətinin təntənəsinin əsası” olacaqdır. Bir ildən sonra kilsənin aktiv dəstəyilə rəsmi Ermənistan hökuməti indiki Ermənistan ərazisindən 250 mindən çox azərbaycanlını deportasiya etdi və bu respublikanın Azərbaycana qarşı əsassız ərazi iddiaları ilə bağlı çoxdankı planının reallaşdırılması açıq mərhələyə keçdi.
Bundan başqa, 1994-cü il dekabrın 26-da Kaliforniyada Müqəddəs Qriqori erməni kilsəsi tərəfindən keçirilən kütləvi xatirə mərasimi məşhur beynəlxalq terrorçu, Dağlıq Qarabağda terror qrupuna rəhbərlik etmiş və Azərbaycanın Silahlı qüvvələri tərəfindən məhv edilmiş ASALA liderlərindən biri Monte Melkonyanın ölümünün birinci ildönümü vaxtına salınmışdı. Mərasimdə erməni siyasi partiyalarının liderləri, erməni kilsələrinin nümayəndələri, erməni alimləri və ictimai xadimlər iştirak edirdilər.
Qeyd edək ki, erməni kilsəsi terror təşkilatlarına yalnız mənəvi dəstək göstərmir. Kilsə azərbaycanlıların tarixi vətənlərindən — indiki Ermənistanın əraziləri -deportasiyasının planlaşdırılmasında və qorxunc planının həyata keçirilməsində ən aktiv iştirak edib. Azərbaycanın Dağlıq Qarabağ regionunda diversiya-terror müharibəsinin başlanğıcına qədər və müharibə dövrü erməni kilsəsinin din xadimləri terror aktlarının bilavasitə icraçıları idilər. Nümunə kimi qeyd etmək lazımdır ki, Makaravan monastırının baş keşişi Stepan (dünyəvi adı Stepan Davtyan), 1988-ci ilin iyununda üç butulka fitilli yandırıcı qarışıq və əldəqayırma fin bıçağıyla Bakıda milis tərəfindən saxlanılmışdı. Bundan başqa, Azərbaycanın etnik ermənilər tərəfindən məskunlaşmış bir çox məntəqələrində erməni kilsələri silah anbarlarına çevirilmişdi. Belə ki, məsələn, Azərbaycanın keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Əsgəran rayonunun Kılıçbak kəndinin erməni kilsəsində 6 minaatan, 16 əldəqayırma mina, 130 əldəqayırma əl qumbarası, seriya istehsalı qumbaraatanlar üçün 7 qumbara, radiostansiya üçün 2 qidalandırma bloku aşkar edilmişdi.
Digər dövlətlərin ərazilərində fəaliyyət göstərən erməni kilsələri dəfələrlə erməni gənclərini “tarixi ədalətin təntənəsi üçün” Dağlıq Qarabağda mübarizə aparan döyüşçülərin sıralarını doldurmağa çağırıblar. Belə ki, 1993-cü il sentyabrın 6-dan 9-dək Livanın iki erməni kilsəsində 150 gənc erməni ilə keçirilən görüşdə bu ölkədə erməni ortodoksal kilsəsinin baş keşişi, erməni partiyalarının, həmçinin PKK və ASALA terror təşkilatlarının rəhbərləri iştirak edirdi. Görüş zamanı ayrıca qeyd edilmişdi ki, “erməni soyqırımı” dünyada keçirilən təbliğat nəticəsində daha yaxşı qəbul edilir, erməni cəmiyyəti yüksəlməkdədir, erməni dövləti yaradılıb və ərazisi Azərbaycanın Dağlıq Qarabağ regionundakı döyüş əməliyyatları nəticəsində genişlənir və Ermənistan “erməni soyqırımı” üçün mütləq qisas alacaq. İştirakçılar, Ermənistanın xaricdən mənəvi, maliyyə və texniki dəstək alması faktını təsdiq edərək “qədim erməni torpaqlarının azad olması üçün” Dağlıq Qarabağda vuruşan ermənilərin sıralarını doldurmağı qərara aldılar. Həmçinin Türkiyə iqtisadiyyatını dağıdıb ərazisini parçalayaraq bir hissəsində kürd dövləti yaratmaq, başqa hissəsini Ermənistana birləşməsi məqsədilə Kürd Fəhlə Partiyasının döyüşçülərinin iştirakıyla Türkiyənin daxilində terror aktlarının həyata keçirilməsini davam etmək qərarı alınmışdı. Qərara alınmışdı ki, Azərbaycana qarşı müharibədə və Türkiyəyə qarşı mübarizədə erməni və kürd terror təşkilatları bir-birini dəstəkləyəcək və vahid mövqedən çıxış edəcəklər.
