Rusiya XİN: ATƏT-in seçki müşahidəçiliyində qayda-qanun yaratmağın vaxtı çatıb

Prezident sərəncamını imzaladı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”
Gənc Liderlərin növbəti təlimi Şamaxı rayonunda keçirilib
Heydər Əliyev Fondunun təşəbbüsü ilə Ağcabədidə inşa edilmiş körpələr evi–uşaq bağçasının açılışı olub

“ATƏT ölkələrində seçkilərin müşahidəsi sahəsində qayda-qanun yaratmaq zəruridir. Bu proses bütün ölkələrdə vahid qayda üzrə bərabər səviyyədə həyata keçirilməlidir”. APA-nın xəbərinə görə, bunu “RİA Novosti”yə müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Aleksey Meşkov deyib. A. Meşkov xatırladıb ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun əsas vəzifələrindən biri üzv dövlətlərdə keçirilən ümummilli seçkilərin monitorinqinin aparılmasıdır: “Bizim müşahidəçiliklə bağlı mövqeyimiz sadə və məntiqlidir. Biz hesab edirik ki, əvvəla, bütün ATƏT ölkələrində keçirilən seçkilərdə müşahidə aparmaq lazımdır, ikincisi, bu müşahidəçilik hər yerdə eyni səviyyədə həyata keçirilməlidir, üçüncüsü, müşahidəçilik iştirakçı dövlətlərin razılığı ilə vahid, razılaşdırılmış qaydalar əsasında olmalıdır. Amma hazırda heç də belə deyil. Monitorinq daha çox Vyanadan Şərqə doğru aparılır. Məsələn, Azərbaycan və Tacikistanın timsalında söhbət bir neçə yüz adamdan ibarət tam formatlı müşahidə missiyalarından gedir. Müqayisə üçün deyim ki, sentyabrın 22-də Almaniyada keçirilən parlament seçkilərini Büronun tövsiyəsi ilə cəmi 2 ekspert müşahidə edib. Bir sözlə, bu sahədə qayda-qanun yaratmağın vaxtı çatıb. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ölkələrinin ATƏT-in cavabdeh olduğu regionda keçirilən seçkilərin müşahidəsi ilə bağlı təklifi 2007-ci ildən bəri masadadır”.

A. Meşkov əlavə edib ki, bu il Rusiya və Belarusun təşəbbüsü və ATƏT-ə sədrlik edən Ukraynanın dəstəyi ilə iştirakçı dövlətlərin seçki qanunvericiliyi və praktikasının müqayisəli analizinin aparılmasına dair büdcədən kənar layihənin həyata keçirilməsinə başlanıb. O, cari ilin sonuna qədər Vyanada keçiriləcək ekspertlər konfransında bu barədə müzakirə aparılacağına ümid etdiyini bildirib.   /APA/