Rusiya politoloqlarının Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinə baxışları

“Ermənilər Türkiyə-Azərbaycan münasibətlərində yanıldıqlarını anladılar”
İran-Azərbaycan münasibətləri sürətlə inkişaf edir
Azərbaycanın siyasi partiyaları dövlət büdcəsindən nə qədər vəsait ayrılmasında maraqlıdırlar — SORĞU

Sankt-Peterburqda XIII beynəlxalq iqtisadi forum çərçivəsində Azərbaycan və Ermənistan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar

ın növbəti raundu keçiriləcək. ATƏT-in Minsk Qrupuna həmsədrlik edən Rusiyada Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və suveren dövlətin ərazilərinin 20 faizini işğal etməsi nəticəsində meydana çıxan münaqişənin nizamlanması prosesini diqqətlə izləyirlər. 
Lakin Rusiyalı politoloqlar İlham Əliyev və Serj Sərkisyanın Sankt-Peterburq görüşünü birmənalı qiymətləndirmir. Ekspertlərin dəyərləndirmələri pessimizmlə nizamlanma prosesinin perspektivsizliyi və ehtiyatlı optimizm arasında var-gəl edir. Bununla belə Rusiya politoloqlarının əksəriyyəti hesab edir ki, danışıqlar prosesi özü müsbət təzahürdür, hamısı isə belə düşünür ki, Peterburqda real və əhəmiyyətli nəticələr əldə olunacağını gözləməyə dəyməz. APA-nın Moskvadakı müxbiri gözlənilən görüş ərəfəsində nizamlanma perspektivlərinə və Rusiyanın vasitəçilik rolunu dəyərləndirmək məsələsinə politoloqların münasibətini öyrənib.
Sergey Mixeyev – Siyasi Texnologiyalar Mərkəzinin vitse-prezidenti
Münaqişənin nizamlanması məsələsində heç zaman irəliləyiş olmayıb və yoxdur. Hesab edirəm ki, biz yalnız əsasən kağız üzərində qalan niyyətlərin, bəyanatların şahidi oluruq, real irəliləyiş isə yoxdur. Ermənistan Dağlıq Qarabağ və işğal edilmiş ətraf rayonların Azərbaycanın bir hissəsi olması faktını qəbul etmir, Azərbaycan isə Dağlıq Qarabağa müstəqillik verməyə razı deyil və olmayacaq.
Bununla da tərəflərin mövqeləri kəsişmir və mən hər hansı kompromisin olacağına dair əlamətlər görmürəm. Xüsusilə də bu situasiyada hansı kompromisin tapıla biləcəyini də anlamaq çətindir. Məlumdur ki, bu tip münaqişələr uzun müddət həll olunmamış qalır, buna misal olaraq həll prosesinə kifayət qədər tərəflərin cəlb olunmasına rəğmən hələ də nizamlanmamış Kipr problemini göstərə bilərəm. Düşünürəm ki, Praqada keçirilmiş və Sankt-Peterburqda gözlənilən görüşlər prosesin nəticəsizliyini artıq təsdiqləyir. Hər iki dövlətin mövqeləri üst-üstə düşmür.
Burada tərəflərdən hər hansı birinin mövqeyini dəstəkləmək də mümkün deyil. Vasitəçilər, o cümlədən Rusiya ya Azərbaycanın, ya da Ermənistanın tərəfini saxlamalıdır. Üçüncü variant yoxdur, çünki tərəflərin mövqeləri o qədər birmənalıdır ki, burada ya tam şəkildə Azərbaycanın, yaxud da tam olaraq Ermənistanın mövqeyini dəstəkləmək lazımdır. Başqa seçim imkanı yoxdur. Vasitəçilər özlərini belə seçim qarşısında qoymaq istəmirlər, çünki belə bir seçim onlardan heç birinə – nə Rusiyanın, nə ABŞ-ın, nə də Fransanın maraqlarına cavab vermir. Vasitəçilərin maraqlarına cavab verən məqam həm Ermənistan, həm də Azərbaycanla az-çox normal münasibətlər saxlamaqdır. Bu səbəbdən məsələnin kökü vasitəçilərdə deyil, münaqişə tərəflərinin mövqelərinin heç bir nöqtədə üst-üstə düşməməsindədir. Həm Ermənistan, həm də Azərbaycan vasitəçiləri sərt seçim qarşısında qoyurlar – ya Bakı, ya İrəvan. Aydındır ki, bu situasiyada vasitəçilərin manevr etməsi üçün çox az imkan qalır.