2002-ci ilin əvvəllərində Buxarestdə (Rumıniya) fəaliyyət göstərən erməni dini mərkəzində dünyanın müxtəlif ölkələrindən olan erməni təşkilatlarının nümayəndələri yığıncaq keçirdilər. Burada Azərbaycana və Türkiyəyə qarşı yeni terror aktlarının həyata keçirilməsi planı qəbul edilmişdi. İştirakçıların fikrincə, bu bütün erməni təşkilatları üçün mütləq xarakter daşımalı idi. Yığıncaqda həmçinin Ermənistandan və Fransadan gəlmiş “Daşnaksütyun” nümayəndələri iştirak edirdilər. Bu görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizama salınması üzrə danışıq proseslərinə mane olmaq qərara alınmışdı, xüsusilə “Daşnaksütyun”  nümayəndəsi K.Arakelyan bildirdi ki, “erməni terrorunun qurbanları ərəblər və başqa müsəlmanlar deyil, türklər və azərbaycanlılar olmalıdır”. Qeyd edək ki, tədbirin iştirakçıları həmçinin Rumıniyada Ermənistanın səfiri Karen Kasiyanla görüşüblər. Bu fakt göstərir ki, bu yığıncaq rəsmi Yerevanın icazəsi ilə təşkil edilib.
Beləliklə, erməni terror təşkilatlarının fəaliyyətində kilsə hərtərəfli fəal iştirak edir və yalnız Azərbaycanın deyil, həm də başqa dövlətlərin mülki əhalisinə qarşı “cəza” aktlarını erməni terror təşkilatları dini liderlərinin xeyir-duası ilə həyata keçirirlər.
2. Dünyanın bir çox ölkələrində yaşayan ermənilər tərəfindən yaradılmış ictimai birliklər, fondlar və hərəkatlar erməni terrorizminin aparıcı gücü və maliyyə mənbəyidir. İndiki Ermənistan ərazisini uydurma “Böyük Ermənistan”ın miqyaslarına qədər genişləndirmək və qondarma “erməni soyqırımı”nı tanıması üçün dünya ictimaiyyətinə təzyiq edilməsi bu təşkilatların ən ümdə vəzifəsi idi.
Belə ki, məsələn, 3-6 sentyabr 1979-cu ildə Parisdə dünya erməni təşkilatları birinci konqreslərini keçirib. Konqresin məqsədi ” dünya ermənilərinin bir ideya ətrafında, bir bayraq altında birləşməsi və ərazi tələblərini təqdim etmək üçün siyasi vəziyyətin qiymətləndirilməsi” doktrinasının hazırlaması idi. Konqress erməni terror təşkilatları tərəfindən törədilmiş zorakılığın sayının artmasıyla ruhlanmış, Fransada yaşayan ermənilərin bilavasitə dəstəyilə təşkil edilmişdi. Konqresin hazırlanmasında və keçirilməsində aparıcı rol oynayan ASALA terror təşkilatı, xüsusilə, beynəlxalq “erməni cəbhəsinin” yaradılması və Ermənistan SSR-i, SSRİ-nin başqa respublikalarında yaşayan erməniləri bu qərarın reallaşdırmasına cəlb edilməsi haqqında qərar qəbul etdi.
Hazırlanması və keçirilməsində “Daşnaksütyun” rəhbərlərinin fəal iştirak etdiyi dünya erməni təşkilatlarının növbəti konqresi 1983-cü ildə Lozannada keçirilmişdi. Dünya erməniləri konqreslərinə demokratik imic vermək məqsədilə “erməni konstitusiyası” hazırlamağa qərar verilmişdi. Eyni zamanda Lozanna konqresi ASALA və “Daşnaksütyun” sıralarında parçalanmaya gətirib çıxardı və bunun nəticəsində çoxsaylı erməni terror qruplaşmaları yaradıldı.
