Rusiyanın Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub

Prezident İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib
Göyçay rayonunda Hacı Rəhim Əfəndi adına Qaraman kənd tam orta məktəbinin 115 illiyi qeyd olunub
Bakıda Ümumdünya Mətbuat Şuraları Assosiasiyasının illik toplantısı işə başlayıb

Mayın 31-də Rusiya Federasiyasının Həştərxan şəhərində Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

AZƏRTAC xəbər verir ki, açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti, Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin (RAGB-ın) sədri Leyla Əliyevanın başçılıq etdiyi nümayəndə heyəti iştirak edib.

Əvvəlcə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Rusiya Federasiyası Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin və Azərbaycan nümayəndə heyətinin üzvləri Həştərxan şəhərində ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda Ulu Öndərin abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda şəhər sakinləri ilə görüşərək səmimi söhbət edib. Burada istirahət edən həştərxanlı uşaqlara Heydər Əliyev Fondu adından hədiyyələr təqdim olunub.

X X X

Sonra Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın görüşü olub.

Qubernator Aleksandr Jilkin Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq münasibətlərinin yüksək səviyyədə olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevə Həştərxan vilayətinə göstərdiyi yüksək diqqət və qayğıya görə minnətdarlığını bildirərək qeyd edib ki, Azərbaycan dövlətinin və Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda böyük layihələr həyata keçirilib. Qubernator deyib ki, bu gün Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olacaq. Yeni mərkəz əməkdaşlığımızın, biznes əlaqələrinin daha da genişlənməsinə xidmət edəcək. A.Jilkin Mərkəzin fəaliyyətinə hərtərəfli dəstək göstəriləcəyini vurğulayaraq, yeni məkanda yeni biznes layihələrinin yaranacağına əminliyini ifadə edib. Qubernator Azərbaycan ilə elm və təhsil, səhiyyə və turizm sahələrində əlaqələrin intensiv inkişaf etdiyini diqqətə çatdırıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını qubernator Aleksandr Jilkinə çatdırıb. O, Həştərxan tərəfinin Azərbaycan-Rusiya münasibətlərinin inkişafına töhfəsini yüksək qiymətləndirərək qeyd edib ki, Heydər Əliyev Fondu Həştərxanda bir sıra layihələr həyata keçirib. Yeni görüşlər təhsil, ekologiya və digər sahələrdə yeni layihələri müzakirə etmək imkanı yaradacaq. Bizim məqsəd və məramımız eynidir. Leyla Əliyeva Həştərxana hər zaman məmnuniyyətlə gəldiyini və bu şəhərin müsbət energetikasından ruhlandığını qeyd edib. O, Həştərxan qubernatorunu Azərbaycana səfərə dəvət edib.

Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov nümayəndə heyətinə göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlər strateji xarakter daşıyır. Bu münasibətlərin inkişafında Həştərxan vilayətinin xüsusi rolu var. Son onillikdə Azərbaycan ilə Həştərxan vilayəti arasında sosial-iqtisadi, ticarət, elmi-texniki və humanitar sahələri əhatə edən sənədlər imzalanıb. Bu sənədlər bizi daha da yaxınlaşdırır, birgə fəaliyyət üfüqlərini genişləndirməyə imkan yaradır. Prezidentin köməkçisi vurğulayıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə Həştərxanda əhəmiyyətli layihələr həyata keçirilib. O, gələcəkdə bu əməkdaşlığın daha da genişlənəcəyinə əminliyini ifadə edib.

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu bu günlərdə Azərbaycanda, eləcə də Rusiyada ulu öndər Heydər Əliyevin 95 illik yubileyinin təntənə ilə qeyd olunduğunu bildirib. Səfir bu yubiley münasibətilə Bakıda “Heydər Əliyev: Şəxsiyyət. Missiya. İrs” mövzusunda tarixi-sənədli sərginin uğurla keçdiyini qeyd edib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycan ilə Rusiya arasında bütün sahələrdə əlaqələrin yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdırıb. Nazir açılacaq yeni Biznes Mərkəzinin iqtisadi sahədə əlaqələrimizin daha da inkişafına kömək edəcəyini bildirib.

Görüşdə Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov, Prezident Administrasiyasının gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri Yusuf Məmmədəliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov, Bakı şəhəri Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev və digər şəxslər iştirak ediblər.