Aleksandr Konovalov – Strateji Dəyərləndirmələr İnstitutunun prezidenti
Azərbaycan və Ermənistan prezidentlərinin görüşündən əhəmiyyətli irəliləyiş gözləməyə dəyməz. Danışıqların davam etdirilməsi, liderlərin görüşməsi öz-özlüyündə çox şey deməkdir. Rusiyanın bu prosesdə vasitəçilik etməsi də mühüm faktordur. Azərbaycanın Qarabağla Ermənistan arasında dəhliz yaradılmasına razılıq verməsi barədə sözlər diqqətə layiqdir. Bu fikirlərin nə dərəcədə artıq qəbul olunmuş qərarların təzahürü olaraq meydana çıxdığını bilmirəm. Lakin bu fakt özü göstərir ki, liderlər prosesi ölü nöqtədən tərpətmək üçün hansısa yollar axtarırlar. Ən əsası isə hər iki prezident yaxşı anlayır ki, nizamlanma prosesini hərbi yollarla irəli aparmaq mümkün deyil, müharibə bütün prosesi, indiyə kimi görülən bütün işləri məhv edə bilər. Hər hansı strateji gözləntilərimin olmamasına rəğmən danışıqlar prosesinin davam etməsindən razıyam. Bu proses gec-tez nə iləsə yekunlaşacaq. Hesab edirəm ki, proses müharibə ilə yekunlaşmayacaq, çünki müharibə etmək üçün görüşmək, nə barədə isə razılaşmaq lazım deyil. Bəzi istisnalar olmaqla müharibələr heç zaman danışıqlarla başlamır. Əgər liderlər problemi müzakirə edirsə, bu artıq hərbi münaqişə ehtimalını öz-özlüyündə inkar edir.
Vladimir Jarixin – MDB ölkələri İnstitutunun direktor müavini
Əminəm ki, daimi əlaqələrin, həm də bu cür yüksək səviyyədə keçirilən görüşlərin əhəmiyyəti daha çoxdur. Son nəticədə bu, üzücü, uzun, amma hər halda kompromislərə doğru aparan bir prosesdir. Danışıqlar prosesində mövqelər həmişə sərt olur. Azərbaycanın mövqeləri də prinsipialdır, çünki söhbət milli maraqlardan gedir. Heç kəs heç kəsə söz verməyib ki, bu cür mürəkkəb məsələ bir dəfəyə həll olunacaq. Bir daha qeyd edirəm ki, danışıqların olmamasındansa olması yaxşıdır. Hər iki tərəf istənilən vasitəçiliyi, xüsusilə də dünyanın ən böyük dövlətlərindən biri olan Rusiyanın vasitəçilik missiyasını alqışlamalıdır. Mən həmişə hesab etmişəm, yenə də hesab edirəm ki, bu problem ona görə mürəkkəbdir ki, sülh sazişinin əldə olunması yalnız tərəflərin ciddi kompromisə getməsi nəticəsində mümkündür. Bu kompromis sözsüz ki, həm Ermənistan, həm də Azərbaycan əhalisi tərəfindən birmənalı qarşılanmayacaq. Hər iki ölkədə deyəcəklər ki, “biz məğlub olduq” və buna hazır olmaq lazımdır. Və məhz Rusiya kimi böyük qonşunun vasitəçiliyi liderlərin belə kompromis variantlar tapmasına yardım edəcək.
Kirill Tanayev – Effektiv Siyasət Fondunun baş direktoru
Problem odur ki, Azərbaycan-Ermənistan münasibətləri çox-çox mürəkkəbdir. Prosesin mürəkkəbliyi odur ki, tərəfləri tam şəkildə qane edəcək qərarlar yoxdur. Buna görə də Serj Sərkisyanla İlham Əliyev arasında keçirilən hər görüş mühüm əhəmiyyət daşıyır, bu kimi addımlar situasiyanın ölü nöqtədən tərpədilməsi baxımından mühüm rol oynayır. Mənə elə gəlir ki, bu gün Rusiyanın və digər vasitəçilərin cəhdləri müəyyən irəliləyişlərə səbəb olmalıdır. Əslində istənilən halda pessimizm danışıqlar prosesinə mənfi təsir göstərəcək. Lakin ayıq başla və təmkinlə düşünsək, görərik ki, danışıqlar prosesi özü yaxşı haldır. Müharibə yoxdur, qan tökülmür, qurbanlar verilmir – bu, artıq yaxşıdır. Və hər şey belə söyləməyə əsas verir ki, situasiya addım-addım nizamlanmaya doğru gedir. Bu prosesin nə zaman yekunlaşacağı məlum deyil, lakin prezidentlərin Peterburq görüşü sözsüz ki, çox vacibdir.