7-13 iyul 1985-ci ildə Sevrdə keçirilmiş erməni təşkilatlarının üçüncü beynəlxalq konqresi “erməni konstitusiyasını” qəbul etdi. Konqress “Daşnaksütyun” tərəfindən təşkil edilmişdi və ASALA onun işində iştirak etmirdi. Konqress “Sovet Ermənistanında erməni mədəniyyətinin saxlanılmasında göstərdiyi səyə görə” və “1985-ci ilin aprelində “Pravda” qəzetində “1915-ci il soyqırımı”nı ittiham edən məqalənin nəşri üçün ” Sovet İttifaqına ayrıca qərarla minnətdarlığını bildirdi. Bu aksiya göstərdi ki, “Daşnaksütyun” və SSRİ-nın ideoloji platformalarda düşmən münasibətləri haqqında rəsmi versiyalar həqiqətə uyğun deyil və sonuncular xeyli müddət kifayət qədər müvəffəqiyyətli əməkdaşlıq edirdilər.
Göründüyü kimi, bütün konqreslərin hazırlanmasında və keçirilməsində aparıcı rolu erməni terror təşkilatları oynayırdı. Bu hal iddia etməyə imkan verir ki, bu cür konqreslərin işi zamanı, iştirakçıların bu tədbirlərə demokratik imic vermək cəhdlərinin əksinə, erməni terror təşkilatlarının hərəkətinin qorxunc planları müzakirə edilirdi və qəbul edilirdi.
T.Poloskovanın qeyd etdiyi kimi, “dünya təcrübəsi onu göstəririr ki, dünyada diasporaların əksəriyyəti “materik”in – dövlətin təmənnasızlığına ümid etmədən korporativ marağını yaşadığı ölkələrdə fəal reallaşdırır. Lobbiçiliyin fəal sistemini yaratmış bütün dünya diasporları, həmçinin beynəlxalq təşkilatlar səviyyəsində, öz fəaliyyətini təkcə maddi motivlər əsasında deyil, həmçinin, səpələnmiş olsa da, mənəvi bütövlüyünü itirməmiş xalqının taleyi üçün vətənpərvərlik və məsuliyyət hissilə qururdular “. Bizim fikrimizcə, bütün dünyada səpələnmiş və lobbiçiliyin həqiqətdə effektiv sistemini yaratmış erməni diasporunun vətənpərvərliyi “Böyük Ermənistan” yaradılması və qondarma “erməni soyqırımı”nın tanınması haqqında ideyanın reallaşdırılmasına əsaslanmışdır. Erməni diasporası hesab edir ki, planlarının reallaşdırılması üçün əvvəlki kimi ən yaxşı və effektiv vasitə terrordur. Məsələn, 1988-ci ildə Moskvada yaradılmış Rusiya Erməniləri İttifaqı ASALA ilə sıx əlaqələrə malikdir, onun üzvlərini keçmiş SSRİ-nin ərazisində maneəsiz hərəkəti üçün saxta sənədlərlə təmin edir, Dağlıq Qarabağa silah və muzdluların çatdırılmasının təminatı məsələlərində fəal iştirak edir.
SSRİ dağıldıqdan sonra müstəqillik əldə etmiş Ermənistan bu gün ətrafında çoxsaylı erməni diaspor hərəkatları və terror təşkilatlarının birləşməsinə yönəldilmiş “özəkdir”. Buna Şarl Aznavurun dünyanın etnik ermənilərinə ünvanlanmış sözləri şahidlik edir, ” əgər sən — ermənisənsə, onda Ermənistana kömək et”. Hal-hazırda Ermənistan erməni fondları və birləşmələrindən, həm də lobbiçilik sistemi vasitəsilə böyük maliyyə dəstəklərini alaraq, erməni terror təşkilatlarının sponsoru rolunda çıxış edərək onların fəaliyyətini planlaşdırır və koordinasiya edir.
3. Erməni terror qruplaşmaları öz məqsədlərinə çatmaq üçün siyasi və ideoloji vəziyyətdən asılı olaraq, eyni zamanda öz aralarında düşmən olan rejimlərlə tez-tez əməkdaşlıq edərək manevr etmək və uyğunlaşmaq qabiliyyətinə malikdirlər. Erməni terror təşkilatları yarandıqları andan çar Rusiyası, Böyük Britaniya, Fransadan dəstək alır, SSRİ ilə əlaqələr qurur və Hitler Almaniyasıyla əməkdaşlıq edirdilər. Bu gün onlar Yaxın Şərqin ən radikal rejimlərilə əməkdaşlıq etməyə, eyni zamanda inkişaf etmiş ölkələrin siyasi dairələri tərəfindən davamlı, ardıcıl dəstəyə malik olmağa müvəffəq olublar.