X X X

Daha sonra Həştərxanda Azərbaycan Biznes Mərkəzinin açılışı olub.

Əvvəlcə Leyla Əliyeva və mərasim iştirakçıları Mərkəzin həyətində ağac əkiblər.

Açılış mərasimində çıxış edən Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin bildirib ki, Azərbaycan Biznes Mərkəzinin istifadəyə verilməsi Həştərxan üçün əlamətdar hadisədir. Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığı ilə Bakıda da Həştərxan Biznes Mərkəzi inşa edilir. Yeni mərkəzlər qarşılıqlı münasibətlərimizin səviyyəsini yüksəltməyə, iş adamlarının arasında əlaqələrin genişlənməsinə imkan verəcək. Qubernator Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya, Fondun vitse-prezidenti Leyla Əliyevaya Həştərxan vilayətində həyata keçirilən layihələrə görə minnətdarlığını bildirib.

İqtisadiyyat naziri Şahin Mustafayev Azərbaycanın Rusiyanın regionları ilə fəal işgüzar əlaqələr qurduğunu vurğulayıb. Azərbaycanın və Rusiyanın regionları arasında keçirilən forumların bu əlaqələrin inkişafına töhfə verdiyini qeyd edən nazir növbəti, 9-cu forumun Gəncədə keçiriləcəyini bildirib.

Son illərdə Heydər Əliyev Fondunun fəal iştirakı ilə Həştərxan vilayətində region üçün bir sıra əhəmiyyətli humanitar layihələrin reallaşdırıldığını deyən nazir bildirib ki, Həştərxanda Heydər Əliyev adına 11 nömrəli orta ümumtəhsil məktəbinin binası bərpa edilib, “Dostluq” uşaq bağçası inşa olunub, Heydər Əliyev parkı, uşaq əyləncə şəhərciyi abadlaşdırılıb, Knyaz Vladimirin abidəsi ucaldılıb. Təməli 2016-cı ildə qoyulan mərkəzin birinci mərtəbəsində qida və tekstil sənayesi, tikinti materialları və digər sahələrdə ixtisaslaşmış 30-dan çox Azərbaycan şirkətinin məhsulları sərgilənir.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin Azərbaycan Biznes Mərkəzinin rəmzi açılışını bildirən lenti kəsdilər.

Mərkəzlə tanış olan qonaqlara məlumat verildi ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq “Made in Azerbaijan” brendinin xaricdə tanıdılması istiqamətində görülən işlərdən biri də Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxanda 2016-cı ildə təməli qoyulan və bu ilin may ayından tikintisi başa çatdırılan Azərbaycan Biznes Mərkəzidir. Mərkəzin birinci mərtəbəsində “Made in Azerbaijan” brendi altında istehsal olunan məhsulların sərgi salonu yerləşir.

Həştərxanın Bakı küçəsində, Heydər Əliyevin adını daşıyan məktəblə üzbəüz inşa edilmiş beşmərtəbəli mərkəzin sahəsi 5 min kvadratmetrdir. Mərkəzdə sərgi və konfrans zalları, ofis otaqları, ticarət obyektləri, mini otel, fitnes zalı və restoranlar yerləşir. Yaradılan şərait işgüzar görüşlərin və müzakirələrin aparılmasına imkan verəcək. Həştərxanda istifadəyə verilən Azərbaycan Biznes Mərkəzində Rusiya bazarına çıxarılacaq Azərbaycan məhsullarının təşviqi planlaşdırılır. Bu məsələdə maraqlı olan Rusiya şirkətlərinin ölkəmizdə konkret təchizatçılarla uzunmüddətli müqavilələr imzalamaq imkanı olacaq. Mərkəzin yaradılması hər iki ölkənin təsərrüfat subyektləri arasında ticari-iqtisadi əlaqələrin səmərəli inkişafına kömək edəcək.

Xatırladaq ki, Azərbaycan Biznes Mərkəzinin təməlqoyma mərasimi 2016-cı ildə Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkinin və Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun iştirakı ilə keçirilmişdi. Həmin ildə Bakıda da Həştərxan Biznes Mərkəzinin təməli qoyulmuşdu.

Fəridə Abdullayeva, AZƏRTAC-ın xüsusi müxbiri

Həştərxan