Andrey Areşev – Strateji Mədəniyyət Fondunun baş direktorunun müavini
Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşündən sonra erməni tərəfi öz mövqeyini daha da sərtləşdirib ki, bu da Bakının diqqətindən yayınmayıb. Nə qədər ki, münaqişə tərəfləri, həmçinin vasitəçi dövlətlər arasında kompromislər tapılmayıb, danışıqlar prosesində, o cümlədən Sankt-Peterburqda keçiriləcək Əliyev-Sərkisyan görüşündən hansısa irəliləyiş gözləmək olmaz. Əminəm ki, problemin hərbi yolla həlli tərəflərin heç birinə sərf etmir. Prinsipial irəliləyişlər yalnız vasitəçilərin aktivləşməsində, həmçinin bu münaqişənin siyasi anlamda dondurulması prosesində nəzərə çarpır. Bununla belə tərəflər arasında hərbi toqquşmaların artması, atəşkəs rejiminin müntəzəm olaraq pozulması, hər iki tərəfində hərbi təlimlər keçməsi faktlarını da gözdən qaçırmaq olmaz.

Qriqori Trofimçuk – Strateji İnkişafın Modelləşdirilməsi Mərkəzinin vitse-prezidenti

Əgər Rusiya Azərbaycanla əməkdaşlıqda bütün imkanlardan istifadə etmirsə, o zaman tale ola bilər ki, bir də belə şans nəsib etməsin. Bu münasibətlərdə hər şey, heç olmasa çox şey Rusiyadan asılıdır. Əgər Moskva Rusiya-Ermənistan-Azərbaycan üçbucağında münasibətləri nizamlamasa, o zaman situasiya Cənubi Osetiya və Abxaziyada olduğu kimi müharibə həddinə kimi inkişaf edə bilər. Rusiya mövqeyini müəyyənləşdirməlidir və bu məsələdə mövqeyi Azərbaycanın lehinə müəyyənləşdirmək Moskvanın özünə sərfəlidir. Təəssüf ki, Rusiya nə üçünsə Azərbaycanla unikal əməkdaşlıq formatlarından istifadə etmir. Moskva Azərbaycanın işğal altında olan ərazilərinin azad edilməsinə dair təşəbbüsləri irəli sürmək və səsləndirməkdən qorxmamalıdır, necə ki, bunu Türkiyə edir. Passivlik nümayiş etdirəcəyi halda digər oyunçular Moskvanı bir kənara sıxışdıra bilərlər. Rusiya həmçinin Dağlıq Qarabağın hansı statusunun onun üçün sərfəli olduğunu müəyyənləşdirməlidir. Əgər bunu müəyyənləşdirməsə, o zaman nizamlanma adlanan işlə məşğul olmağın heç bir mənası yoxdur. Azərbaycan hazırda çox uğurlu çoxşaxəli siyasət yürüdür, lakin bu çoxşaxəlilik İran məsələsində, “Nabucco” məsələsində mövqeyini qətiləşdirdikdən sonra rəsmi Bakı üçün bitmiş sayılacaq. Ermənistanın da Azərbaycanla münasibətlər qurması zəruridir, çünki obyektiv yanaşsaq, regionun aparıcı ölkəsi məhz Azərbaycandır. Qonşu dövlətlə yaxşı münasibətlər qurmaq ilk növbədə Ermənistanın milli maraqlarına cavab verir. Lakin təəssüf olsun ki, bu gün Qafqazda ərəb-İsrail tipli daimi münaqişənin yaradılması üçün Ermənistan və Azərbaycan ən yaxşı cütlükdür./APA/