Yuxarıda qeyd edildiyi kimi, erməni terror təşkilatları Osmanlı dövlətinin əraziləri uğrunda çar Rusiyası, Böyük Britaniya və Fransanın güclü geosiyasi rəqabəti şəraitində formalaşmış və inkişaf etmişdi və onlar bu təşkilatlara maddi-texniki və maliyyə dəstəyi göstərirdilər. Birinci dünya müharibəsindən sonra, SSRİ və Türkiyə Respublikasının yaranması bütovlükdə beynəlxalq vəziyyətin dəyişməsinə və o cümlədən regionda güclərin bölgüsünə gətirib çıxartdı. O vaxt ən güclü və nüfuzlu erməni təşkilatı olan “Daşnaksütyun”un bölmələri bütün dünyada yayılmışdı. Rəsmi versiyaya görə o, SSRİ ilə əks ideologiyaya tərəfdar idi və sosializmin dayağını öz düşməni hesab edirdi. Eyni zamanda, necə biz aşağıda göstərəcəyik, “Daşnaksütyun”un nümayəndələri kürd terror təşkilatlarının formalaşmasında və üzvlərin diversiya-terror müharibəsinin aparılması metodlarına yiyələnməsi təlimində ən fəal iştirak edirdilər, fəaliyyətləri barədə Moskvanı daim məlumatlandırırdılar və ondan uyğun  təlimatlar alırdılar. Bundan başqa, bizim fikrimizcə, Moskva, heç vaxt “Daşnaksütyun”la əlaqələri kəsə bilmirdi, çünki, onun da Yaxın Şərq əraziləri barədə planları var idi və hələ XIX əsrin sonlarından “Daşnaksütyun” bu ərazilərdə çoxsaylı bazalarını və geniş yayılmış şəbəkələrini yaratmışdı. Bu dövr ərzində “Daşnaksütyun”un əldə etdiyi təcrübə Moskvaya ideoloji mübarizə çərçivəsində regionda bu və ya digər terror aksiyalarını müvəffəqiyyətlə həyata keçirməyə imkan verirdi. Qeyd edək ki, sovet hakimiyyətinin yüksək eşelonlarında “Daşnaksütyun” rəhbərliyilə çox yaxşı əlaqələrə malik olan etnik ermənilər işləyirdilər. Bu hal, xüsusilə, Zaqafqaziya Federasiyasının yaranması və ləğvi dövründə Moskvaya müəyyən dərəcədə imkan verdi ki, sərhədlərin dəqiqləşdirilməsi bəhanəsilə SSRİ tərkibində Azərbaycan SSR və Ermənistan SSR-nın yaradılması zamanı Azərbaycan torpaqlarını Ermənistan SSR-ə versin, bu və ya digər üsullarla yerli Azərbaycan əhalisini doğma torpaqlarını tərk etməyə məcbur etsin.
Qeyd edək ki, İkinci dünya müharibəsi dövründə erməni terror təşkilatları Almaniyada faşist rejimilə kifayət qədər müvəffəqiyyətli əməkdaşlıq edirdi. Nasist Almaniyasında “Erməni milli şurası” yaradılmışdı. Dro (Drastamat Kanayan) şurasının üzvləri, Qaregin Njde və “Daşnaksütyun”un başqa xadimləri “erməni legionu” yaradılması üçün ermənilərin arasında fəal iş aparırdılar və müxtəlif fikirlərə görə Hitler ordusu tərkibində “Böyük Ermənistan” uğrunda vuruşmaq çağırışına 30000-dən çox erməni səs vermişdi. Onlar erməni dilində “Hayastan” (Ermənistan) və “Hayrenik” (Vətən) həftəlik buraxılışlarını təşkil etmişdilər. “Erməni legionu” tərkibində və onun komandiri general Dronun tabeliyində, Şimali Qafqazda bir neçə “abverkomand”, yəni ermənilərdən ibarət kəşfiyyat-diversiya bölmələri fəaliyyət göstərirdi. İşğal edilmiş ərazidə onlar “minillik reyx”in xidmətində yerli erməni bölmələrini formalaşdırır və “əks-kəşfiyyat işini” həyata keçirirdilər.
İkinci dünya müharibəsindən sonra SSRİ-nin xarici erməni təşkilatlarıyla, həmçinin “Daşnaksütyun”la münasibətləri bərpa edilmişdi. Ordu generalı və SSRİ-nin keçmiş Dövlət Təhlükəsizlik Komitəsi Sədrinin birinci müavini F.Bobkovun məlumatına görə, “daşnaklar ermənilərdə hər cür millətçi əhval-ruhiyyə qızışdıraraq inadla türk xalqına qarşı nifrət hissi oyadırdılar” və “1946-cı ildə Sovet İttifaqı Türkiyə ilə münaqişə həddinə çatmışdı”. “Dərhal, Türkiyədən torpaqların alınıb Sovet Ermənistanına verilməsi haqqında şayiələr və söhbətlər yayılmağa başladı. Daşnaklar, Sovet İttifaqını bu qərara yönəltməklə, şübhəsiz onu dünənki müttəfiqlərilə qarşılaşdırmaq istəyirdi, çünki ABŞ və Böyük Britaniyanın hökmən münaqişəyə qarışacağı şübhə doğurmurdu”.
Məlum olduğu kimi, İkinci dünya müharibəsinin sonuna Sovet İttifaqının Milli Təhlükəsizlik Nazirliyinin “Casuslara ölüm” Əks-Kkəşfiyyat Baş İdarəsi azad edilmiş ərazilərdə cəza əməliyyatları keçirir və Hitler Almaniyası ilə əməkdaşlıq etmiş siyasətçiləri həbs edirdi. Onda “Daşnaksütyun”un bəzi üzvləri, həmçinin Qaregin Njde həbs edilmişdi. Bu dövrdə SSRİ rəhbərliyi gələcəkdə Türkiyəyə qarşı ekspansionist siyasətini həyata keçirməsində istifadə etmək üçün xarici ermənilərlə əməkdaşlığın qurulması üzrə konkret addımlar atmağa başlamışdı. Türkiyəyə qarşı mübarizədə xarici ermənilərin qüvvələrini səfərbər etmək məqsədilə, onların arasında amansız millətçi və nüfuzlu şəxs kimi tanınan Njdenin imkanlarından istifadə etmək üçün SSRİ rəhbərliyi məhkum olmasına baxmayaraq iki dəfə (1946 və 1952 illərdə) onu Ermənistana göndərmişdi. 1947-ci ildə Njde SSRİ rəhbərliyinə xarici ümumerməni hərbi-siyasi təşkilatı “Erməni irredenta”sını yaratmağı təklif etdi. Təşkilatın məqsədi Türkiyə ərazisinin bir hissəsinin zorla Ermənistan SSR-ə birləşməsi idi. Njdenin təklifində belə təşkilatın yaradılmasının tarixi zəruriliyi əsaslandırılmışdı, onun strukturu və fəaliyyət metodları sovet rəhbərlərində ciddi maraq oyatmışdı və müxtəlif instansiyalarda ona bir neçə dəfə baxılmışdı.
Qeyd edək ki, Qaregin Njde 1918-ci ilin sonundan Naxçıvanda və 1919-cu ilin avqustundan 1921-ci ilin iyulunadək Zəngəzurda azərbaycanlılara qarşı cəza əməliyyatlarına rəhbərlik edib. Bu dövr ərzində Zəngəzurda onun rəhbərliyi altında erməni silahlı dəstələri 200 Azərbaycan kəndini dağıtmış və 15000 azərbaycanlını öldürmüşdülər. Njde bölmələri 30-cu illərdə ABŞ (Boston, Detroyt, Çikaqo və b.), Bolqarıstan (Sofiya, Plovdiv, Varna, Burqas və b.), Yunanıstan, Fransa və Rumıniyada fəaliyyət göstərən “Seqakron” hərəkatının ideoloqu və  bilavasitə yaradılmasının təşkilatçısı idi. “Seqakron” hərəkatı, italyan faşizminin və alman nasizminin prototipi olub, həmçinin ekstremal millətçiliyin təmiz erməni təzahürü və “erməni soyqırımı” uğrunda “qisasçıların ocağı” olaraq, “erməni nəslinin, Tanrı kimi” əzəliliyinə və zorun gücünə sitayiş edirdi. Njde iddia edirdi ki, “o (erməni nəsli — qeyd. R.S.) əsrlərin şahidi, əbədi erməni, Allahın şəriki”dir. Njdenin cinayətləri yalnız türklərə və azərbaycanlılara qarşı yönəldilməmişdi, həmçinin hadisələrə öz baxışı olan ermənilərə qarşı da yönəldilmişdi. Belə ki, erməni şahidlərinin ifadələrinə görə, 1920-ci ilin dekabr və 1921-ci ilin yanvar ayları ərzində Zəngəzurun Tatev dərəsində Njdenin rəhbərliyi altında ” 400-dən çox qızıl ordunun rus əsgəri, kommunistlər və inqilabiçı erməni kəndli və fəhlələri güllələnib və diri-diri qayadan dərəyə atılaraq məhv edilmişdi”. Göründüyü kimi, Türkiyəyə qarşı öz xarici ekspansionist siyasətində, SSRİ əvvəlki kimi, erməni terrorçularından istifadə etməyi planlaşdırırdı, bu halda hətta onların SSRİ-nin özünə qarşı yönəldilmiş ideoloji baxışları və cinayətkar keçmişi heç bir əhəmiyyətə malik deyildi.
SSRİ-nin “Daşnaksütyun”la əməkdaşlığı nəticəsində, Ermənistanın azərbaycanlılara qarşı etnik təmizləmə və deportasiya siyasəti sonrakı dövrdə də davam edirdi və o rəsmi Moskva tərəfindən həyata keçirilirdi. Belə ki, SSRİ Nazirlər Şurası “Ermənistan SSR-ə gələn xarici ermənilərin yerləşdirilməsi ” bəhanəsilə, “Kolxozçular və başqa azərbaycan əhalisini Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi Haqqında” 23 dekabr 1947-ci il tarixli 4083 saylı və ” Kolxozçular və başqa azərbaycanlı əhalini Ermənistan SSR-dən Azərbaycan SSR-nin Kür-Araz ovalığına köçürülməsi tədbirləri Haqqında” 10 mart 1948-ci il tarixli 754 saylı Qətnamələri qəbul etdi. Bu Qətnamələrin əsasında təxminən 150 min azərbaycanlı tarixi vətənindən deportasiya edilmişdi.
General F.Bobkovun məlumatına görə, daşnaklar, Türkiyə torpaqlarını Ermənistan SSR-ə birləşdirməyin mümkün olmadığını anlayaraq, “”Böyük Ermənistan”(dırnaqlar mənim tərəfimdən qoyulub — qeyd. R.S.) yaradılması ideyasını Sovet İttifaqının ərazisindəki torpaqlar hesabına həyata keçirmək niyyətində idilər. Bu, həm də həmyerlilərinin qərb ölkələrindən mühacirətdən qayıtması hesabına Ermənistan SSR-də erməni əhalisinin sayının nəzərə çarpacaq artımı ilə üst-üstə düşdü”. F.Bobkov sonra yazır ki, “repatriantların arasında adət və əxlaq haqqında öz təsəvvürləri olan ticarət adamları üstünlük təşkil edirdi. Onların gəlişilə xırda burjua partiyası olan “Daşnaksütyun”un respublikada nüfuzu güclənir və millətçi ruhlu ekstremist dairələrə arxalanaraq bütün vasitələrlə, hətta terrorla öz ideyalarını müdafiə edərək təxribatçılıq fəaliyyətini davam etdirirdi”.
50-60-cı illərdə Sovet rəhbərliyi Yaxın Şərqdə Türkiyəyə qarşı erməni amilindən istifadə etməkdə davam edirdi. C.Həsənlinin qeyd etdiyi kimi, “1957-ci ilin avqustunda sovet rəhbərliyi “Ramkavar Azatakan” partiyasının lideri P.Tovmasyana saxta sənədlərlə, gizlicə SSRİ-yə gəlməsinə icazə verdi. Yerevanda P.Tovmasyan respublikanın bütün rəhbər şəxslərilə, həmçinin Kommunist Partiyasının birinci katibi Suren Tovmasyanla və Moskvada SSRİ-nin Xarici İşlər Nazirliyinin Yaxın Şərq bölməsinin rəis müavini D.Solodla görüşüb. Ermənistan Kommunist Partiyasının rəhbərləri Moskvaya ünvanladıqları məktublarda Sovet İttifaqının xeyrinə xarici ermənilərlə əməkdaşlığın inkişafı üçün sovet səfirliklərinin əməkdaşlarının sayını erməni millətilə artırmağı israrla təklif edirdilər. Öz növbəsində, Moskvada danışıqlarda P.Tovmasyan DQMV-nin Ermənistan tərkibinə qatılması əvəzində SSRİ-yə gizli əməkdaşlıq təklif edirdi”.
Qeyd edək ki, SSRİ yalnız “Daşnaksütyun”la möhkəm əlaqələrə malik deyildi, o həmçinin yarandığı vaxtdan Fələstin Azadlıq Təşkilatı ilə əməkdaşlıq əlaqələri olan ASALA terror təşkilatını da dəstəkləyirdi. Məlumdur ki, erməni terror təşkilatları, həmçinin ASALA, digər Fələstin terror təşkilatlarıyla— Fələstin Xalq Azadlıq Cəbhəsi, Fələstin Xalq Azadlıq Cəbhəsi – Əsas komandanlıq, Abu-Nidal təşkilatı və b., həmçinin kürd terror təşkilatları, o cümlədən Kürd Fəhlə Partiyası ilə möhkəm əlaqələrə malikdir və fəal əməkdaşlıq edirlər.
Sovet İttifaqı Fələstin Azadlıq Təşkilatı və başqa Fələstin terror təşkilatlarına həm maliyyə, həm də maddi-texniki dəstək göstərirdi. Eyni zamanda erməni terror təşkilatları öz fəaliyyətlərini Fələstin terrorçularıyla uzlaşdırırdılar və Yaxın Şərq terror təşkilatları tərəfindən planlaşdırılan bir çox terror aktlarının icraçıları rolunda çıxış edirdilər. SSRİ eyni zamanda erməni terror təşkilatlarına, həmçinin ASALA-ya birbaşa kömək edirdi. Bu dəstək ondan irəli gəlirdi ki, SSRİ Türkiyə ilə ümumi sərhədlərə malik idi və ona NATO-nun üzvü kimi, yəni dövlət təhlükəsizliyinə əsas təhdid kimi baxırdı, ASALA və başqa erməni terror təşkilatlarının fəaliyyəti isə Türkiyəyə qarşı yönəldilmişdi.
O fakt diqqəti çəkir ki, 1977-ci il yanvarın 8-də Moskvada həyata keçirilən üç partlayış aktı SSRİ-nin bütün tarixi boyu Rusiya ərazisində erməni terror təşkilatlarının yeganə təzahürü idi. Həmin gün üç nəfərdən ibarət erməni terrorçuları qrupu — Zatikyan, Stepanyan və Baqdasaryan— “Bir may” metro stansiyasında, Bauman rayonunda mağazanın ticarət salonunda və 25 oktyabr küçəsində partlayış törədirlər. Partlayışlar nəticəsində 29 nəfər həlak olur. Həmin terrorçular qrupu noyabrın 7-də – Oktyabr inqilabının 60-cı ildönümü günündə Moskvada partlayışlar seriyasını həyata keçirməyi planlaşdırırdılar. 1979-cu ildə hər üç terrorçunu Ali Məhkəmənin hökmü üzrə edam etdilər.
Bəzi tədqiqatçılar hesab edir ki, terrorçular ASALA döyüşçüləri idilər, lakin  başqaları iddia edirlər ki, onlar “Daşnaksütyun”a aid idilər. Bizim fikrimizcə, terrorçular hər iki terror təşkilatı adından çıxış edə bilərdilər, çünki, 80-ci illərin başlanğıcına qədər “Daşnaksütyun” və ASALA sıx əlaqələrə malik idi və onların fəaliyyəti əlaqəli həyata keçirilirdi.
Moskva partlayışlarının icraçıları üzərində keçirilən məhkəmənin müddəti faktı maraqlıdır – hökmün tez çıxarılması və onun tələsik yerinə yetirilməsi. Bununla əlaqədar politoloq Nurani bildirir ki, “istintaqda iştirak etmiş Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşları uzun sükutdan sonra səbəbi izah etdilər. Onların dediklərinə görə, Moskvada partlayışların təhqiqatı, hətta Ermənistan SSR-nin hakimiyyət strukturlarına daxil olmuş ASALA-nın olduqca geniş yayılmış və çoxsaylı şəbəkəsinə aparıb çıxartdı. Beləliklə, istintaqın nəticəsində müqəssirlər skamyasında eyni millətin həddən artıq çox nümayəndəsinin oturduğu məhkəmə prosesi ola bilərdi. Siyasi problemlərə səbəb olmamaq üçün, çekistlər Moskvada terror aktlarının bilavasitə icraçılarının həbsilə kifayətlənməyə, amma şəbəkələrə toxunmamağa qərar verdilər”. Xüsusilə o fakt buna şahidlik edir ki, ” respublikanın əhalisindən bu qanlı cinayəti gizlətmək üçün erməni rəhbərliyi hər şey etdi. Ermənistan Kommunist partiyası MK-nin birinci katibi Dəmirçyanın göstərişinə görə erməni dilində çıxan heç bir qəzet terror aktı haqqında xəbərləri dərc etmədi. Zatikyan və onun cinayət ortaqları üzərində proses haqqında Ali Məhkəmənin iclasları zamanı çəkilmiş sənədli filmi hətta Ermənistanın partiya aktivlərinə göstərməyi qadağan etdilər, yalnız ali rəhbərliyin məhdud dairəsində onu göstərirdilər”.
Nuraninin tədqiqatına əsasən, “Dövlət Təhlükəsizlik Komitəsinin moskvalı əməkdaşları hesab edirdilər ki, ASALA-nın agenti, əslində, Ermənistan  SSR-nin Dövlət Təhlükəsizlik Komitəsinin o vaxtkı sədri Yüzbaşyan idi. ASALA Dövlət Təhlükəsizlik Komitəsinin “himayəsi” altında beynəlxalq statusa malik Yerevan aeroportunun nəzarət buraxılış məntəqəsi vasitəsilə qızıl və valyuta sərvətlərini çıxardırdı, Dövlət Təhlükəsizlik Komitəsində düzəldilmiş sənədlərlə öz fəallarını keçirirdi. Tez-tez hətta ASALA döyüşçüləri Dövlət Təhlükəsizlik Komitəsinin əməkdaşı kimi təqdim edilirdilər”. Nurani, bu fakta diqqət yetirərək sual verir ki, erməni terror təşkilatları həmişə müxtəlif ölkələrdə öz döyüşçülərinin həbsinə və məhv edilməsinə yeni terror aktlarıyla cavab verirdi, bəs niyə Moskva partlayışlarının icraçılarının ölüm cəzasına onlar reaksiya vermədilər? Bizim fikrimizcə, politoloq əsaslı güman edir ki, ” Zatikyanın həbsindən sonra ASALA və Dövlət Təhlükəsizlik Komitəsi arasında “hücum etməmək haqqında müqavilə” bağlanmışdı. Moskva partlayışlarını təşkil edənləri təhvil “verməklə”, ASALA bütün şəbəkənin toxunulmazlığını saxlayırdı, “özünü yaxşı aparmaq” öhdəliyi və SSRİ-yə qarşı terror aktları etməməyi, həm də Dövlət Təhlükəsizlik Komitəsinin “ayrı-ayrı tapşırıqlarını yerinə yetirməyi” öz üzərinə götürürdü “.
Bizim fikrimizcə, Ermənistan SSR-də erməni terror təşkilatlarının geniş yayılmış və çoxsaylı şəbəkəsi, bu respublikanın rəhbərliyinin və terror təşkilatlarının əlaqəli fəaliyyəti, həmçinin Moskva məmurlarının dəstəyi Ermənistan rəhbərliyinə terror təşkilatlarının döyüşçüləri ilə birgə 1988-ci ildə qısa müddət ərzində etnik azərbaycanlıları öz tarixi vətənindən deportasiya etməyə və Azərbaycana əsassız ərazi tələblərini irəli sürməyə imkan verdi.
Beləliklə, iddia etmək olar ki, erməni terrorizmi bir çox dövlətlərin ilk növbədə, Rusiya, Fransa, İngiltərə və ABŞ-ın Yaxın Şərqdə geosiyasi məqsədlərinin reallaşdırılması vasitəsi kimi yaranmışdı və bu dövlətlərin çoxsaylı səylərinin məntiqi nəticəsi Osmanlı dövlətinin zəiflətməsinə və devirilməsinə yönəldilməsi oldu. O sonsuz qəddarlıqla səciyyələnən və etnik təmizləmələrlə, kütləvi talanlarla və çoxsaylı insan təlafatı ilə müşayiət olunan terrorizmin xüsusi növü kimi XIX-XX əsrlərin hüdudunda formalaşmışdı, əsasını isə guya xalqına qarşı tarixi haqsızlıq, əzabkeşlik, başqa milli qruplarla etnik uyğunsuzluq, milli istisnalıq və üstünlük ideyaları təşkil edirdi. Terror fəaliyyətinin müasir təcrübəsində terrorizmin geniş yayılmış bu növü, cəmiyyətdə sosial gərginliyi artırmaq, milli düşmənçiliyi qızışdırmaq və dövlətin dağıdılmasına səbəb olan xüsusi dağıdıcı gücə malikdir. Əslində, XIX-XX əsrlərin hüdudunda erməni terrorizmi təcavüzkar separatizmin baza elementi olan etno-milli xarakterə malik olub və olmaqda davam edir.

Ramiz Sevdimalıyev, siyasi elmlər doktoru
1905.az